Modern.az

Vəkili həbsdəki jurnalistə baş çəkdi: “İşgəncə veriblər”

Vəkili həbsdəki jurnalistə baş çəkdi: “İşgəncə veriblər”

Media

19 Sentyabr 2016, 17:25

 

Vəkil Elçin Sadıqov jurnalist Fərəməzoğluna baş çəkib. Bu haqda Modern.az-a məlumat verən vəkil müvəkkili ilə bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) görüşdüyünü bildirib.


“Jurnalist Fikrət Fərəməzoğlu ilə görüşdüm. Bütün işgəncə faktlarını təsdiq etdi. Dişlərini göstərdi bildirdi ki, işgəncə zamanı vurulan zərbələrdən ağzındakı dişləri tökülür və qoyulma dişləri zərbələrdən artıq tökülüb”.


E.Sadıqov deyib ki, jurnalistin təcili müalicəyə ehtiyac var:

“Başında, çənəsində və dişlərində dözülməz ağrılar yaranıb. Kəskin ağrılardan və yuxusuzluqdan əziyyət çəkir, təcili müalicəyə ehtiyacı var.

Təbii ki, bizə təzyiq edilir, hədə-qorxu gəlinir ki, işgəncə barədə faktları yaymayaq, onu təkzib edək. Bu təzyiqlər onun özünə, həyat yoldaşına və mənə edilir. Dəfələrlə Fikrət Fərəməzoğlunu heç bir zərurət və istintaq hərəkəti olmadan BMCMİ-yə gətirirlər”.

Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu "JAM.az" və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: "Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb". Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır