Modern.az

“O məmurlar xalqın düşmənləridir!”

“O məmurlar xalqın düşmənləridir!”

20 Sentyabr 2016, 09:02

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı qeyd edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır:

“Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir”.

Modern.az-a açıqlamasında məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, Azərbaycanın başqa dövlətlərlə müqayisədə əkinə yararlı torpaqları o qədər də çox deyil:

 

 

“Əkinə yararlı torpaqları hasarlayan məmurlar cəzalandırılmalıdır”

 

 

“Yaxşı olardı ki, əlimizdə olan yararlı torpaqlardan da tam istifadə olunsun. Vaxtilə Heydər Əliyev tərəfindən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatları keçirildi və torpaqlar əhaliyə paylandı. Aqrar siyasət komitəsi olaraq biz əminik ki, bu gün çox sayda əkinə yararlı torpaqlar məmurlar tərəfindən çəpərlənib, buna görə də onun bəhrəsini görə bilmirik.

Nəzərə almaq lazımdır ki, həmin torpaqlarda taxıldan tutmuş, meyvə-tərəvəzədək hər bir məhsul əkilə bilər. Bu gün Azərbaycan hər bir məhsulu istehsal etmək imkanına malikdir. Əgər yerli istehsalı inkişaf etdirsək, özümüzü bu məhsullarla tam təmin etməklə bərabər, idxaldan, ixraca keçə bilərik. Nəticədə ölkəyə külli miqdarda valyuta cəlb etmiş olarıq.

Cənab Prezident çox haqlı olaraq irad tutdu ki, bəziləri 99 illik müqavilə ilə hektarlarla əkinə yararlı torpağı çəpərləyib. Burda 5-10 sotdan söhbət getmir. Söhbət məmurlar, oliqarxlar tərəfindən 500-1000 hektarlarla torpaq sahələrinin hasarlanmasından gedir.

2015-ci ilin sonu 2016-cı ilin əvvəlində qanuna edilən dəyişikliklə torpağı əkməyən sahibkarların cəzalanacağı müəyyən edildi.

 

Bu gün əkin adı ilə torpaqlarda evlər tikirlər, imarətlər ucaldırlar. Bu baxımdan ölkə başçısının iradları çox yerindədir. Və Prezidentin də vurğuladığı kimi, torpaqlar geri qaytarılmalı, həmin adamlar cəzalandırılmalıdır”.

 

“Bəzi məmurlar xalqın düşmənidir”

 

Sədr müavini İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə gərgin işlər aparıldığını bildirib:

“Məhz onların araşdırması nəticəsində əkilməyən torpaqlar aşkarlanıb. Bir tərəfdən deyirik ki, əkilməyən torpaqlarda meliorasiya, irriqasiya işləri aparaq. Halbuki, bizim əkinə yararlı torpaqlarımız hasarlarda qalıb. Mən hesab edirəm ki, həmin məmurlar xalqın düşmənidir.

Cənab Prezidentin də dediyi kimi, artıq dənizdən quruya çıxmaq lazımdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da neft bumu öz mövqeyini itirib. Biz iqtisadiyyatımızı neft üzərində qura bilmərik. Ona görə də, qeyri-neft sektorunu inkişaf etdirməliyik. Biz yalnız pambıq istehsal etməklə yerli istehsalı stimullaşdıra bilərik. Pambıq əkməklə yüngül sənayeni, kənd təsərrüfatını inkişaf etdirə bilərik. Bildiyiniz kimi çiyiddən yağ alınır, bu da istifadə olunan ərzaq məhsuludur.

Mal-qaranı yedizdirmək üçün pambığın jımıxından istifadə edilə bilər. Bunun da kənd təsərrüfatı sahəsində, heyvandarlığın inkişafında çox böyük rolu var. Eyni zamanda, pambıq çöplərində mebel sənayesində geniş istifadə mümkündür. Digər tərəfdən səhiyyədə pambıq lazımlıdır. Hərbi sənayedə barıtın bir hissəsi pambıqdan düzəldilir. Bu siyahını uzatmaq da olar.

Əminəm ki, ölkə başçısının əkinə yaralı torpaqların zəbt edilməsilə bağlı verdiyi göstərişlər 2017-ci ildə həll olunacaq”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir