Modern.az

Dilqəm, Şahbaz və Həsəndən sonra Qarabağa gedənlər var?

Dilqəm, Şahbaz və Həsəndən sonra Qarabağa gedənlər var?

20 Sentyabr 2016, 09:21

Bir müddət əvvəl Dilqəm Əsgərovla Şahbaz Quliyevin işğal altındakı Kəlbəcərə gedərək öz ata-baba yurdlarını ziyarət etməsi Ermənistanda böyük qorxuya səbəb olmuşdu. Həmin vaxt onlarla birlikdə getmiş üçüncü soydaşımız  Həsən Həsənov öldürüldü, Diqəm və Şahbaz isə girov götürüldü. Onlara girovluqda ağır işgəncələr versələr də, sözlərindən dönməyərək, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildiriblər.


Dilqəm, Şahbaz və Həsəndən başqa da öz ata-baba yurdlarına getmək istəyən çox sayda azərbaycanlı var. Onlar da gizli yollarla öz qohumlarının məzarlarını ziyarətə getməyə çalışırlar.


Məsələ bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədovun sözlərinə görə, Qarabağa getmək hər bir azərbaycanlının arzusudur. 

“Yurd-yuvasından didərgin düşmüş bir insan kimi mən də torpağıma getmək istəyirəm. Mən gizlincə gedib hansısa yerləri görüb, gəlmək fikrində deyiləm. İstəyirəm ki, biz torpaqlarımızı işğaldan azad edək və doğma yurd-yuvalarımızda sönmüş ocaqlarımızı yandıraq, evlərimizi bərpa edək, tarixi abidələrimizə sahib çıxaq. O yerlərin əbədi, tarixi, əsl sahibləri olaraq torpağımızda yaşayaq. Mən belə getmək istəyirəm oralara.  Təbii ki, gizli yolla getmək də insan arzusudur. Ancaq ən səmərəlisi və üstünü mən dediyimdir. Öz torpaqlarmızı gizli, müvəqqəti deyil, daimi ziyarət etməyimiz ən yaxşısıdır. Ordumuzun gücü ilə torpağımızı işğaldan azad edib, ona sahib olmalıyıq. Allah Dilqəm və Şahbazın da qapısını qaçsın. Onlar azad olunacaqlar. Düşmənlərə sübut edəcəklər ki, torpağın sahibləri bizik və düşmənlər özlərinə yer axtarmalı olacaqlar”.


Elman Məmmədovun fikrincə, media işğal altındakı torpaqlara gizli yollarla gedən vətəndaşlarımız haqda yazmamalıdır:


“Mətbuatımızı bizim kimi, düşmən tərəf də oxuyur. Biz bu məlumatları yazmaqla onlara xəbər vermiş oluruq. Necə ki, o qardaşlarımızı girov saxlayırlar, eləcə də haqqaında məlumat topladıqları digər vətədaşlarımıza qarşı da təxribat törədə bilərlər. Bu səbəbdən deyirəm ki, elə şeylər var onu işıqlandırmaq olmaz. Qarabağla bağlı yazılarımızı sizlərin sayəsində bütün dünya oxuyur, düşmənlərimiz də oxuyur. Mətbuatımızın köməkliyi ilə düşmənlərimiz və onların havadarlarına çatdırırıq ki, bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir. Onlar oxuyanda ki, biz ora gedəcəyik, canlarına vəlvələ düşür. Biz torpaqlarımıza qayıdandan sonra oralara köçürülənlər özlərinə yer axtarmalı olacaqlar”.


Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir