Modern.az

Qəlbdəki və qələmdəki Qarabağ

Qəlbdəki və qələmdəki Qarabağ

20 Sentyabr 2016, 09:41

Düşüncələrdən qələmlərə, qələmlərdən qəlblərə....

“Qəlbdəki və qələmdəki Qarabağ” adlı layihənin İşçi Qrupu və eyni adlı kitabda yazıları yer alan müəlliflərin bir çoxunu şəxsən və ya imzalarından tanıyıram... Bax, elə burdan – bizim üçün vacib olan tanışlıq, tanımaq məsələsindən başlamaq istərdim. Hesab edirəm ki, bu mövzuda həyata keçirilən layihələrin ilk uğuru xeyli sayda yaradıcı insanın bir-biri ilə tanış olması və neçə-neçə müəllifin yaradıcılıq düşüncəsinə bizim üçün böyük önəm daşıyan bir mövzunun – Qarabağ mövzusunun təqdim edilməsidir.

Bəzən belə düşünürük ki, türksoylu ölkə və toplumlara mənsub olan insanlar, onsuz da, bizə qardaşlıq duyğuları ilə yanaşır, ona görə də əsas məsələ başqa xalqların yazarları ilə işləməkdədir və s.; lakin gəlin yadımıza salaq, “Qəlbdəki və qələmdəki Qarabağ” və buna bənzər layihələr çərçivəsində hazırlanmış bədii əsərlər, ədəbi örnəklər istisna olmaqla, neçə Qarabağ şeiri, Xocalı hekayəsi, mövzu üzrə obyektiv araşdırma, müsahibə və ya  digər janrlı yazılar haqqında danışa bilərk? – Bax, bu suala verdiyimiz səmimi cavablar durumun “necə”liyini və “harada”lığını göstərməkdədir, deyə düşünürəm.

Əlinizdəki kitabın hazırlanmasına və ərsəyə gəlməsinə zəmin olmuş layihə:

- türk ölkə və toplumlarındakı yeni nəsil qələm adamlarının timsalında, doğma Qarabağın Ermənistan işğalından qurtulmasının zəruriliyi ideyası  ilə silahlanmış yeni dostlar qazanmağımızı şərtləndirir;

- bu kitabda, eləcə də KİV-lərdə, sosial paylaşım şəbəkələrində yer almış materialların sayəsində həm respublikamızda, həm də uluslararası miqyasda müəyyən qədər ictimai fikrin qidalanmasını təmin edir;

- yeni ilişkilər, yeni işbirlikləri yaradır, bu da öz növbəsində yeni ideyaların, yeni təşəbbüs və fəaliyyət meydanının, yeni yaradıcılıq imkanlarının yaranması anlamı daşımaqdadır;

- Mövzu üzrə araşdırma aparan mütəxəssislərimiz bu layihə və konkret olaraq, bu kitabın timsalında xeyli yeni material əldə etmiş olacaq;

- Bu kitab (və ya layihə) milli donor institutlarımıza mövzu üzrə imkan və gerçəklikləri daha aydın dəyərləndirməkdə yardımçı olacaq;

- Burada yer alan yaradıcılıq nümunələri  başqa sənət sahələrini təmsil edən yaradıcı insanlar üçün də yaradıcılıq materialı rolunu oynaya bilər. – Belə ki, bir bəstəçi bir şairlə, bir rəssam bir nasirlə, bir rejissor bir başqa yazarla işbirliyi qurunca, bu ümumi işimizin xeyrinə olacaqdır...

Əlbəttə, siz oxucular bu layihənin digər faydalı xüsusiyyətlərini də göstərə bilərsiz; əsas nəticə isə ondan ibarətdir ki, “Qəlbdəki və qələmdəki Qarabağ” qəlb-qəlb, qələm-qələm, yazı-yazı, kitab-kitab yayıla, dalğalana və yeni ünvanlar qazana bilər. Mən bunun məhz belə olacağına inanıram. Çünki bizim işimiz haqq işidir! Atalarımız demişkən, “Haqq incələr, amma üzülməz”! Biz buna inanırıq və ona görə də haqqın müdafiəsi naminə əlinə qələm almış və yazısı bu kitabda yer alan hər bir müəllifə həm bir oxucu və həm də Azərbaycan parlamentinin üzvü kimi öz təşəkkürlərimi bildirirəm. Çox sağ olun ki, haqqın yanındasız; çox minnətdaram ki, Qarabağ mövzusunu qəlbinizdən və qələminizdən keçirirsiz. Qarabağın düşüncələrdən qələmlərə getdiyi yol da, qələmlərdən qəlblərə getdiyi yol da haqq-ədalət yoludur.

Yolunuz açıq, qələminiz iti, qəlbiniz fərəhli olsun!

Qarabağda – Xocalıda, Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndində, işğaldan azad edəcəyimiz digər şəhər və kəndlərimizdə görüşmək diləyi və inamı ilə,

 

Dr. Cavanşir FEYZİYEV
Millət vəkili

BAKI-2016

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi