Modern.az

Bakıdakı 254 məktəbdə açılan hazırlıq qrupları ÖDƏNİŞSİZDİR

Bakıdakı 254 məktəbdə açılan hazırlıq qrupları ÖDƏNİŞSİZDİR

20 Sentyabr 2016, 10:19

Bakının bir sıra orta məktəblərində 5 yaşlı uşaqların hazırlığa qəbulu üçün direktorlar valideynlərdən müəyyən məbləğdə vəsait tələb edir.

Məsələ ilə bağlı Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəblərdə təşkil ediləcək məktəbə hazırlıq qruplarında təhsil dövlət vəsaiti hesabına aparılacaq:

"Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və  “"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək".

 İdarədən məlumat verilib ki, məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək.

"Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. Hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişləcəyi gözlənilir”,-deyə qeyd edilib.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar aşağıdakı sənədlər əsasında qəbul ediləcəklər:

1. məktəbin direktorunun adına ərizə;

2. uşağın mübadilə vərəqəsi;

3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli


Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib. 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir