Modern.az

Eldar Sabiroğlu nazirdən kömək istədi - MÜRACİƏT

Eldar Sabiroğlu nazirdən kömək istədi - MÜRACİƏT

20 Sentyabr 2016, 13:00

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun həbsilə bağlı ədliyyə naziri, Məhkəmə Hüquq Şürasının sədri  Fikrət Məmmədova müraciət edib. Modern.az-ın məlumatına görə, o, nazirə müraciətində bildirib:

“Hörmətli Fikrət müəllim! 
08 sentyabr 2016-cı il tarixində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğlum Rüfət Səfərov CM-nin 311.3.2 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıldı. Hakim Asim Hacıyevin qanunsuz hökmünə etiraz əlaməti olaraq apellasiya şikayəti vermək niyyətindəyik.

Lakin bu günə qədər hansı səbəbdənsə hökmün surəti nə vəkil Bəhruz Bayramova, nə də təqsirləndirilən şəxs Rüfət Səfərova təqdim edilməmişdir. Mən bunu bir valideyn kimi ciddi qanun pozuntusu hesab edir və hakim Asim Hacıyevin bu aşkar qərəzini anlamaqda çətinlik çəkirəm. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, hökmün təqdim edilməsinin gecikdirilməsi vəkil Bəhruz Bayramovu hökmü almadan ilkin apellasiya şikayəti verməyə məcbur edib.


Təqsirləndirilən şəxs Rüfət Səfərovla bağlı mövcud hüquq pozuntusunun aradan qaldırılmasına və hökmün tezliklə aidiyyatı şəxslərə çatdırılmasına köməklik göstərmənizi Sizdən xahiş edirəm.
Hörmətlə, Eldar Sabiroğlu”.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasını təmin edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər