Modern.az

Köçkün uşaqların doğum şəhadətnəmələrində itirilən yurdlar

Köçkün uşaqların doğum şəhadətnəmələrində itirilən yurdlar

21 Sentyabr 2016, 15:38

Bu gün Azərbaycanda məcburi köçkün övladlarının doğum şəhadətnamələrində yer olaraq onların dədə-baba yurdu göstərilmir. Bunun əksinə olaraq, ölkəmizin işğal olunmuş rayonlarında süni şəkildə məskunlaşdırılan, hətta xaricdən gətirilən ermənilərin övladlarının “metirka”larında doğulduğu yer kimi elə Azərbaycan rayonlarının adları yazılır.

Biz bununla köçkün uşaqların doğum şəhadətnəmələrində yurd yerlərimizi itiririk.

 

Milli Məclisin əslən Qarabağdan olan deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

Parlament üzvü bildirib ki, harada anadan olmasına baxmayaraq, uşaq, valideynlərinin sakini olduğu rayonun sakini kimi qeydiyyata götürülür:

“Məcburi köçkünün uşağı doğulursa və o, məsələn, Ağdam, yaxud Xocalı sakinidirsə, qeydiyyata elə də götürülür. Məsələn, Ağdam rayonun Mərzili kənd sakini, yaxud Xocalı rayonun Cəmilli kənd sakini və s.

Fərdin şəxsiyyət vəsiqəsində qeyd olunan yer, onun məskunlaşma yeridir. Amma körpə harada doğulubsa, yer olaraq ora da göstərilməlidir. Faktiki olaraq harada məskunlaşıbsa, yaşadığı yer də ora göstərilir. Çünki uşaq işğal altındakı yerdə doğulmayıb. Sakin kimi doğuldu gündən valideynlərinin yaşadığı rayonun sakinidir və əhalinin siyahısında qeydə alınır.

Əgər proses bu cür olmasa, biz, sakinlərimizi itirərik. Dövlətimiz bunun üzərində çox ciddi düşündü. Biz də bu məsələlərdə maraqlı olduq. 1990-cı illərdə hakimiyyət boşluğu zamanı, stabillik bərqərar olmayanda qeydiyyat məsələsində bəzi problemlər olmuşdu.

İndi isə bu məsələlər çox dəqiqdir. Biz Xocalıdan məcburi köçkün düşəndə əhalinin sayı12 min nəfərə çatmırdı. Bu gün isə Xocalı sakinlərinin sayı 16 mini keçib. Demək harada doğulmasından asılı olmayaraq vətəndaşlar Xocalı sakini kimi qeydiyyata düşür və əhalinin siyahıya alınmasında da o cür gedir. Eləcə də digər məcburi köçkünlər”.

 

“Ağdərənin rayon statusu bərpa olunmalıdır”

 

E.Məmmədov Ağdərə rayonun statusunun bərpa olunmasının vacibliyini də vurğulayıb:

“Bu, çox vacib məsələdir. Mən dəfələrlə təklif etmişəm ki, Ağdərənin statusu bərpa olunsun. Bu gün Ağdərənin bir hissəsi Ağdama, bir hissəsi Kəlbəcərə, bir hissəsi də Tərtərə verilib.

Qayıdış olan vaxt, beynəlxalq təşkilatlar düşmənlərimizin təşəbbüsü ilə elə bir məsələ ortaya atar ki, kim Ağdərə sakindirsə rayona o buraxılar. Görün bu zaman necə çətin situasiya ilə üzləşə bilərik. Baxacaqlar ki, “sən Tərtər sakinisən buraxmırıq Ağdərəyə”.

Baxın, belə vacib məqamlar var. Ona görə də tez-tez bu kimi məsələləri işıqlandırıb insanları məlumatlandırmalıyıq”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir