Modern.az

Qarabağın yanan tarixi, ac alimlər, iş adamlarının ulduzlaşdırdığı müğənnilər...

Qarabağın yanan tarixi, ac alimlər, iş adamlarının ulduzlaşdırdığı müğənnilər...

21 Sentyabr 2016, 15:55

Etiraf etməliyik ki, son 30 ildə Qarabağ tarixinin tanıdılması istiqamətində ciddi işlər görülməyib. Baxmayaraq ki, Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda “Qarabağ tarixi” şöbəsi var. Təəssüf ki, tariximizin dünyaya çatdırılması baxımından nə tarix institututnun, nə də bu şöbənin də fəaliyyəti nəzərə çarpır.

 

Baxmayaraq ki, tarixçi alimlərimiz bu sahədə hər şeyin yüksək səviyyədə olduğunu deyir, amma dünya miqyasında tariximizin tanıdılması məsələsinə gələndə hər şey  sual altında qalır. Boş təriflə, bir növ başımızı yastığa qoya-qoya bir də görürük ki, işğalçı dövlət beynəlxalq arenada meydan sulayır.

 

Tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Modern.az-a açıqlamasında səslənən fikirlərə aydınlıq gətirib:

“Bu məsələ ilə bağlı hər şeyi Milli Elmlər Akademiyasının üzərinə atmaq doğru olmaz. Baxmayaraq ki, akademiyanın fəaliyyətini o qədər də qənaətbəxş hesab etmirəm. Düşünürəm ki, öncə akademiyanı kənardan müşahidə etmək lazımdır. İşçilərə verilən əmək haqlarının aşağı olması müqabilində, akademiyanın Tarix İnstitutunda Qarabağ tarixi ilə bağlı kifayət qədər ciddi əsərlər yazılaraq ortaya qoyulub, ciddi dissertasiya mövzuları müdafiə olunub. Yəni Azərbaycan alimləri onlara verilən az əmək haqqının müqabilində çox iş görüblər. Sadəcə, bu əsərlərin dünya çapına çıxmasında problemlər var. Avropa Azərbaycan Cəmiyyətindən başqa bu əsərləri dünya çapına çıxarmağa kimsə çalışmır”.

 

Tarixçi alimin sözlərinə görə, bu işlərin həyata keçirilməsində maddiyyat mütləq nəzərə alınmalıdır:

“Eyni zamanda yazılan əsərləri əcnəbi dillərə - ingilis, rus, alman, fransız və s. dillərə tərcümə edib beynəlxalq arenaya çıxarmaq lazımdır. Bunun üçün maliyyə olmalıdır. Digər tərəfdən, hər şey maddiyyatın üzərində  deyil. Burada uğurlu təqdimatdan da çox şey asılıdır. Azərbaycan mətbuatında akademiyanın fəaliyyəti heç də yüksək səviyyədə deyil. Ona görə də ilk növbədə mətbuat bu məsələləri müntəzəm olaraq işıqlandırmalıdır. Akademiya deyəndə ancaq akademiyanın rəhbərliyinin fəaliyyətinə nəzər salırıq. Halbuki Akademiyanın digər institut və bölmələrində, o cümlədən “Qarabağ tarixi” şöbəsində kifayət qədər sanballı alimlər var”.

 

Cavid İsmayıl bildirib ki, akademiyadakı problemlərlə bağlı iş  adamlarına ümid bəsləmək olmaz:

“Ciddi sahələrə maliyyə yardımlarının göstərilməməsinin səbəbləri bəllidir. Alimlər, kitab yazanlar iş adamlarının maraqlarında deyil. Halbuki dünən müğənnilik fəaliyyətinə başlayanların altına bahalı maşın, ev alıb qoyan oğlanlar, əmilər, dayılar var. Amma onlar Qarabağ tarixi ilə bağlı isə hər hansı bir formada iş görməyə can atmırlar. O tip insanlara əyləncə lazımdır. Onlar da əyləndirənlərə maliyyə ayırırlar. Bu məsələdə iş adamlarının insafına ümid bağlasaq, ciddi şəkildə geri qalacağıq. Ona görə də bu məsələdə dövlət öz iradəsini ortaya qoymalıdır. Azərbaycan tarixi ilə bağlı yazılan kitablar çox məhdud tirajla çap olunur. Bu kitablar maraqlanan adamların hamısına çatmır. Xatırlayırsınızsa, köhnə ədəbiyyat latın qrafikasında dövlət dəstəyi ilə çap olundu. Dövlət tərəfindən bu sahəyə ciddi maliyyə ayrıldı. Qarabağ tarixi ilə bağlı dərc olunmuş kitabları bir daha ciddi nəzarətdən keçirmək şərti ilə yenidən müxtəlif dillərdə çapına başlanılmalıdır. Bu məsələdə dövlətdən başqa umacağımız yer yoxdur”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi