Modern.az

Baş redaktorlar Prezident sərəncamının “onlayn” mediaya təsirindən DANIŞDILAR

Baş redaktorlar Prezident sərəncamının “onlayn” mediaya təsirindən DANIŞDILAR

Media

21 Sentyabr 2016, 17:18

Dünən prezident  İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Bu sərəncamdan sonra online medianı nə gözləyir?


Modern.az
 saytı bununla bağlı bəzi KİV rəhbərlərinin fikrini öyrənməyə çalışıb.


APA Holding-in rəhbəri Vüsalə Mahirqızı hesab edir ki, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda online medianın da inkişafına dəstək verilməsinin nəzərdə tutulması çox diqqətəlayiqdir.


“Hələ ötən il cənab prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşərkən “onlayn” medianın inkişafı, xüsusilə xarici dilli resursların gücləndirilməsi, “onlayn” mediada peşəkarlığın artırılması istiqamətində öz fikirlərini və tövsiyyələrini söyləmişdi. Bu məsələyə hökumətin diqqət göstərməsi “onlayn”  mediaya əlavə immunitet verir. Düşünürəm ki, hökumətin dəstəyi xüsusilə “onlayn” medianın fəaliyyəti üçün alt bazanın, infrastrukturun yaranmasına kömək edə bilər. Nəzərə alaq ki, “onlayn”  medianın fəaliyyət göstərdiyi infrastrukturun möhkəm və təhlükəsiz olması həm də ümumilikdə ölkənin milli və informasiya təhlükəsizliyinin tərkib hissəsidir. Hazırda “onlayn” medianın dəstəyə ehtiyacı olan bir neçə sahəsindən biri də güclü və təhlükəsizlik prinsiplərinə maksimum xidmət edən alt bazanın formalaşdırılmasıdır. Eyni zamanda, Dövlət Proqramı texniki təchizatın yaxşılaşdırılması, peşəkarlığın artırılması, “onlayn” medianın sosial şəbəkələrlə inteqrasiyası üçün addımlar atılması üçün kadrların hazırlanmasına da dəstək ola bilər. Mən bu sahədə fəaliyyət göstərən şirkətin rəhbəri olaraq dəstəyə görə görə təşəkkür edirəm”.


Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov deyir ki, Dövlət Proqramında nəzərdə tutulan məsələlər əslində çox geniş sahələri əhatə edir.


“Söhbət ondan gedir ki, informasiya cəmiyyəti texnokrat bir cəmiyyət  modelidir. Və bu modelə keçid üçün müəyyən texnoloji səviyyə tələb olunur. Dövlət Proqramında nəzərdə tutulan işlər həmin səviyyəni yaradacaq. Bu gün bizdə “internet” deyiləndə əsasən “onlayn” media, sosial şəbəkələr, ünsiyyət proqramları və qismən “onlayn”  biznes nəzərdə tutulur. Halbuki, müasir dünyada internet daha geniş sahələrdə tətbiq olunur. İKT sahəsində qurulan firmalar və biznes “start-up”ları Qərb ölkələrdə ÜDM-in samballı hissəsini verir. Keçid etdiyimiz postneft dövrü iqtisadiyyatı üçün ciddi bir istiqamətdir. Azərbaycanda internetin keyfiyyətində qüsurlar var, kənd yerləri isə şəbəkələyə qoşulma sarıdan şəhərdən çox geri qalır. Qarşıdakı 5-6 il ərzində bu məsələnin həllini tapması ölkə əhalisinin daha çox hissəsinin internetə çıxışını təmin edəcək. Bu, “onlayn”  media üçün yeni imkan deməkdir. Çünki internetə daxil olmayan insan “onlayn”  media üçün yox sayılır. Yalnız internetə qoşulan insan bizim potensial oxucumuz ola bilər. Və əgər insanların internetə qoşulması çoxalır, asanlaşır, ucuzlaşırsa, demək, o“onlayn” medianın öz oxucu əhatəsini genişləndirməsi üçün ciddi şans yaranır.Düzdür, bu gün də faiz göstəricisi olaraq Azərbaycanda internetə çıxışı olan insanlar kifayət qədərdir. Amma hansısa kənddə “meqabayt” alıb, telefonla internetə girən adam “onlayn”  medianın oxucusu deyil. Onun evində internetə qoşulmuş modemin mövcudluğu isə vəziyyəti dəyişəcək. Düşünürəm ki, bu səbəbdən, qarşıdakı 4-5 ildə saytların oxucu bazası xeyli arta bilər”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı