Modern.az

Prezident Administrasiyası Nazirlər Kabinetini tənqid etdi

Prezident Administrasiyası Nazirlər Kabinetini tənqid etdi

21 Sentyabr 2016, 17:46

“Biz Venesiya Komissiyası ilə həmişə bir-birimizin rəyinə hörmətlə yanaşmışıq. İndiyə qədər Venesiya Komissiyasının üç aydan tez hər hansı qanun layihəsinə rəy yazması halına rast gəlməmişəm”.

 

Modern.az-ın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Administrasiya rəsmisi bildirib ki, hər hansı qanun layihəsinə rəy verməzdən öncə Azərbaycan tərəfinin mövqeyi öyrənilməlidir:

 “Ancaq referendum layihəsi ilə əlaqədar bu prosedur pozulub. Bu rəy sentyabrın 6-da AŞPA prezidentinin sorğusu əsasında cəmi iki həftə müddətində hazırlanıb.

 

Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb, biz fakt qarşısında qoyulmuşuq”. 

 

Ş. Əliyev söyləyib ki, rəydə kifayət qədər qeyri-dəqiqliklər var, hətta kobud səhvlərə rast gəlinir:

 

“Məsələn, rəyin 25-ci bəndində Konstitusiyanın 159-cu maddəsinə istinadən edilir, ancaq Konstitusiyamız cəmi 158 maddədən ibarətdir, 159-cu maddə yoxdur. Əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət referendum aktı qəbul edilsə, təsis olunacaq vitse-prezidentlər institutundan gedir.

 

Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik institutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident öz səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir.

Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir, heç kim də bunu qeyri-demokratik adlandırmır”. 

 

Ş. Əliyev Nazirlər Kabinetinin ölkədə islahatların lokomotivinə çevrilə bilmədiyi barədə mətbuatda dərc olunan tənqidlərə də toxunub:

 

“Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”.

 

PA-nın şöbə müdirinin sözlərinə görə, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır:

 

“Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Məsələn, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər”.

 

Şöbə müdiri Fransada prezidentlik müddətinin 7 il olduğunu söyləyib:

 

“Digər irad prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsidir. Prezidentin özünəinam votumu ilə bağlı səlahiyyəti olmalıdır. Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır. İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi. 

AŞPA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm.Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi