Modern.az

Avropa İttifaqından Azərbaycanla bağlı BƏYANAT

Avropa İttifaqından Azərbaycanla bağlı BƏYANAT

21 Sentyabr 2016, 17:53

Xəbər verildiyi kimi bu günlərdə Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi  üzvlərindən ibarət  nümayəndə  heyəti ölkəmizdə səfərdə olub.

Modern.az xəbər verir ki, səfər  çərçivəsində avropalı parlamentarilər ölkə Prezidenti  İlham Əliyevlə,  Milli Məclisin Sədri cənab Oqtay Əsədovla, Parlament  Əməkdaşlıq  Komitəsinin Azərbaycan  tərəfdən olan nümayəndələri ilə  görüşlər keçirmiş, ölkəmizin Xarici İşlər və İqtisadiyyat  nazirliklərində olublar.  

Səfər  çərçivəsində keçirilən  görüşlərdə  Avropa İttifaqı - Azərbaycan, Avropa  Parlamenti - Milli Məclis münasibətləri  barədə  açıq, səmimi,  konstruktiv  fikir  mübadiləsi  aparılıb. Tərəflər  münasibətlərin  bərpası üçün göstərilən  səyləri yüksək  dəyərləndirib, Avropa  Parlamenti  tərəfindən  müəyyən  siyasi  qrupların mənafelərinə  xidmət edən qərəzli sənədlərin  qəbul edilməsinin münasibətlərimizə xələl  gətirdiyini vurğulayıb.

 

Bunun  gələcəkdə  baş verməməsi  üçün Avropa Parlamenti tərəfindən lazımi addımların  atılmasının vacibliyini  qeyd ediblər.

 

Tərəflər mövcud geosiyasi reallıqları, ölkəmizin regiondakı rolunu və təsir imkanlarını nəzərə alaraq, Azərbaycan nümayəndə heyətinin artıq bir ildir ki, Avropa Parlamentinin tədbirlərində iştirak etməməsini çox böyük təəssüf hissi ilə bildiriblər.

 

Avropalı deputatlar Milli Məclis nümayəndələrinin bundan sonra Avropa Parlamentinin bütün qurumlarında iştirak etmələri üçün lazımi şərait yaradacaqlarına vəd veriblər.

 

Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ probleminin həlli haqqında fikir mübadiləsi aparılıb, Avropa Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə dəstəklənməsi yüksək qiymətləndirilib. .

 

Milli Məclisin Avronest Parlament Assambleyasında  fəaliyyətini  bərpa  etmək  üçün  tərəflər  avropalı  parlamentarilər  tərəfindən  göstərilən  son cəhdləri  təqdirəlayiq  hesab  etmiş, bu məqsədin reallaşması üçün təşkilatın (AP-nın) gərəkli  addımlar  atmasının  vacibliyini  vurğulayıblar.   

Səfərin  nəticəsi kimi Aİ - Azərbaycan Parlament  Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Səməd Seyidov tərəfindən birgə bəyanat imzalanıb.

 

Bəyanatın mətnini  təqdim edirik:

 

21 Sentyabr 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi Bakıda görüşüb. Avropa Parlamentinin heyəti cənab Səyyad Kərim (Mühafizəkarlar və İslahatçılar qrupu), xanım Heydi Hautala (Yaşıllar qrupu), cənab Alberto Sirio (Avropa Xalq Partiyası), cənab Andreys Mimikins (Sosial-Demokratlar qrupu), xanım Ramona Manesku (Avropa Xalq Partiyası) və xanım İveta Qriquldan (Liberal-Demokratlar qrupu) ibarət olub. Milli Məclisin heyəti isə cənab Səməd Seyidov, cənab Fuad Muradov, cənab Cavanşir Feyziyev, xanım Ülviyyə Ağayeva və cənab Asim Mollazadədən ibarət olub.

 

Parlament Əməkdaşlıq Komitəsi 2012-ci ildən bəri görüşmürdü. Bu səfərin öncəlikdə olan məqsədi Avropa Parlamenti ilə Milli Məclis arasında əlaqələrin hazırki əsaslarını konstruktiv şəkildə gözdən keçirmək üçün gələcək dialoqun bərpa edilməsi və asanlaşdırılması və bunun Aİ-Azərbaycan münasibətlərində birbaşa əks etdirilməsi olub. Açıq dialoqun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri cənab Oqtay Əsədov, Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, İqtisadiyyat naziri cənab Şahin Mustafayev ilə də görüşlər keçirilib.

Parlament Əməkdaşlıq Komitəsi və bütün digər əlaqələr qarşılıqlı anlaşmanın olduğu sahələrin müəyyən edilməsinə, anlaşılmazlıqların meydana gəldiyi sahələrin təhlilinə imkan yaratmıış və hər iki tərəfin bölüşdüyü ortaq baxışları formalaşmasını təmin edib.

 

Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fikirlərin aydın, tənqidi və konstruktiv şəkildə ortaya qoyulmasını təqdirlə qarşılayır. Prezidentin Avropa Parlamentinin 10 sentyabr 2015-ci ildə qəbul etdiyi 2015/2840(RSP) saylı Qətnaməsi və Milli Məclisin 14 sentyabr 2015-ci il tarixli Qərarı və bunların Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərə təsirləri bağlı dediklərini xüsusilə diqqətə alırlar.

Avropa Parlamentinin nümayəndə heyəti artıq bir ildir Avropa Parlamenti ilə Milli Məclis arasında heç bir dialoqun olmamasından təəssüf hissi duyduğunu ifadə edir. Hər iki tərəf normal dialoqun bərpa edilməsi üçün addımların ən sürətli şəkildə atılacağına ümid edir.

 

Həmsədrlər həmçinin Avropa Parlamenti ilə Milli Məclis arasındakı münasibətlərin qırılmasına gətirib çıxaracaq şəraitin gələcəkdə heç bir halda yaranmaması üçün gərəkli tədbirləri görməklə bağlı razılığa sadiq olduqlarını ifadə edir.

 

Biz bugün Azərbaycanın üzləşdiyi geosiyasi reallıqları və çağırışları, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çağırışı aydın şəkildə başa düşürük və qəti şəkildə ifadə etməkdən məmnunluq duyuruq ki, Avropa Parlamentinin 20 may 2010 və 23 oktyabr 2013-cü il tarixlərində qəbul olunmuş Qətnamələrində və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı Qətnamələrində də vurğulandığı kimi, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyir.Həmsədrlər Avronest Parlament Assambleyasının Milli Məclisi təşkilata qaytarmaqla bağlı son cəhdlərini və öhdəliyini yüksək qiymətləndirir.

 

Həmsədrlər Avronest Parlament Assambleyasını Milli Məclisin qarşılıqlı hörmət, bərabətlik və qarşılıqlı anlaşma əsasında təşkilata qayıtması üçün özünün prosedur qaydaları gözdən keçirməyə və gərəkli islahatları reallaşdırmağa çağırır.

 

Həmsədrlər nəticəyə nail olmaq üçün bütün lazımlı köməkliyi göstərməyə hazırdır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?