Modern.az

Deputatlar və jurnalistlərin tələbələrlə silsilə görüşü keçiriləcək

Deputatlar və jurnalistlərin tələbələrlə silsilə görüşü keçiriləcək

Parlament

31 May 2016, 18:04

Gələn aydan etibarən Bakının bir sıra universitetlərində tələbələrin parlament jurnalistləri və peşəsi jurnalist millət vəkilləri ilə geniş tərkibli görüşlərinə start verilir. Modern.az saytı xəbər verir ki, tədbirlərdə Milli Məclis üzvləri, KİV rəhbərləri, ictimai xadimlər, QHT rəhbərləri iştirak edəcəklər.

Parlament (Tərəfsiz) Jurnalistləri Birliyinin təşəbbüsü ilə təşkil olunacaq görüşlərdə əsas məqsəd sosial mediada davranış qaydalarını müzakirə etmək, aktiv internet istifadəçiləri və bloqqerlərin etik normalara əməl etməsinə yardımçı olmaqdan ibarətdir. Eyni zamanda deputatlarla tələbələr arasında münasibətlərin istiləşməsi də qarşıya qoyulan hədəflərdəndir. Görüşlərin təşkilində əsas məqsəd sosial mediada mədəniyyətsiz və mənəviyyatdan uzaq paylaşımların, dövlətçiliyimizə əks təbliğatın aparılmasının qarşısını almağa yardımçı olmaqdır. Heç kəsə sirr deyil ki, Facebook-da iri oxucu kütləsi olan səhifələr var. Burada paylaşılan hər status az qala dərhal on minlərlə insan tərəfindən oxunur. Bu, bir tərəfdən fikir azadlığının təzahürü olsa da, digər tərəfdən çox ciddi təbliğat vasitəsidir və ələlxüsus gənclər üçün müəyyən təhlükə doğura bilər. 

Bəzi insanlar kompüter arxasında fikirlərini sərhəd tanımadan ifadə edirlər, kobud, hətta təhqiramiz söyüşlərə əl atacaq qədər sərbəstləşir, pis ifadələrdən istifadə etməkdən çəkinmirlər. Bu zaman nəinki etik dəyərlər, bəzən heç qanun tələblərinə də məhəl qoyulmur: insanların özəl həyatına müdaxilə olunur, ictimai şəxslər təhqir edilir, dövlət simvollarına sayğısızlıq nümayiş etdirilir. Və bu məsələləri qanun normaları ilə həll etmək mümkün deyil. Çıxış yolu yalnız maarifləndirməni gücləndirməkdən ibarətdir. Parlament (Tərəfsiz) Jurnalistləri Birliyi bu cür halların qarşısının alınması, bu məsələ ilə bağlı gənclər arasında maarifləndirmə aparmaq məqsədilə bir sıra təşəbbüslər həyata keçirəcək. Layihədə yeni media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin, etik normaların pozulması və bu vəziyyətdən çıxış üçün təklif olunan təşəbbüslərdən bəhs edilir. Layihənin məqsədi internetdə aktiv olan gənclər, bloqqerlər, yeni media nümayəndələrinin ictimai məsuliyyət hissinin inkişafına yardım etməkdən ibarətdir. Layihə boyunca parlament jurnalistlərinin köməyilə tanımış siyasətçilər, ictimai xadim və bloqqerlərlə birlikdə universitetlərdə, regionlarda geniş tərkibli müzakirələr təşkil olunacaq.

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən layihədə iştirak üçün xarici ölkələrdən olan mütəxəssislər, dünya miqyaslı nüfuzlu nəşrlərin təmsilçiləri dəvət olunub. Onlar internetdə və sosial şəbəkələrdə aktiv olan, kütləvi izləyici sayı olan Facebook səhifə sahibləri, bloqqerlərlə görüşüb dünyada mövcud problemin həlli ilə bağlı praktika haqqında danışacaqlar.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı