Modern.az

Horadizdə dağıdılan 7 küçə yenidən qurulub

Horadizdə dağıdılan 7 küçə yenidən qurulub

22 Sentyabr 2016, 10:40

Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər.

“Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”,  “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq”.

Modern.az xəbər verir ki, bu fikirlər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsinin yenidən bərpa olunaraq istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə  bildirilib. Küçənin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışıb.  Bildirib ki, son illər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 7 küçədə abadlıq-quruculuq işləri görülüb, həmin küçələr əslində yenidən qurulub. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilib, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, işıqforlar quraşdırılıb, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtüyü salınıb.

Alı Alıyev qeyd edib ki, işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi əslində tam yenidən qurulub, küçəyə asfalt örtüyü salınıb, yeni istinad divarları hörülüb, küçə boyu səkilər yenidən qurulub, kiçik su arxları yenidən tikilib, müasir işıqlandırma sistemləri tətbiq edilib, ağac əkilməsi üçün yerlər hazırlanıb. 


Açılış mərasimdə çıxış edən Horadiz şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu