Modern.az

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd edib

Mətbuat Şurası Mətbuat Nizamnaməsinin 90 illiyini qeyd edib

Media

30 Oktyabr 2009, 19:03

Oktyabrın 3-da Mətbuat Şurasının təşəbbüsü ilə «Mətbuat Nizamnaməsi 90: keçmişdən bu günə dəyişən reallıqlar» mövzusunda dəyirmi masa keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Xalq Cumhuriyyəti dönəmində qəbul olunmuş Mətbuat Nizamnaməsinin 90 illiyi ilə bağlı ölkənin bir sıra tədris müəssisələrindən geniş mərasimlərin keçirildiyini bildirib. Nizamnamədə əksini tapan prinsiplərlə bağlı məlumat verən Şura sədri sənədin müasir dövrümüz üçün də aktual səciyyə daşıdığını vurğulayıb.

BDU-nun jurnalistika fakultəsinin mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev AXC dövründə qəbul olunmuş sənədi mühüm tarixi zərurət kimi dəyərləndirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası daxilində baş verən ictimai-siyasi proseslər söz və mətbuat azadlığına da təsir göstərmişdi. Nəticə etibarilə 1918-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu meyllər daha da güclənmişdi: «Amma bu o demək deyildi ki, Mətbuat Nizamnaməsi asanlıqla qəbul olunan sənəd idi. Hər fəslinin üzərində ciddi müzakirələr getmişdi. Nizamnamənin demokratik ab-havası dövrün ziyalılarının xarakterinə də təsir göstərmişdi».

BDU-nun jurnalistika fakultəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışında diqqəti Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etdiyi 1991-ci ildə baş verən proseslərə yönəldib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan jurnalistləri məhz bu Nizamnaməyə güvəndilər və ona istinad etdilər. C.Məmmədli sənədin ən mühüm xüsusiyyətlərindən biri kimi orada senzuranın nəzərdə tutulmamasını vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Mətbuat Nizamnaməsinin KİV sahəsindəki mövcud qanunvericilik aktları üçün başlıca mənbə rolu oynadığını vurğulayıb. «Diqqət yetirsəniz, Mətbuat Şurasının Nizamnaməsinin, həmçinin ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif prinsip və bəndlərində Xalq Cumhuriyyəti dövründə ərsəyə gəlmiş bu mühüm sənədə kifayət qədər istinad edilib», - deyə o bildirib.  B

DU-nun dosenti Nəsiman Yaqublu bildirib ki, Mətbuat Nizamnaməsinin meydana çıxması cumhuriyyət dövrü istiqlal bəyamnaməsinin 4-cü bəndindən irəli gəlib. Həmin vaxtadək görkəmli mütəfəkkirlərin çıxışlarında söz və mətbuat azadlığı ilə bağlı geniş məqamlar yer alıb. Sənəd məhz onların fikirlərinin məhsulu kimi böyük əhəmiyyətə malikdir. 

«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxışında həmin vaxtadək Şərqdə belə bir Nizamnamənin mövcud olmadığını deyib. Sənədin mütərəqqi xüsusiyyətlərindən söz açan baş redaktor onun yenidən çap edilməsi və yayılması təklifini irəli sürüb. 

«Xalq cəbhəsi» qezetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Nizamnaməsində əksini tapan məsələlərin sonradan qardaş Türkiyə Cumhuriyyətindəki analoji sənədlərdə də özünə geniş yer tapdığını vurğulayıb.  

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu və başqalarının fikirlərində Mətbuat Nizamnaməsinin müasir dövrümüzü üçün də aktual səciyyə daşıyan xüsusiyyətləri ətraflı təhlil olunub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir