Modern.az

“Günahkar Nazirlər Kabineti, Bakı meriyası və məmurlardır” - Deputatdan sərt AÇIQLAMA

“Günahkar Nazirlər Kabineti, Bakı meriyası və məmurlardır” - Deputatdan sərt AÇIQLAMA

23 Sentyabr 2016, 13:14

Azərbaycanda 1 il bundan öncə qəbul olnumuş “Reklam haqqında” qanuna ciddi dəyişiklər ediləcək.

Bəs görəsən 1 yaşını təzəcə qeyd etmiş qanuna belə tez bir zamanda ciddi dəyişiklər edilməsi hansı zərurətlərdən meydana çıxıb?

Məsələ ilə bağlı Modern.az-a “Reklam haqqında” qanunun həmmüəlliflərindən olan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov danışıb.

 
“Nazirlər Kabineti normativ hüquqi sənədləri vaxtında hazırlamadı”

 

Deputat bildirib ki, bu qanuna belə tez bir zamanda ciddi dəyişiklər edilməsinin əsas günahları Nazirlər Kabinetidir:

“Reklam haqqında” qanun 1 ilə yaxındır ki, qəbul olunub. Nazirlər Kabineti bu qanuna uyğun olaraq reklamla bağlı normativ hüquqi sənəd hazırlamalı idi və reklama məsul bütün şəxslər, orqanlar dəqiqliklə göstərilməli idi.

Amma bu sənədi hazırlamadılar. Ona görə də bu, qanunda yenidən əsaslı dəyişiklər edilməsi zərurəti yarandı”.

 

“Hökumət qurumları və Bakı meriyası reklam bazarında at oynadırlar”

 

Vahid Əhmədov deyib ki, Azərbaycan Reklamçılar İttifaqı bu gün bazara buraxılmır və hər şeydən kənarda saxlanılıb:

“Hələ 1990-cı illərdən fəaliyyət göstərən Azərbaycan Reklamçılar İttifaqı bazara buraxılmır. Bu gün reklam bazarında dövlət və hökumət qurumları, xüsusilə də Bakı Şəhər İcra Hakimiyyəti at oynadır, qanunsuz şəkildə istədiklərini edirlər.

Azərbaycan Reklamçılar İttifaqı bu gün faktiki olaraq QHT olsa da, hər şeydən kənarda qalıb və heç nəyə müdaxilə edə bilmir. Dünya Reklamçılar İttifaqı Azərbaycanda yalnız Azərbaycan Reklamçılar İttifaqını reklam sahəsində ciddi təşkilat kimi qəbul edir və öz işlərini də bu təşkilatla görmək istəyir.

Amma çox təəssüf ki, Azərbaycan Reklamçılar İttifaqının ölkədə heç bir yerdə adı yoxdur və qurum bu işlərdə yaxından əməkdaşlığa cəlb olunmur”.

 

“Reklam bazarında məmurlar istədiklərini diktə edirlər”

 

Millət vəkili vurğulayıb ki, Azərbaycanın reklam bazarında məmurlar istədiklərini diktə edirlər:

“Azərbaycanın reklam sahəsində biabırçılıqlar çoxdur. Açığını deyim ki, reklam sahəsinə aid qanunvericilik olsa da, bu, heç bir formada tənzimlənmir. Reklam sahəsində ciddi şəkildə qanundankənar əməllər var.

Biz Milli Məclisin plenar iclasında da reklam məsələsini xüsusi olaraq ciddi şəkildə müzakirə edəcəyik.

“Reklam haqqında” qanunda reklama nəzarət mexanizmi aydın şəkildə göstərilib. Dövlət və QHT-lər hansı formada reklama nəzarət etməlidirlərsə, qanunvericilikdə bu, öz əskini tapıb.

Amma çox təəssüf ki, bizdə məmurlar özləri buna əməl etmirlər. Bu gün məmurlar öz istədikləri kimi diktə edirlər. Ona görə də “Reklam haqqında” qanun da çox zəif fəaliyyət göstərir.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı