Modern.az

Qaxda Qarabağ əlillərinə 3 yeni ev verildi

Qaxda Qarabağ əlillərinə 3 yeni ev verildi

24 Sentyabr 2016, 12:29

 Əmək və Sosial Müdafiə Nazirliyi Qax rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinə təhvil verib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az verilən məlumata görə, evlərin təqdim olunması tədbirində Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin sosial inkişaf kursunun hər bir ölkə vətəndaşının, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğulayıb.

 

Bildirilib ki, bu təbəqələrdən olan insanların maddi təminatlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmaqla yanaşı, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, yeni mənzillərlə təminatı sahəsində də məqsədyönlü işlər aparılır.

 

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq, cari ildə  30-a yaxın rayonda 119 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası və Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edilib. Bununla da Nazirlik tərəfindən cari ilin ötən dövründə 152 nəfəri Qarabağ müharibəsi əlili, 85-i isə şəhid ailəsi olmaqla, ümumilikdə 237 nəfərin yeni mənzillərlə təminatı həyata keçirilib.

 

“Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək. Hazırda Qax rayonunda 3 fərdi yaşayış evi istifadəyə verilməklə yanaşı, bu rayonda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün daha 2 fərdi yaşayış evinin tikintisi də planlaşdırılır”, - deyə məlumatda vurğulanıb.

 

Tədbirdə çıxış edənlər ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə aparılan uğurlu islahatların eyni zamanda sosial müdafiə tədbirlərinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər ümumən ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

  

Daha sonra yeni istifadəyə verilən evlərə baxış olub. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.  

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir