Modern.az

Tramp hakimiyyətə ailə podratı kimi baxır: qızı, oğlanları...

Tramp hakimiyyətə ailə podratı kimi baxır: qızı, oğlanları...

Dünya

24 Sentyabr 2016, 15:22

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bu həftə çıxış edərək iddialı və bahalı bir planını açıqlayıb. O, uşaqlı ailələrə dəstək vəd edib. Trampın belə bir ideya ilə çıxış etməsi bir neçə səbəbdən çox diqqətəlayiqdir.Əvvəla, kampaniya gedişində onun qadın və əlilləri aşağılayan fikirləri bir çox amerikalıda ikrah doğurmuşdu. Görünür, Tramp indi yardım təklifi ilə sınmış qəlbləri ələ almaq istəyir.

 

İkincisi, o, vaxtilə Respublikaçılar Partiyasının debatlarında doğumu planlamaq fikrini dəstəkləyib. Trampın belə bir təkliflə çıxış etməsi, əslində, onun partiya ilə prezident postuna yiyələnmək üçün «icarəyə götürdüyü» ideoloji bağın nə qədər etibarsız olduğunu göstərir.

 

Modern.az Azadl;q radiosuna istinadla amerikalı yazar Mett Bayın məqaləsini təqdim edir.

 

Trampı qızı istiqamətləndirir

Üçüncüsü və ən maraqlısı da odur ki, sosial qayğı sayəsində Trampın birdən-birə səs salmasında başlıca rolu 34 yaşlı qızı Ivanka oynayıb. Bu, o qızdır ki Tramp həmişə və hər yerdə onu öz gələcək planlarına yön verən şəxs kimi tanıdır. Elə sonuncu dəfə Pensilvaniyada otel açılışında da Ivanka atası ilə yanaşı çıxış etmişdi.

«The New York Times» qəzetinin müxbirlərinin məlumatına görə, Ivanka deyib ki, atası prezident olunca, icra hakimiyyəti ilə məşğul olmaq onun birinci işi olacaq. Belə çıxır ki, vitse-prezident postuna namizəd Mayk Pens səlahiyyətinin hansı bölümünü Ivankaya güzəştə getməli olacağını indidən düşünməlidir.

 

Onsuz da açıq görünür ki, Trampın övladları prezident postuna növbəti potensial ailə holdinqi kimi baxırlar. Yəqin indi Tomas Cefferson qəbrində çevrilir.

Ötən ay jurnalistikanın iki nəhəngi – «The New York Times»dan Tom Fridman və «The Washington Post»dan Bob Vudvard bu mövzuda debat başladıblar. Fridman yazırdı ki, Trampın övladları atalarının istismarçı və populist kampaniyasına görə utanmalıdırlar. Vudvardsa bunu özəl yaşama müdaxilə sayaraq, Fridmanı tənqid edib.

Siyasətçilərin şəxsi həyat sirri hüququnun ən qatı tərəfdarlarından olsam da, deməliyəm ki, həmin debatda Vudvard köhnə qaydanı yeni oyuna tətbiq edir. Buna görə də haqsızdır.

 

Partiyanin açılış nitqlərini Trampın övladları edir

Respublikaçıların ötənilki qurultayına baxan hər kəsə aydın oldu ki, Tramp və övladları, klassik mənada, anladığımız ailə deyil. Trampa görə, uşaqları prezidentlik üçün bir platformadır. O səbəbdəndir ki, partiyanın açılış nitqlərini, adətən, parlayan gənc siyasətçilər söylədikləri halda, bu işi indi Trampın övladları Ivanka, Donald Jr., Eric və Tiffany görür.

Bütün seçki kampaniyalarını xatırlasaq, görərik ki, realiti-şouya ən çox bənzəyən məhz Trampın seçki kampaniyasıdır. Bu kampaniya nəticəsində Trampın uşaqlarının, «Trump Tower»da olduğu kimi, Ağ Evdə də ağalıq edəcəklərini təsəvvürə gətirmək çox qorxuncdur.

Əlbəttə, Trampın uşaqlarının öz atalarını daha insansevər göstərməyə çalışmaları yaxşı haldır. Ancaq bu, onların ölkə idarəçiliyinə cəlb edilməsinə haqq qazandıra bilməz.

Bu yerdə Birləşmiş Ştatların qurucularından olan  Tomas Ceffersonu xatırlamamaq olmur. Ölkənin baniləri arasında monarxiyaya qayıdış qorxusu ən çox məhz onda olub. O qorxurdu ki, federal hökumətin güclənməsi gələcəkdə keçmişdəki idarə üsuluna – monarxiyaya aparıb çıxarar. Ötən 200 ildə federal hakimiyyət xeyli genişlənib. Amma biz atalarımızın bu narahatlığını, deyəsən, unutmuşuq. 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır