Modern.az

"Dəyişən tək adımız və loqomuz deyil" - MÜSAHİBƏ

"Dəyişən tək adımız və loqomuz deyil" - MÜSAHİBƏ

24 Sentyabr 2016, 17:03

İsmayıl Həsənov: “İzləyici auditoriyamızın genişlənəcəyini düşünürük” 

 

Bir neçə gün öncə "Region TV" adını dəyişərək, "ARB TV" etdi. Maraqlıdır, televiziya şirkəti adını dəyişdiyi kimi, fəaliyyətində, efir siyasətində də hansısa dəyişikliklər, yeniliklər edəcəkmi? 
 
 
Musavat.com-un əməkdaşı bu və ya digər suallara cavab almaq üçün "ARB TV" nin strateji inkişaf və media direktoru İsmayıl Həsənovla danışıb. Onunla müsahibəni təqdim edirik:
 
 
- İsmayıl bəy, dəyişən təkcə kanalın adıdır, yoxsa? 
 
 
- Əvvəla, təşəkkür edirəm kanalımızda olan yenilikləri öz oxucularınıza çatdırdığınız üçün. Qeyd etdiyiniz kimi, 19 sentyabrdan etibarən kanalımızın adı dəyişdi  və artıq yayımımızı “ARB TV” kimi davam etdiririk. Dəyişən tək adımız və loqomuz deyil. Koorporativ rənglərimizdən tutmuş, efirin qrafik-dizaynına qədər bir çox şeyi dəyişdik. Beynəlxalq araşdırma şirkətlərinin keçirdiyi sorğular əsasında yenilənmiş bir efir konsepsiyası hazırladıq. Əsas məqsəd və öhdəliklərimizi qoruyub saxlamaqla, daha da dinamik proqramlarla yeni mövsümə başladıq. Proqramlarımızın çəkilişləri üçün yeni studiyalar da qurmuşuq. Yeni konsepsiyamızla daha çox tamaşaçı auditoriyası toplayacağımıza əminik. 
 
 
- Kanalda daha çox hansı mövzulara toxunulacaq, şou-biznes, yoxsa ictimai-siyasi, sosial?
 
 
- Bu mövsümdə proqramlarımızın 70 % -a qədəri yenilənib. Uğurlu hesab edilə biləcək verilişlər saxlanılıb, az auditoriya toplamış  layihələr isə başqaları ilə əvəzlənib. Proqramlarımız müxtəlif səpkilidir. İnformasiya yönümlü, sosial, intellektual, yarışma, realiti-şou, səyahət, əyləncə və s. Biz bu mövsüm digər kanalların daha az yer ayırdığı formatlarda verilişlər istehsal etməyə çalışırıq. Məsələn, gündəlik realiti-şoularımızın sayı ikiyə  çatdırılıb.  Fərqli bədii üslubda hazırlanan gündəlik gündüz proqramımız var. Ölkə mediasından bəhs edən verilişlərimiz davam edir. Həftə sonları yayımlanacaq sosial şəbəkələri əhatə edən yeni bir proqramımız da var. Qardaş ölkə olan Türkiyədə hazırlanan maraqlı və fərqli  bir layihəyə start vermişik. Görkəmli sənət adamlarının həyatına həsr olunmuş portret proqramın da izləyicilərimiz tərəfindən seviləcəyinə inanırıq. Sadaladıqlarım yeniliklərimizin yalnız bir hissəsidir. Bütün yeniliklərimizin tamaşaçılarda xoş təəsürat yaradacağını və “ARB TV” nin izləyici auditoriyasının günü-gündən genişlənəcəyini düşünürük.  
 
 
- Tamaşaçılar seriallar və ya  televiziya tamaşaları görə biləcəkmi?
 
 
- Ötən illərdə efirimizdə müxtəlif üslublu yerli televiziya serialları yayımlanıb. Bu mövsümdə əsas istiqamətimiz fərqli məzmunlarda veriliş istehsalı olacağı üçün yaxın aylarda teleserial çəkməyi düşünmürük. Amma gələcəkdə serial çəkilişlərinə yenidən davam edə bilərik.  Təcrübə göstərir ki, media trendlərinin yenilənməsi fonunda tele-tamaşalar artıq elə də böyük auditoriya toplamır, bunu nəzərə alaraq o seqmentdə məhsul yayımını düşünmürük.  
 
 
- Televiziya kanalları arasında özünüzü neçənci yerdə görürsüz?
 
- “Region Tv”nin özünəməxsus auditoriyası vardı. “ARB TV”nin tamaşaçı kütləsinin isə daha böyük olacağına əminik. Brendimizin və efir konsepsiyamızın yeni dəyişdiyini nəzərə alsaq, kanalların sıralamasındakı yerimiz haqda ən tezi  bir neçə ay sonra nəsə demək olar. Hədəfimiz isə ilk üçlükdən düşməməkdir. 
 
 
- Reytinqiniz hazırda necədir?
 
 
- Söhbət efir baxımlılığının texniki vasitələrlə, reytinq şirkəti tərəfindən ölçümündən gedirsə, qeyd edim ki, kanalımız rəqəmsal yayımda olduğu üçün bu meyarlarla verilişlərimizin reytinqinin ölçülməsi hələ ki, alınmır. Çünki onlar analoq yayım üzərindən monitorinq aparırlar. 
 
 
- Sizin televiziyada nələrə və ya kimlərəsə qadağa, başqa sözlə senzura varmı? 
 
 
- 1998 ci ildən etibarən Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatı üzərindən senzura götürülüb. 
Bildirmək istəyirəm ki,  telekanal olaraq efirmizdə senzura tətbiq etmirik. Etik normaları və efir mədəniyyətini isə qoruyuruq. 
“ARB TV”  ölkə qanunvericiliyənə əsasən, “Televiziya və radio yayımı haqqında” qanunun 
tələblərinə uyğun, MTRŞ-nın təsdiqlədiyi qaydalara əməl edərək, öz yayımını həyata keçirir. 
 
 
- Bəs hansı sənətçilərə qadağa qoyula bilər?
 
 
- Telekanalımızda heç vaxt , heç bir sənətçiyə qadağa qoyulmayıb. Verilişin mövzusuna, o insana olan tamaşaçı marağına əsasən sənətçilər verilişlərimizə dəvət olunur. 
 
 
- Televiziyaların əksəriyyəti qapılarını müxalifətin üzünə bağlayıb. Hətta müxalifətçi toyunda iştirak edən sənətçilərə belə qadağa qoyan kanallara rast gəlmək olur. Siz necə, müxalifətə də söz verəcəksinizmi?
 
 
- Bir daha qeyd edim ki, kanalımızda heç bir sənət adamına qadağa qoyulmayıb. Bizim üçün prioritet, ölkəmizin təbliği, dövlətçilik xəttinin və milli maraqlarımızın qorunmasıdır. Bu mövsümün efir proqramlaşdırmasında siyasi diskusiya formatında veriliş nəzərdə tutulmayıb. 
 
Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi yeni konsepsiyamızda fərqli məzmunda və formatda layihələrimiz daha çox olacaq. “Realiti”  formatındakı verilişlərimizdə, o layihələrin öz xarakteristikasına və mövzularına uyğun olaraq, oradakı iştirakçılar tərəfindən qızğın müzakirələr aparılacaq.  
 
 
- “ARB TV”nin tamaşaçı auditoriyası daha çox hansı regionun payına düşür?
 
 
- Biz tamaşaçımızı regionlara bölərək, təsnifat aparmaq istəmirik. Bu statistikanın aparılması texniki olaraq da mümkün deyil. Ümumrespublika yayımçısı olaraq ölkəmizin hər yanında yaşayan tamaşaçıya maraqlı bir efir mənzərəsi təqdim etməyi əsas məqsədimiz hesab edirik. 
 
 
- Televiziyalarda kadrların qeyri-peşəkar olması cəmiyyətdə tez-tez tənqid olunur. Bəs siz bu problemin öhdəsindən necə gəlirsiz?
 
 
- Qeyd etdiyiniz məsələ tək televiziyaların problemi deyil,  yeni media trendi  kimi qəbul olunan internet resursları, yazılı mətbuat da  bu kimi çətinliklərlə qarşılaşır. Əməkdaşlarımızın peşəkarlıq səviyyəsinin artırılması üçün yerli mütəxəssislərlə yanaşı, xaricdən də mütəxəssislər dəvət edirik. Elə bu mövsümə başlamamışdan öncə də bunu etdik. Bəzi hallarda əməkdaşlarımızı xarici ölkələrə də təcrübə keçməyə göndəririk. Bir çox hallarda kadrları özümüz yetişdiririk.
 
 
 - Maraqlıdır ki, ANS TV bağlanıldıqdan sonra onun məşhur simalarının, əməkdaşlarının bir çoxu yeni iş yeri kimi sizin kanalı seçdi. Sizcə seçim niyə məhz sizin televiziya oldu? Ümumilikdə siyahıda artıq neçə məşhurun adı var?
 
 
- Gəlin belə deyək, bizə müraciət edən aparıcılar arasından yeni verilişlərimizə uyğun bilərək, seçdiklərimiz onlar oldu. Rahil Sayadoğlu ilə bizdən öncə çalışdığı telekanal bağlanmamışdan öncə danışıqlar aparırdıq, Natiq Nailəoğlu isə əvvəllər də bizim kanalda çalışıb. Bildiyim qədərilə Afət Rahilqızı bizimlə əməkdaşlıq etməyə başlayanda heç yanda çalışmırdı. Bizə bu mövsüm “transfer” olan aparıcılar sırasında Zümrüd Qasımova və Məcid Hüseynov əvvəllər bizim əməkdaşlar olublar. Hər ikisi bu mövsümdən bizdə  gündəlik veriliş aparırlar. 
 
Təcrübə göstərir ki, heç bir telekanalın həyata keçirdiyi layihələrin heç də hamısı uğur qazanaraq geniş auditoriya toplamır. Çünki tamaşaçının zövqü və istəkləri  dəyişkən olur bəzən. Amma bütün nüansları nəzərə alaraq deyə bilərəm ki, ARB TV telemakanımızda qısa bir müddətdə xüsusi çəkiyə malik, geniş auditoriyalı bir efir məkanı olacaq.
 
 
Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?