Modern.az

Ənənəvi təsərrüfatçılığa qayıdış tənəzzülə səbəb ola bilər - Proqnoz

Ənənəvi təsərrüfatçılığa qayıdış tənəzzülə səbəb ola bilər - Proqnoz

24 Sentyabr 2016, 21:11

Ənənəvi təsərrüfatçılıq formalarına qayıdış aqrar sahədə tənəzzülə səbəb ola bilər. Modern.az saytı xəbər verir ki, iqtisadçı Qubad İbadoğlunun sözlərinə  görə, bu qənaəti texniki bitkilərin ilkin məhsuldarlıq göstəriciləri yaradır.  2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,1 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb. Bu il milli iqtisadiyyatda tənəzzül müşahidə olunmasına baxmayaraq, aqrar sektor il boyu müntəzəm olaraq pozitiv nəticələrə malik olub. Bu artımı şərtləndirən başlıca amil sərbəst təsərrüfatçılıqdır. Halbuki bu ildən başlayaraq təsərrüfat fəaliyyətinin müstəqilliyinə müdaxilələr çoxalıb. Bir vaxtlar ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatında önə çıxarılırdısa, hazırda aqrar sahədə texniki bitkilərin əkin sahəsini genişləndirmək siyasəti aparılır. Belə ki, bu il 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün əkilib. Bununla yanaşı, bu il respublikanın 30 rayonunda 1,6 milyon tut ağacının əkilməsi nəzərdə tutulub. Bütün bunlar Azərbaycan kənd təsərrüfatında kollektiv mülkiyyət dövrünə məxsus ənənəvi təsərrüfatçılığın bərpası məqsədilə həyata keçirilir. Xüsusilə də, hazırkı həssas iqtisadi dövrdə belə radikal keçidin direktiv qaydada, torpaq, texniki, insan resursları dəyərləndirilmədən, hazırlıq görülmədən aparılması kənd təsərrüfatı istehsalına təsirsiz ötüşməyəcək. Hazırda əldə edilən ilkin nəticələr göstərir ki, texniki məhsulların istehsalında məhsuldarlıq ənənəvi təsərrüfatçılıq zamanı ilə müqayisədə aşağıdır. Bu isə cari il ərzində yeganə davamlı artım müşahidə olunan kənd təsərrüfatında da tənəzzülə gətirib çıxara bilər. Odur ki, dövlətin bu posesə müdaxiləsinə son qoyulmalı, sərbəst təsərrüfatçılıq və sağlam rəqabət üçün mühit yaradılmalıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir