Modern.az

İlham Əliyev Sumqayıtda açılış edib - YENİLƏNİB

İlham Əliyev Sumqayıtda açılış edib - YENİLƏNİB

27 Sentyabr 2016, 10:43

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə gedib. Prezident əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə başçısına mlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

 

Diqqətə çatdırılıb ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib.

Bildirilib ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

Daha sonra Prezidenti İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.

Prezidentə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə də məlumat verilib.


Prezidenti İlham Əliyev Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında da iştirak edib.

Dövlət başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.

Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.

Bildirilib ki, burada 100 min ağac, 500 mindən çox müxtəlif gül kolu əkilib, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub. Park-bulvar kompleksində 10 min oturacaq qoyulub. Beş yerdə böyük fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min poqonmetr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, monitorlar quraşdırılıb.

Qeyd olunub ki, bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Ərazidə 2 yay uşaq-əyləncə mərkəzi tikilib, uşaqlar üçün 10 attraksion quraşdırılıb.

Diqqətə çatdırılıb ki, 12 hektar sahəsi olan çimərlik zonasında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Sahil hissədə estakada qurulub və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkətinin təmin olunması üçün işlər aparılır. Burada 500-dən çox yeni iş yeri açılacaq. Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir.

Bulvarın ərazisində 4,2 kilometr uzunluğunda, 16 metr enində asfalt yol salınıb. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilib və mərmərlə üzlənib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?