Modern.az

Əməkdar jurnalistin növbəti kitabı çıxdı

Əməkdar jurnalistin növbəti kitabı çıxdı

27 Sentyabr 2016, 12:19

Oxucularla növbəti görüşə gələn əməkdar jurnalist Hikmət Xudiyev (Cəmilzadə) "Şəxsiyyət ömrü - nəsillərə nümunə" kitabında Qarabağın nüfuzlu simalarından olan el ağsaqqalı, ömrünün əlli ilini Ağdamda müəllimlik fəaliyyətinə həsr etmiş Böyük Vətən müharibəsinin iştirakçısı Zülfüqar  Səfərəliyevin şərəfli ömür yolundan bəhs edib.

        

Kitab bir sıra məqamları ilə diqqəti cəlb edir. Müəllif Zülfüqar Səfərəliyevin soy-kök şəcərəsini açıqlamaqla, onun mənsub olduğu nəsilin nümayəndələri olan görkəmli dövlət xadimi  Pənahəli xan və onun ətrafındakı  insanlar haqqında  jurnalist tədqiqatı ilə əldə etdiyi məlumatları verməklə bir daha bəyan edib ki, Qarabağ tarixən azərbaycanlılara məxsus olub.

        

"Şəxsiyyət ömrü - nəsillərə nümunə" kitabı Zülfüqar  Səfərəliyevin Böyük Vətən müharibəsindəki şərəfli döyüş yolundan bəhs edərək gənclərimizdə hərbi-vətənpərvərlik hissilərini aşılamaqda da dəyərlidir və məhz həmin müharibənin odlu-alovlu cəbhələrində vuruşmuş 700 mindən artıq soydaşımızın əziz xatirələrinə sevginin təzahürüdür.

          

Müəllifin Zülfüqar Səfərəliyevin 50 illik pedaqoji fəalliyyətinə geniş yer ayırdığı bu kitabı müəllimlik peşəsinə  yüksək ehtiramın nümunəsi kimi də qəbul etmək olar.

        

Həmçinin, müəllif kitabda Zülfüqar  Səfərəliyevin tərbiyə etdiyi, təhsil verdiyi övladlarının cəmiyyətimizdə tutduqları mövqelərini açıqlamaqla nümunəvi ailə başçısı, ləyaqətli ata obrazını yaradıb.

       

"Şəxsiyyət ömrü - nəsillərə nümunə" kitabı xatirələrdə ailədə kişi xasiyyətli ər, tələbkar və mərhəmətli ata, kövrək və mülayim baba, doğmaliği ilə seçilən qayinata, istiqanli, qayğikeş qohum kimi yaşayan Zülfüqar Səfərəliyev kimi insanların xatirəsini yaşatmaqla, onu təbliğ etməklə cəmiyyətimizə, gənclərimizə  örnək, əxlaq məktəbi  kimi  tərbiyəvi əhəmiyyət kəsb edir. 

         

Ümummilli liderimiz Heydər Əliyevdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, islami dəyərlərdən gətirilən sitatlar kitabın məzmun yükünü daha da artırıb.

       

Bədii tərtibatı ilə zövq oxşayan və nəfis şəkildə çap olunmuş kitab Qurani-Kərimin Maidə surəsindən "Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın" ayəsi ilə bitir. Müəllif  bununla və həm də xeyirxah əməlləri ilə tanınmış Zülfüqar Səfərəliyevin ömür yolunu təbliğ etməklə insanları bir daha xeyirxah əməllərə, daim mərhəmətli olmağa çağırıb.

       

Kitab müəllifin respublikamızda və xarici ölkələrdə - Almaniyada, Polşada, Ukraynada Zülfüqar Səfərəliyevin ömür yollarını əks etdirən çəkdiyi fotolarla da diqqətəlayiqdir.

 

"Zülfüqar Səfərəliyev sözün həqiqi mənasında nurlu şəxsiyyət, ləyaqət  mücəssəməsi idi. Bu  sözləri  mən  bəlkə  də  on  min,  bəlkə  də  yüz min  insandan biri üçün  işlədərdim" kimi sözlərin müəllifi  -  uzun illər Ağdam rayonuna rəhbərlik etmiş filologiya üzrə fəlsəfə doktoru Sadıq  Murtuzayev "Şəxsiyyət ömrü - nəsillərə nümunə" kitabına ön söz yazıb.

 

Modern.az

                                                 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır