Modern.az

Manat və payız GEYİMLƏRİ

Manat və payız GEYİMLƏRİ

27 Sentyabr 2016, 14:52

Dəb, gözəllik, pul!

Bunlar bir arada olanda zövqlü görünmək problem deyil. Yetər ki, əlinizi pulqabınıza salanda geyimlərə xərcləməyə çoxlu pulunuz olsun ki, mövsümi dəbləayaqlaşa biləsiniz. Geyim mövzusu kişilərdən  yan keçməsə də ən çox qadınların “mətbəxində” müzakirə olunur.

 

“Bu gün  nə geyinməliyəm”, “toya necə geyinsəm, gözəl görünə bilərəm?” “aksesuarlardan necə istifadə etsəm, doğru olar” kimi suallar hər bir qadının gündəlik həyat tərzinin bir hissəsidir.

Hal-hazırda isə payız fəslini yaşayırıq. Bəs, bu dəyişkən, qızılı payız mövsümündə qarderobumuzda hansı geyimlərə üstünlük verməliyik?

Geyimlərimizi seçərkən manatın məzənnəsinə uyğun necə hərəkət etməliyik?

Modelyer Gülnarə Xəlilova Modern.az-a açıqlamasında  payız fəslində hansı  geyimlərin dəbdə olacağından söz açıb.

 

“Romantika öz sözünü deyəcək”

 

“Digər mövsümdə olduğu kimi bu mövsümdə də bəzi rənglər, xüsusilə, qırmızı, ağ-qara  öz yerini qoruyub saxlayacaq. Bunlar həm də klassik rənglərdir. Bununla yanaşı boz, hərbi  və göylə firuzəyi rəngin  qarışığından alınan dənizi rəng də dəbdə olacaq. Bu mövsümdə romantik görünüş öz sözünü deyəcək. Retro üsluba üstünlük veriləcək. Şalvar ətəklər də bu mövsümün dəbi olacaq. Maraqlısı odur ki, bu, həm qadınların həm də kişilərin qarderobunda var. Təbii xəzlər, dərilər çox dəbdə olacaq. Bir çox dəri növləri var ki, aktual olacaqlar.

 

Bəylərin geyimlərində klassik kostyumlar da bu mövsümdə  çox yer alır. Pencəklərin uzun olması və şortiklə geyinilməsi dəbindən bizdə çox az istifadə olunacaq. Ancaq bu geyim gənclərin seçdiyi geyim növü olacaq. Çünki gənclik elə bir dövrdür ki, belə geyim formalarından rahatlıqla istifadə edə bilərlər”.

 

Payızda idman geyimləri və aksesuarlar

 

Modelyerin sözlərinə görə idman üslubu həmişə rahatlıq baxımından diqqət çəkir.

“İdman üslublarına daxil olan  geniş qəlib çəkimləri çox dəbdədir. Bədənə tam oturan formaları maraqlı təqdim olunur. Çünki idman geyimləri həm xanımlar, həm də bəylər üçün rahat geyim növüdür. Bu mövsümdə assimetriya və geniş qəlib çəkimlər dəbdə olacaq. Şəffaf parçalardan hazırlanmış geyim üslubları da dəbli geyimlər sırasındadır.

Aksesuarlardan yenə də geniş  istifadə olunacaq. Aksesuarlar öz yerini qoruyub saxlayacaq. Aksesuarların bir üstün cəhəti də odur ki, eyni geyimi bir neçə dəfə geyinmək olar. Amma fərqli aksesuarlarla təqdim etmək çox maraqlı görünüş yaradır. Əsasən çantalar,  ayaqqabılar, eynəklər, qolbaqlar, boyunbağılar geyimləri xüsusi formada tamamlayır”.

 

Devalvasiya mütləq nəzərə alınmalıdır

 

Manatın dollara nisbətən ucuzlaşması geyim bazarına da təsir edib. Gülnarə Xəlilova geyim bazarlığı zamanı bəzi məqamlara xüsusi diqqət edilməsini vurğulayıb.

 

“Geyim məsələsi hər zaman fərqli olub. Maddi imkanı yüksək olan hər zaman rəngarəng geyinib. Ola bilsin ki, bahalı geyimlərdə zövqlü görünməyib. Sadəcə, brend mağazalardan alış-veriş edib. Eyni zamanda, ölkədə dolların bahalaşmasının, devalvasiyanın geyimlərə, eləcə də, brend mağazalara da təsiri var. Sadəcə, imkanı olan onsuz da bahalı geyimlərə pul xərcləyəcək. İmkanı olmayanlar isə öz imkanı daxilində geyimləri alır.

 

Bir məqama da diqqət çəkmək istərdim.  Ancaq bahalı geyim yaxşı geyim sayıla bilməz. Çox ucuz və keyfiyyətli parçalarla da qarderobu zənginləşdirmək olar. Mağazaların çoxunda 50%-70%-lik endirimlər olur ki, bu cür çox da baha olmayan geyimləri əldə etmək olar.

 

Devalvasiyanın bir faydalı tərəfi də var. O da insanların öz vətənlərində alış-veriş etmələrinə səbəb olur. Belə olan təqdirdə insanlar öz mağazalarına xeyir verməyə başlayacaqlar. Məsələn, xarici ölkələrdən alış-veriş edərkən çoxlu pul xərlədiyimizin fərqində oluruq. Ona görə də öz ölkəmizdə gedib alış-veriş etməyə üstünlük veririk. Ümumiyyətlə, devalvasiya həm iş adamları, həm də normal insanlar üçün çətinlik yaradır. Unutmayaq ki, devalvasiyanın zəncirvari hər birimizə təsiri var”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir