Modern.az

“Oktyabrda 2017-ci ilin yaşayış minimumu təsdiq ediləcək”

“Oktyabrda 2017-ci ilin yaşayış minimumu təsdiq ediləcək”

27 Sentyabr 2016, 15:51

“Hazırda 2017-ci ilin yaşayış minimumu hazırlanır”. Bu haqda Modern.az-a məlumat verən iqtisadçı Vüqar Bayramov deyib ki, Prezident tərəfindən təsdiq olunacaq yeni yaşayış minimumu mövcud vəziyyət nəzərə alınmaqla hazırlanmalıdır:

“Yaşayış minimumu 2016-cı ilin yanvarında qüvvəyə minməsinə baxmayaraq, 2015-ci il oktyabrın sonunda təsdiq olunmuşdu. Nəticə etibarilə yaşayış minimumu təsdiq edilən zaman manatın ikinci devalvasiyası baş vermişdi. İnflyasiya isə həmin dövrün səviyyəsinə uyğun olaraq hesablanmışdı. Nəzərə alsaq ki, büdcədə də o zaman manatın məzənnəsi 1 dollar = 1,05 olaraq nəzərdə tutulmuşdu. Büdcə zərfinə dəyişiklik isə bundan sonra baş verdi.

Bu baxımdan yaşayış minimumuna yenidən baxılması və dəyişdirilməsinə ehtiyac var. Nəzərinizə çatdırım ki, hazırda 2017-ci ilin yaşayış minimumu hazırlanır və oktyabr ayında ölkə Prezidenti tərəfindən növbəti ilin yaşayış minimumu təsdiq olunacaq”.

 

“Real qiymət artımları nəzərə alınmalıdır“

 

Mütəxəssis növbəti il üçün yaşayış minimumu hazırlanarkən 2016-ci ildə baş verənlərin nəzərə alınmasını məqsədəuyğun hesab edib:

“Həm məzənnə dəyişikliyini, həm də istehlak bazarındakı dəyişikliyi özündə əks etdirən real yaşayış minimumu təsdiq olunmalıdır.

Qiymətlərin artması reallıqdır. Rəsmi statistikada da 11 faizə yaxın inflyasiya qeydə alınıb. Praktik olaraq müstəqil inflyasiya hesablamaları göstərir ki, inflyasiya rəsmi statistikadan da çoxdur.

Ona görə də real qiymət artımlarını nəzərə alaraq yaşayış minimumunun hesablanmasına ehtiyac var.

Hesablama zamanı ötən illə müqayisədə bəzi xidmətlərin və kommunal xərclərin qiymətinin stabil qalması da nəzərə alınmalıdır.

O cümlədən, nəqliyyat xərclərində dəyişiklik yoxdur. Bunlar da yaşayış minimumuna təsir edən amillərdir. Ərzaq məhsullarının qiymətlərində hiss olunacaq artımlar var ki, bunlar da birmənalı şəkildə yaşayış minimumunun səviyyəsinə təsir göstərməkdədir”.

 

2017-ci ilin yaşayış minimumu...

 

V.Bayramov rəsmi statistikaya söykənərək, 2017-ci il üçün yaşayış minimumunu aşağıdakı şəkildə proqnozlaşdırıb:

“Yalnız Dövlət Statistika Komitəsinin elan etdiyi rəsmi inflyasiya səviyyəsini nəzərə almaqla 2017-ci il üzrə yaşayış minimumu ölkə üzrə 151 manat olmalıdır.  Əmək qabiliyyətli əhali üçün 162 , pensiyaçılar üçün 127 , uşaqlar üçün isə 130 manat məbləğində müəyyən edilməlidir. Real inflyasiya səviyyəsini nəzərə alsaq, daha yüksək yaşayış minimumu müəyyən edilə bilər”.

 

“Pensiyalar 11 faiz, əmək haqları 15 faiz artırılmalıdır”

 

V.Bayramov bildirib ki, yaşayış minimumuna uyğun olaraq əmək haqqı müəyyən edilməlidir:

“İllik inflyasiya 11 faiz təsdiq olunacağı təqdirdə pensiyaların 11 faiz indeksiyası həyata keçiriləcək. Yəni baza hissəsinin 11 faiz artımı baş tutacaq.

Maliyyə Nazirliyinin açıqlamalarına görə, 2015-ci il səviyyəsində əmək haqqı artımına gediləcək. Bu o deməkdir ki, mövcud səviyyə nəzərə alınmaqla 2016-cı ildə təxminən 10 faiz artımına gedilmişdi. İndiki halda rəsmi 11 faizlik inflyasiyanı  kompensasiya etmək üçün əmək haqları təxminən 15 faiz artırılmalıdır”.

Xatırladaq ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 , əmək qabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115 , uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər