Mərziyyə Nəcəfova
Filologiya üzrə fəlsəfə doktoru, dosent
XX yüzilliyin 80-ci illərinin sonunda cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslər, milli özünəqayıdış, düşüncə özgürlüyündə yeniləşmə bədii ədəbiyyata, poeziyaya da təsirsiz qalmadı. Hər bir təfəkkür sahibi, ziyalı, qələm əhli həyatın bütün sahələrində olduğu kimi bədii ədəbiyyat cəbhəsində də cəsarət, mətanət, qeyrət nümayiş etdirir, açıq yazmağa, cəmiyyətə haqqı nişan verməyə təşəbbüs göstərirdi.
Dövrün poeziyasında Qarabağ harayı, şəhidlik, qaçqınlıq, didərginlik, düşmənə nifrət, dövlət suverenliyinin müdafiəsinə çağırış hissi, vətənə olan yüksək ülvi məhəbbət öz təcəssümünü tapır, şeir zamanın ağır ideloji yükünü lirikanın zərif çiyinlərinə qaldırmaqdan çəkinmirdi. Torpaq itkisi, vətən uğrunda şəhid olan oğul və qızlarımızın ağır, məşəqqətli, dözülməz kədəri poetik düşüncələrə yol açan, onu mənalandıran və qeyri-adi lirik lövhələrin yaranmasına rəvac verən səbəblərin sırasında idi. Qarabağ mövzusunda Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Qabil, Zəlimxan Yaqub, Cabir Novruz, Nüsrət Kəsəmənli, Nurəngiz Gün, Məmməd Aslan, Ənvər Əhməd, Ələmdar Quluzadə və b. şairlərin yazdıqları əsərlər istisnasız demək olar ki, dövrün, mühitin barıt qoxulu əhval-ruhiyyəsini ruhunda, qanında yaşadan uzunömürlü, dəyərli bədii nümunələrdir.
Azərbaycan poeziyasında “Səhv düşəndə yerimiz”, “Qarşıdurma”, “Türkün qəbri”, “Paravoz”, “Əqidə”, “Küləkli havalarda yağışlı havalarda”, “Məhəbbət deyil”, “Nəsimi” kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə sevilsədə şairin müstəqillik dövründə böyük bir cəsarət və realistcəsinə qələmə aldığı və digər poeziya ustadlarından mən deyərdim ki, fərqli bir baxış, qiymətləndirmə mövqeyindən yaratdığı, nümunələrlə möhtəşəm bir yer tutdu. 1990-cı ilin 20 yanvar gecəsinin məhsulu olan “Mərsiyə” şeirindən tutmuş, “Əslində”, “Şəhid anası”, “Qeyrət a vətəndaşlar”, “Oldu”, “Çalma qoboy”, “Nisbi sakitlik nədir”, “Lazım gəlsə - lazımsan de!”, “Bu meydanı tərk elə”, “Özgədən çək gözünü”, “İnsaf”, “Aclıq”, “Çıxma qabağıma”, “Xəcalət”, “Hava necə olacaq”, “Bu gün idman vaxtı deyil”, “Zarafat eyləmə”, “Satqın”, “Birini elə birini belə”, “Çadırlara alışmayın” və digər vətənpərvərlik mövzusunda qələmə aldığı şeirləri misilsiz Azərbaycan müstəqillik dövrü poeziyasında fərqli xüsusiyyətləri ilə yadda qaldı.
90-cı ilin 20 yanvar hadisəsindən sonra rus ordusunun günahsız xalqın övladlarının qanını qəltan etdiyi dəqiqələrdən əsasən azadlıq, müstəqillik mövzusunda ədəbiyyatımızın başlıca mövzusuna çevrildi.
O qanlı 20 yanvar faciəsini xatırladıqca ilk öncə xalq şairi Qabilin “Mərsiyyə”si yada düşür. Şair 20 yanvar faciəsində yaşadığımız, şahidi olduğumuz faciənin Kərbəla müsibətinə bənzədir. O dəhşətdən qeyzlənir, üsyan eləyirdi:
Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,
Ölmədi, şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saət Kərbəla düzləridir, düzlərimiz.
Necə qan ağlamasın üzlərimiz gözlərimiz?
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər. (1, s. 110)
“Mərsiyyə”də hirsindən, hikkəsindən od püskürən, hiddətindən partlamaq dərəcəsinə çatan bir şairin ürək naləsi duyulurdu. Bu mərsiyədən bəhs edən Akademik Bəkir Nəbiyev yazır: Bu şeirin təkcə adı yox, özü də çağdaş poeziyamızda nəşr olunmuş ilk mərsiyyə idi. Ədəbiyyatımızın çox zəngin janrlarından olan mərsiyyəmizin tarixində bəlkə də ilk dəfə idi ki, günahsız həmvətənlərimizin kütləvi qırğını təşkil edib və faciəni imperiyada yaşayan başqa millətlərə “nümunə” göstərənlərə ümumxalq nifrəti elan olunurdu. Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağların göynərtisini ürək yanğısı və sənətkarlıqla əks etdirmək baxımından Qabilin əsəri mərsiyyə ədəbiyyatının ən görkəmli nümunələri olan Qumrinin, Dəxilin, Ralinin klassik mərsiyyələri ilə səsləşir və xüsusən də dilinin aydınlığı etibarilə onlardan heç də geri qalmır”. (2, səh 5).
Qabil mərsiyyəsində son dərəcə cəsarətlə, hadisələri real şəkildə poetik ifadələrə sadə, oxunaqlı bir üslubda əks eləyib.
Bahar Bərdəli Qabilin “Mərsiyyə”si haqqında yazır ki, şair “Mərsiyə”nin hər misrasında, hər bəndində real həyat həqiqətlərini bir rəssam fırçası tək canlı, obrazlı, təbii boyalarla verib. (3, 16)
Tutulub vahimədən nitqi bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər.
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı, millətimi gülləbaran eylədilər (1, səh. 110)
Yeri gəlmişkən Qabilin Mərsiyyəsinə ilk münasibətdə o illərdə Akademik Bəkir Nəbiyevdən gəldi. Hər il o qanlı yanvar günü Bəkir Nəbiyev unudulmaz xatirələrini Ədəbiyyat İnstitutunun əməkdaşları ilə bölür. Bu şeirin 21 yanvar səhərində ilk oxucusu olduğunu böyük qürur hissi ilə xatırlayardı. Bu şeirin yayılıb, tez bir zamanda oxuculara, çatdırılması üçün yüzlərcə nüsxəsinin üzünü çıxararaq yaymasından bəhs edərdi. Mərsiyyənin sevilib, ümumxalq dilinə çevdilməsində də Qabilin canlı danışıq dilindən istifadə etməsi də önəmli rol oynayır. “Sadə və yığcam formada ifadə olunmaqda, adi danışıq tərzinin poetik imkanlarından bəhrələnmək Qabil üslubunun səciyyəvi cəhətlərindəndir. Mərsiyyənini lirikası gündəlik işlətdiyimiz sözlər üzərində qurulub. Şair adi danışıq sözlərini qəlibə salmır, əksinə, bu sözlər vasitəsilə poetik təsvir yaradır, emosionallığı qafiyələr və alleterasiya vasitəsilə daha da gücləndirir və nəticədə oxucu hisslərini riqqətə və ehtirasa gətirir. (M.Nəcəfova, 215)
90-cı illər ölkədə baş verən Qarabağ hadisələri Azərbaycan xalqının öz torpaqlarından çıxarılması təbii ki, poeziyada əks-səda verirdi. 90-cı illərin əvvəllərində Azərbaycan sözünün əsl mənasında, qaçqın, köçkün düşərgəsinə çevrilmişdi və bu hadisələri demək olar ki, bütün yazarların yaradıcılığında əks olunsa da ancaq keyfiyyət baxımından bəzi nümunələr tarixə düşəcək və bu nümunələr içərisində Qabilin qaçqınlıq mövzusunda bir neçə şeiri hadisələri real münasibəti ilə tarixdə yaşayacaq.
Qabil didərginlik mövzusuna müasirlərindən fərqli prizmadan yanaşır.
Doğma xalqının övladlarına qaçqın, didərgin, köçkün deyəndə bu şairi qəzəbləndirir o, hirsindən-hikkəsindən od tutub yanır:
Mən göz yaşlarına dözə bilmirəm,
- Didərgin, - deyəndə, - qaçqın deyəndə,
Min çadırda bir nur seze bilmirəm
Od tuturam, xalqa köçkün deyəndə. (4, 89).
Şairin qaçqınlığın, didərginliyin ağır, məsuliyyətli obrazını yüksək poetik
enerji, emisional bədii lövhələrlə təsvir edir, yurdundan, yuvasından perik düşənləri laqeyd, ümidsiz olmamağa, mübarizə aparmağa səsləyirdi. Bu baxımdan Qabilin “Çadırlara alışmayın” şeiri də fərqlənir. Şair çadırlarda məskunlaşan insanların halına acısa da onları çadırlara alışmamağa çağırır.
Cərgə-cərgə, düzün-düzün,
Görüb qan ağlayıb gözüm
Millətimə budur sözüm
Çadırlara alışmyın. (4, 99)
Çadırlara öz xalqını layiq bilməyən şair demək olar ki, üsyan edir. Xalqa
barışqanlığın bir cinayət olduğunu xatırladır. Azərbaycan xalqı tarix boyu saraylara şöhrət olduğu vurğulanır.
Tayfa deyil, millətik biz,
Bir evik, bir külfətik biz,
Saraylara şöhrətik biz,
Çadırlara alışmayın! (4, 99)
Ümumiyyətlə, Qabilin 90-cı illər hadisələrinə münasibəti, real baxışı,
onun poeziyasın hopmuş və bu nümunələrin fərqli xarakter daşıması ilə yadda qalır. Bu baxımdan “Şəhid sayılmır”, “Şəhid anası”, “Gün o gün olmayacaq nə qədər ki...” şeirlərində güclü real münasibət, xalqının balalarına real qiymət, insana böyük sevgi və hörmət hissi var.
“Şəhid anası” şeirində şairin, Azərbaycan qadınının, anasına münasibət, şəhid anasına olan hörmət
və ehtiram onun poeziyasının ən uca diktəsidir.
Mavi ekranlarda şəhid anasının minnətdarlıq etməsi, hər hansı müxbir
qarşısında hər hansı sualdan tutulub, özünü itirməsi şairi təsirləndirir. Hadisələrə real baxan şair qeyzlənir, bəzən də şəhid valideynlərini televiziya ekranlarına çıxarıb onları “yalançı qürurla” üz-üzə qoyanlara qarşı çıxır. Bir millətin qürur yeri olan şəhid analarının kimə təşəkkür edirsən? Deyə yüngülcəsinə qınayır. Ancaq bu qınamanın altında böyük bir məhəbbət, ehtiram hissi var.
Sənə baş əyincə bu el, bu diyar
Sən kimə təşəkkür edirsən, kimə?!
Siz ey türkənsaya, əziz analar,
Borclu da çıxırsız hələ hakimə?! (4, 13)
Şəhid analarının televiziya ekranlarında sorğu-suala tutan, verilişlərinin
reytinqləri naminə analarımızın yaralarını yenidən qanadan jurnalistlərə, müxbirlərə qarşı çıxaraq qeyzlənir və mühakiməyə qalxır.
... Su qatma ananın göz yaşına, dur!
O müqəddəs yağmur durası deyil.
Sırıma Anaya yalançı qürur, -
Yarası göbələk yarası deyil. (4, 14)
“Şəhid anası” şeirindəki ideya “Şəhid sayılmayır” şeirində də davam etdirilir.
Qabil şeirdə Azərbaycan əsgərinin gün vurmadan, don vurmadan, hazırlıq zamanında dünyadan köçmələrinin şəhid sayılmadığını yanğıyla ifadə etməklə yanaşı çox vacib bir məsələyə toxunur. Bu xalqın gələcəyi bizləri qoruyan əsgərlərin əlindədir. Onlara olan münasibət ordumuzun möhkəmlənməsini təsir edən amillərdəndir.
“Şəhidlik qanunu nədən ibarət? deyən şair şəhidlərimizin ruhu qarşısında
günahkar olan zabitlərimizi belə qınayır, xalqın övladlarını qoruya bilmədikləri üçün onlardan da belə hesab sorur.
Şəhidlik qanunu
Nədən ibarət?
Torpağa, bayrağa,
Xalqa sədaqət!
Adı bir, şəklimin
Qəhrəmanlığın
Daş-tərəzisini,
Arşınımı var? –
Deyin! Axı deyin, -
Qəhrəmanlığın?! (4, 18)
Əslində şair böyüklərimiz, dövlətimiz qaşısında çox ciddi bir məsələ
qaldırır. Çünki hələ bu günə qədər sevə-sevə əsgər paltarı geyinib, iftixar hissi keçirdən oğullar evlərinə tabutla dönəndə belə ona şəhid oldu deməyib öldü deyirlər. Bu, bir cinayətdir. Əsgər analarına edilən hörmətsizlikdi, eyni zamanda sabahın əsgərlərində ruh düşkünlüyü yaradan bir amildir.
Əndazə verilir
Köşkün-qaçqına
Bir əsgər təlimdə
Düşür uçquna
- Şəhid oldu-demir,
- Öldü! – deyirik,
- Tabutu hörmətlə
- Gəldi deyirik. (4,21)
Qabilin bu mövzulara müraciət edən ziyalı və yazarlardan çox böyük bir
məsələ ayırır. Səmimiyyət və real münasibət. Qabil tədqiqatçılarından biri – Ədalət Məmmədov şairi Sabiri sevən, oxuyan və eyni zamanda tədqiq edən və ən əsası isə ondan bəhrələnərək yaradıcılığını Sabiryanə səpkidə inkişaf etdiyini haqlı olaraq yazır.
“Azərbaycanın qalibiyyətini Azərbaycan əsgərində görən şair Azərbaycan əsgərinin ən böyük hörmətə, məhəbbətə layiq olduğunu bunu unudanlara xatırladır”.
Danışıqların uzanması, sənədlərin imzalanması, Dünya başbilənlərinin səsimizə səs verməsi, dəyirmi masalarda izi qalan dirsəklər, yardım bağlamaları, heç biri Azərbaycan əsgərinin xalqa verəcəyini vermir. “Ümid sənədir ancaq...” şeiri ilə əsgərlərimizə ruh verməklə yanaşı cəsarət verir.
Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ,
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Bu şeir Azərbaycan əsgərinə verilən ən dəyərli qiymət, hörmət və ruh mənbəyidir.
Tədqiqatçı filoloq Ədalət Məmmədov yazır: “Xalqımızın tarixində elə bir mühüm ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə öz vətəndaş mövqeyini bildirməsin. 60-cı illərdən yazdığı “Tramvay parka gedir”dən tutmuş 1990-cı ilin 20 yanvar gecəsinin məhsulu olan “Mərsiyə” şeirinə kimi heç də az iş görməmişdir. Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq günlərində ürək yanğısı ilə yazdığı “Əslində”, “Şəhid anası”, “Lazım gəlsə - lazımsan da!”, “İnsaf” , “Çadırlara alışmayın” və bir çox şeirləri əsl vətəndaş qayəli, vətən təəssübkeşliyi əks etdirən misilsiz poetik nümunələr idi. Bu siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəldi. Bu eşq, bu ehtirasla da “Ümid sənədir ancaq...” şeirini yazdı. 1996-cı ildə qələmə alınmış 90 misralıq bu şeir başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman vətən övladına – Azərbaycan əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur. (Ə.Məmmədov)
Qabil poeziyası hələ sağlığında tədqiqatçılar tərəfindən qiymətləndirilib. Onun poeziyasının dili sadəliyi, rəvanlığı ilə diqqəti çəkib. Poeziyasında sənətkarlıq məsələləri fərqlənir. Xalq ifadələrindən məharətli şəkildə istifadə, Qabil poeziyasının keyfiyyətini və qüdrətini artırır.
Şair haqqında Ədalət Məmmədov,Seyidmiri Aslanov ,Sona Xəyal və s.müəlliflər yadda qalan əsərlər yazmış, onun poeziyası haqqında Bəkir Nəbiyev, Tofiq Hacıyev, B.Vahabzadə, İ.Şıxlı, və onlarca ədəbiyyatşünaslarımız münasibət bildiriblər. Onlarca namizədlik və doktorluq mövzularında şeirləri təhlil olunmuş və yüksək qiymətləndirilmişdir.
Ədəbiyyat