Modern.az

Qabilin müstəqillik dövrü poeziyası

Qabilin müstəqillik dövrü poeziyası

28 Sentyabr 2016, 12:01

 

Mərziyyə Nəcəfova
Filologiya üzrə fəlsəfə doktoru, dosent

XX yüzilliyin 80-ci illərinin sonunda cəmiyyətimizdə baş verən ictimai-siyasi proseslər, milli özünəqayıdış, düşüncə özgürlüyündə yeniləşmə bədii ədəbiyyata, poeziyaya da təsirsiz qalmadı. Hər bir təfəkkür sahibi, ziyalı, qələm əhli həyatın bütün sahələrində olduğu kimi bədii ədəbiyyat cəbhəsində də cəsarət, mətanət, qeyrət nümayiş etdirir, açıq yazmağa, cəmiyyətə haqqı nişan verməyə təşəbbüs göstərirdi.

Dövrün poeziyasında Qarabağ harayı, şəhidlik, qaçqınlıq, didər​ginlik, düşmənə nifrət, dövlət suverenliyinin müdafiəsinə çağırış hissi, vətənə olan yüksək ülvi məhəbbət öz təcəssümünü tapır, şeir zamanın ağır ideloji yükünü lirikanın zərif çiyinlərinə qaldırmaqdan çəkinmirdi. Torpaq itkisi, vətən uğrunda şəhid olan oğul və qızları​mızın ağır, məşəqqətli, dözülməz kədəri poetik düşüncələrə yol açan, onu məna​landıran və qeyri-adi lirik lövhələrin yaranmasına rəvac verən səbəblərin sırasında idi. Qarabağ mövzusunda Bəxtiyar Vahabzadə, Məm​məd Araz, Xəlil Rza Ulutürk, Nəbi Xəzri, Qabil, Zəlimxan Yaqub, Cabir Nov​ruz, Nüsrət Kəsəmənli, Nurəngiz Gün, Məmməd Aslan, Ənvər Əhməd, Ələmdar Quluzadə və b. şairlərin yazdıqları əsərlər istisnasız demək olar ki, dövrün, mühitin barıt qoxulu əhval-ruhiyyəsini ruhunda, qanında yaşadan uzunömürlü, dəyərli bədii nümu​nələrdir.

Azərbaycan poeziyasında “Səhv düşəndə yerimiz”, “Qarşıdurma”, “Türkün qəbri”, “Paravoz”, “Əqidə”, “Küləkli havalarda yağışlı havalarda”, “Məhəbbət deyil”, “Nəsimi” kimi fəlsəfi-psixoloji, epik-dramatik, fundamental  poeması ilə sevilsədə şairin  müstəqillik dövründə  böyük bir cəsarət və   realistcəsinə  qələmə aldığı və digər poeziya  ustadlarından mən deyərdim ki, fərqli bir baxış, qiymətləndirmə mövqeyindən  yaratdığı, nümunələrlə möhtəşəm  bir yer tutdu. 1990-cı ilin 20 yanvar  gecəsinin məhsulu olan “Mərsiyə” şeirindən tutmuş, “Əslində”, “Şəhid anası”, “Qeyrət a vətəndaşlar”, “Oldu”, “Çalma qoboy”, “Nisbi sakitlik nədir”, “Lazım gəlsə - lazımsan de!”, “Bu meydanı tərk elə”, “Özgədən çək gözünü”, “İnsaf”, “Aclıq”, “Çıxma qabağıma”, “Xəcalət”, “Hava necə olacaq”,  “Bu gün idman vaxtı deyil”, “Zarafat eyləmə”, “Satqın”, “Birini elə  birini belə”, “Çadırlara alışmayın” və digər vətənpərvərlik mövzusunda  qələmə aldığı şeirləri  misilsiz Azərbaycan müstəqillik dövrü poeziyasında fərqli xüsusiyyətləri ilə  yadda qaldı.

90-cı ilin 20 yanvar  hadisəsindən  sonra rus ordusunun günahsız  xalqın övladlarının qanını qəltan etdiyi dəqiqələrdən əsasən azadlıq, müstəqillik  mövzusunda  ədəbiyyatımızın  başlıca mövzusuna  çevrildi.

O qanlı 20 yanvar faciəsini xatırladıqca ilk öncə  xalq şairi Qabilin “Mərsiyyə”si yada düşür.  Şair 20 yanvar faciəsində  yaşadığımız, şahidi olduğumuz faciənin  Kərbəla  müsibətinə bənzədir. O dəhşətdən qeyzlənir,  üsyan eləyirdi:

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,

Ölmədi, şanlı  şəhid oldu neçə  yüzlərimiz,

Bu saət Kərbəla düzləridir, düzlərimiz.

Necə qan ağlamasın  üzlərimiz  gözlərimiz?

Gecəni atəş ilə qırmızı  qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər. (1, s. 110)

“Mərsiyyə”də  hirsindən, hikkəsindən  od püskürən, hiddətindən  partlamaq  dərəcəsinə  çatan bir şairin ürək naləsi duyulurdu. Bu mərsiyədən bəhs edən   Akademik Bəkir Nəbiyev yazır: Bu şeirin təkcə adı yox, özü də çağdaş poeziyamızda nəşr olunmuş ilk mərsiyyə idi. Ədəbiyyatımızın çox zəngin janrlarından olan mərsiyyəmizin tarixində bəlkə də  ilk dəfə  idi ki, günahsız  həmvətənlərimizin  kütləvi  qırğını  təşkil  edib və faciəni  imperiyada  yaşayan  başqa millətlərə “nümunə” göstərənlərə ümumxalq nifrəti elan olunurdu.  Azərbaycan xalqının  sinəsinə çəkilmiş  çalın-çarpaz dağların  göynərtisini ürək yanğısı və sənətkarlıqla əks etdirmək baxımından Qabilin əsəri mərsiyyə ədəbiyyatının  ən görkəmli nümunələri  olan Qumrinin, Dəxilin, Ralinin klassik mərsiyyələri ilə səsləşir və xüsusən də dilinin aydınlığı  etibarilə  onlardan heç də  geri qalmır”. (2, səh 5).

Qabil mərsiyyəsində son dərəcə cəsarətlə, hadisələri  real şəkildə poetik ifadələrə   sadə, oxunaqlı  bir üslubda əks eləyib.

Bahar Bərdəli Qabilin “Mərsiyyə”si haqqında yazır ki, şair “Mərsiyə”nin  hər misrasında, hər bəndində real həyat  həqiqətlərini  bir rəssam fırçası  tək canlı, obrazlı, təbii boyalarla verib. (3, 16)

Tutulub vahimədən nitqi bu gün,  dil bu səhər,

Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər.

Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,

Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər (1, səh. 110)



Yeri gəlmişkən Qabilin Mərsiyyəsinə ilk münasibətdə  o illərdə Akademik Bəkir Nəbiyevdən gəldi.  Hər il o qanlı  yanvar günü Bəkir Nəbiyev unudulmaz xatirələrini   Ədəbiyyat İnstitutunun   əməkdaşları ilə bölür. Bu şeirin   21 yanvar səhərində  ilk oxucusu olduğunu böyük qürur hissi ilə  xatırlayardı.  Bu şeirin yayılıb,  tez bir zamanda  oxuculara, çatdırılması üçün  yüzlərcə nüsxəsinin üzünü   çıxararaq yaymasından bəhs edərdi.  Mərsiyyənin sevilib, ümumxalq dilinə çevdilməsində də Qabilin canlı danışıq dilindən istifadə etməsi də  önəmli rol oynayır. “Sadə və yığcam formada  ifadə olunmaqda, adi danışıq  tərzinin  poetik imkanlarından  bəhrələnmək Qabil üslubunun  səciyyəvi cəhətlərindəndir.  Mərsiyyənini lirikası gündəlik  işlətdiyimiz  sözlər üzərində qurulub. Şair adi danışıq sözlərini qəlibə salmır, əksinə,  bu sözlər  vasitəsilə  poetik  təsvir yaradır,  emosionallığı  qafiyələr və  alleterasiya vasitəsilə  daha da gücləndirir və nəticədə oxucu hisslərini  riqqətə və ehtirasa gətirir. (M.Nəcəfova, 215)

90-cı illər ölkədə baş verən  Qarabağ hadisələri Azərbaycan xalqının  öz torpaqlarından   çıxarılması təbii ki,  poeziyada  əks-səda  verirdi.  90-cı illərin  əvvəllərində  Azərbaycan sözünün əsl mənasında, qaçqın, köçkün düşərgəsinə  çevrilmişdi və bu hadisələri  demək olar ki,  bütün yazarların  yaradıcılığında  əks olunsa da  ancaq  keyfiyyət baxımından  bəzi nümunələr  tarixə düşəcək  və bu nümunələr içərisində  Qabilin qaçqınlıq mövzusunda  bir neçə şeiri hadisələri real  münasibəti ilə tarixdə yaşayacaq.

Qabil didərginlik mövzusuna müasirlərindən fərqli prizmadan  yanaşır.

Doğma xalqının  övladlarına  qaçqın, didərgin, köçkün deyəndə bu şairi qəzəbləndirir o, hirsindən-hikkəsindən od tutub yanır:

Mən göz yaşlarına dözə bilmirəm,

-         Didərgin, - deyəndə, - qaçqın deyəndə,

Min çadırda bir nur seze bilmirəm

Od tuturam, xalqa köçkün deyəndə. (4, 89).

Şairin qaçqınlığın, didərginliyin  ağır, məsuliyyətli obrazını yüksək poetik

enerji, emisional  bədii lövhələrlə təsvir edir, yurdundan, yuvasından perik düşənləri  laqeyd, ümidsiz olmamağa,  mübarizə aparmağa səsləyirdi. Bu baxımdan Qabilin “Çadırlara  alışmayın”  şeiri də fərqlənir. Şair çadırlarda məskunlaşan  insanların halına  acısa da onları çadırlara  alışmamağa  çağırır.

Cərgə-cərgə, düzün-düzün,

Görüb qan ağlayıb gözüm

Millətimə budur sözüm

Çadırlara alışmyın. (4, 99)

Çadırlara öz xalqını layiq bilməyən şair demək  olar ki, üsyan edir. Xalqa

barışqanlığın  bir cinayət olduğunu xatırladır.  Azərbaycan xalqı  tarix boyu saraylara  şöhrət olduğu vurğulanır.

Tayfa deyil, millətik biz,

Bir evik, bir külfətik biz,

Saraylara şöhrətik biz,

Çadırlara alışmayın! (4, 99)

Ümumiyyətlə, Qabilin  90-cı illər hadisələrinə  münasibəti, real baxışı,

onun poeziyasın hopmuş  və bu nümunələrin fərqli xarakter daşıması ilə  yadda qalır. Bu baxımdan “Şəhid sayılmır”, “Şəhid anası”, “Gün o gün olmayacaq nə qədər ki...” şeirlərində  güclü real münasibət,  xalqının balalarına real qiymət, insana böyük sevgi və hörmət hissi var.

“Şəhid anası”  şeirində şairin, Azərbaycan qadınının, anasına münasibət,  şəhid anasına olan hörmət

və ehtiram onun poeziyasının ən uca diktəsidir.

Mavi ekranlarda şəhid anasının  minnətdarlıq etməsi, hər hansı müxbir

qarşısında hər hansı  sualdan tutulub, özünü itirməsi şairi  təsirləndirir.  Hadisələrə real baxan  şair qeyzlənir, bəzən də şəhid valideynlərini  televiziya ekranlarına çıxarıb onları  “yalançı qürurla”  üz-üzə  qoyanlara qarşı çıxır.   Bir millətin qürur yeri olan  şəhid analarının kimə təşəkkür edirsən?  Deyə yüngülcəsinə  qınayır. Ancaq bu qınamanın  altında  böyük bir məhəbbət, ehtiram hissi var.

Sənə baş əyincə bu el, bu diyar

Sən kimə  təşəkkür edirsən, kimə?!

Siz ey türkənsaya, əziz analar,

Borclu da çıxırsız hələ hakimə?! (4, 13)

Şəhid analarının televiziya  ekranlarında  sorğu-suala tutan, verilişlərinin 

reytinqləri   naminə analarımızın  yaralarını  yenidən qanadan  jurnalistlərə, müxbirlərə qarşı çıxaraq qeyzlənir və mühakiməyə qalxır.

... Su qatma ananın göz yaşına, dur!

O müqəddəs yağmur durası deyil.

Sırıma Anaya yalançı qürur, -

Yarası göbələk yarası deyil. (4, 14)

“Şəhid anası” şeirindəki ideya “Şəhid  sayılmayır” şeirində də davam etdirilir.

Qabil şeirdə Azərbaycan əsgərinin gün vurmadan, don vurmadan, hazırlıq zamanında   dünyadan köçmələrinin  şəhid sayılmadığını yanğıyla ifadə  etməklə  yanaşı  çox vacib  bir məsələyə  toxunur.  Bu xalqın  gələcəyi bizləri qoruyan  əsgərlərin əlindədir.  Onlara olan münasibət  ordumuzun  möhkəmlənməsini  təsir edən amillərdəndir.

“Şəhidlik qanunu nədən ibarət? deyən şair  şəhidlərimizin  ruhu qarşısında

günahkar olan zabitlərimizi  belə qınayır, xalqın  övladlarını  qoruya  bilmədikləri üçün  onlardan da belə hesab   sorur.

Şəhidlik qanunu

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

 Adı bir, şəklimin

Qəhrəmanlığın

Daş-tərəzisini,

Arşınımı var? –

Deyin! Axı deyin, -

Qəhrəmanlığın?! (4, 18)

Əslində şair böyüklərimiz, dövlətimiz qaşısında çox ciddi bir məsələ 

qaldırır.  Çünki hələ  bu günə qədər sevə-sevə əsgər paltarı geyinib,  iftixar hissi keçirdən oğullar   evlərinə tabutla  dönəndə belə  ona şəhid  oldu deməyib öldü deyirlər.  Bu, bir cinayətdir. Əsgər analarına edilən hörmətsizlikdi, eyni zamanda sabahın  əsgərlərində ruh düşkünlüyü yaradan bir amildir.

Əndazə verilir

Köşkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna

-         Şəhid oldu-demir,

-         Öldü! – deyirik,

-         Tabutu hörmətlə

-         Gəldi deyirik. (4,21)

Qabilin bu mövzulara müraciət edən ziyalı və  yazarlardan çox  böyük bir

məsələ ayırır. Səmimiyyət və real münasibət.  Qabil tədqiqatçılarından   biri – Ədalət Məmmədov  şairi Sabiri sevən, oxuyan və eyni zamanda tədqiq edən və  ən əsası isə ondan bəhrələnərək  yaradıcılığını  Sabiryanə  səpkidə inkişaf etdiyini  haqlı olaraq yazır.

 “Azərbaycanın qalibiyyətini Azərbaycan əsgərində  görən şair Azərbaycan   əsgərinin ən böyük  hörmətə, məhəbbətə layiq olduğunu  bunu unudanlara xatırladır”.

Danışıqların  uzanması, sənədlərin imzalanması, Dünya başbilənlərinin səsimizə səs verməsi,  dəyirmi masalarda    izi qalan  dirsəklər, yardım  bağlamaları, heç biri Azərbaycan  əsgərinin  xalqa verəcəyini  vermir. “Ümid sənədir ancaq...” şeiri ilə  əsgərlərimizə ruh verməklə yanaşı cəsarət verir.

Söhbətlər çözələnir,

Bir şey görünmür hələ,

Heyətlər təzələnir,

Bir şey görünmür hələ.

 Müddətlər  təzələnir,

Bir şey görünmür hələ,

 Açılmır ki,  açılmır

Düyünü bu torpağın.

Qov alışa bilərmi,

Od saçmasa  çaxmağın?

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Bu şeir Azərbaycan əsgərinə verilən ən dəyərli  qiymət, hörmət və ruh mənbəyidir.

Tədqiqatçı filoloq Ədalət Məmmədov yazır: “Xalqımızın  tarixində  elə bir mühüm  ictimai-siyasi  hadisə olmamışdır ki, Qabil bu hadisəyə  öz vətəndaş mövqeyini bildirməsin. 60-cı illərdən yazdığı “Tramvay parka gedir”dən  tutmuş 1990-cı ilin 20 yanvar gecəsinin  məhsulu olan “Mərsiyə”  şeirinə kimi heç də az  iş görməmişdir.  Onun müstəqilliyimizin ilk illərində, ağır sınaq  günlərində  ürək yanğısı  ilə yazdığı “Əslində”, “Şəhid anası”, “Lazım gəlsə - lazımsan da!”, “İnsaf” , “Çadırlara alışmayın” və bir çox şeirləri  əsl vətəndaş qayəli, vətən təəssübkeşliyi  əks etdirən  misilsiz poetik nümunələr idi.  Bu siyasi lirika nümunələri ilə Qabil xalqın  gözündə daha da yüksəldi. Bu eşq, bu ehtirasla  da “Ümid sənədir ancaq...” şeirini yazdı. 1996-cı ildə  qələmə alınmış  90 misralıq  bu şeir  başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman vətən  övladına – Azərbaycan  əsgərinə hədsiz inam və məhəbbətdən yoğrulmuşdur. (Ə.Məmmədov)

Qabil poeziyası hələ sağlığında tədqiqatçılar  tərəfindən  qiymətləndirilib. Onun poeziyasının  dili sadəliyi,  rəvanlığı ilə diqqəti  çəkib. Poeziyasında  sənətkarlıq məsələləri  fərqlənir.  Xalq ifadələrindən məharətli şəkildə  istifadə, Qabil poeziyasının  keyfiyyətini  və qüdrətini artırır.

Şair haqqında Ədalət Məmmədov,Seyidmiri Aslanov ,Sona Xəyal və s.müəlliflər yadda qalan əsərlər yazmış,     onun poeziyası  haqqında Bəkir Nəbiyev, Tofiq Hacıyev, B.Vahabzadə, İ.Şıxlı,  və onlarca ədəbiyyatşünaslarımız  münasibət bildiriblər. Onlarca namizədlik və doktorluq  mövzularında  şeirləri təhlil  olunmuş və yüksək qiymətləndirilmişdir.

        

 

Ədəbiyyat

  1. Qabil. “Seçilmiş əsərləri”, Bakı 2004, 247 səh.
  2. B.Nəbiyev. “Qabilin seçilmiş əsərləri ön söz”, Bakı, 2004, 247 səh.
  3. Bahar Bərdəli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, Elm və təhsil, 2014, 125 səh.
  4. M.Nəcəfova. “Poeziya və Qarabağ  problemi”, Bakı, 2009, 247 səh.
  5. Ə.Məmmədov. Qabilin sənət dünyası.,Bakı 2007.

 

        

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi