Modern.az

Klinton və Trampdan Qarabağa dair nə gözləyək?

Klinton və Trampdan Qarabağa dair nə gözləyək?

Qarabağ

28 Sentyabr 2016, 12:52

Amerikada noyabrın 8-nə təyin olunmuş prezident seçkiləri dünyanın da diqqət mərkəzindədir. Prezidentlik postu uğrunda respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasında qızğın mübarizə gedir. Hər iki tərəf prezidentliyə namizəd iddialı təsir bağışlayır.

Prezidentliyə namizədlərin Azərbaycanla bağlı gələcək mövqeyi də maraq doğurur.

 

Namizədlərdən hansının prezident seçilməsi Azərbaycan üçün, xüsusilə, Qarabağ münaqişəsinin həll edilməsi baxımından  yardımçı ola bilər?

 

Modern.az politoloqlardan mövzuya  münasibət öyrənib.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə Hillari Klintonun Amerika prezidenti seçilməsi əhəmiyyətli ola bilər.

 

“Azərbaycanda belə fikir yayılıb ki, guya, Trampın prezident seçilməsi daha yaxşı ola bilər. Təbii ki, bu, Rusiyanın yaydığı bir informasiyadır.

 

Trampın seçilməsi Rusiya üçün sərfəli ola bilər. Çünki Rusiyaya qarşı demokratlar çox ciddi addımlar atmaq niyyətindədirlər. Zənnimcə, həm Amerikanın özü üçün, həm də dünya üçün demokratların nümayəndəsi Hillari Klintonun prezident seçilməsi sərfəli ola bilər. Hillari Klintonun prezident seçilməsi Qarabağ üçün ona görə əhəmiyyətli ola bilər ki, Qarabağ məsələsində Ermənistanı müdafiə edən Rusiyadır. Demokratlar partiyası, eləcə də, Klinton Rusiyaya qarşıdır. Azərbaycan üçün Rusiyanın bölgədə zəifləməsi Qarabağ probleminin həlli üçün açar rolunu oynaya bilər. Zənnimcə, Klinton prezident seçiləcəyi təqdirdə Obamanın dövründə Rusiyaya qarşı qəbul edilmiş sanksiyalar saxlanacaq. Həm də Rusiyanın, eləcə də, Putinin taleyi ilə bağlı bir məxfi qərarlar var ki, onların icrası təmin olunacaq.

 

Donald Tramp isə anormal, xəstəhal bir insandır. Amerika kimi böyük bir dövləti heç zaman ona tapşırmazlar. Bu, mümkün deyil. Amerikanı təkcə seçicilər deyil, həm də dərin dövlət deyilən bir məfhum var, onlar idarə edir. Hillari Kliontonun prezident seçiləcəyi isə sözsüzdür”.

 

“Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, kimin seçilməsindən asılı olmayaraq, Qarabağ məsələsinə ciddi təsiri olmayacaq.

 

“Amerikada prezident olacaq şəxsin Azərbaycanla bağlı mövqeyini öncədən şərh etmək çətindir. Amma, məntiqlə Hillari Klinton prezident seçiləcəyi təqdirdə müsbət nələrsə gözləmək olar. Hillari Klinton Azərbaycanda da olub. Azərbaycanın maraqları, Qarabağ münaqişəsi barədə xeyli məlumatlıdır.

 

Donald Trampın isə bunlar barədə heç bir məlumatı yoxdur. Hətta, Tramp prezident seçilsə belə, o xarici siyasət və təhlükəsizlik məsələləri ilə maraqlanmaq məcburiyyətində qalacaq. Müşavirləri də bu barədə daimi olaraq ona hesabatlar təqdim edəcəklər. Hətta, hər hansı biri prezident seçilsə belə, düşünmürəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, Qarabağ məsələsinə təsiri olsun.

 

Bu illər ərzində Amerikada həm demokratlar, həm də respublikaçılar prezident olub. Düzdü, belə fikirlər səslənir ki, Azərbaycanın respublikaçı prezidentlərə münasibətində yaxşı tərəflər də var. Respublikaçı prezidentlər geosiyasi maraqlardan çıxış ediblər. Azərbaycana əhəmiyyəti daha yüksəkdir.

 

Hətta, respublikaçılar belə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında fəallıq nümayiş etdirməyib. Ona görə də düşünürəm ki, Azərbaycan üçün Trampın, ya da, Hillari Klintonun prezident olmasının elə bir fərqi yoxdur. Digər tərəfdən istərdik ki, seçiləcək olan prezident, Azərbaycanla sıx əlaqələr qursun və Qarabağ məsələsində birmənalı mövqe ortaya qoysun. Təbii ki, ikisindən biri seçilsə, Azərbaycanla sıx münasibətlər quracaq. Amma Qarabağ məsələsinə ciddi təsir edəcəyini düşünmürəm”

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır