Modern.az

Ramil Usubov Pakistanın federal müdafiə sənayesi naziri ilə görüşüb

Ramil Usubov Pakistanın federal müdafiə sənayesi naziri ilə görüşüb

28 Sentyabr 2016, 20:14

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Pakistan İslam Respublikasının federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan nazir iki dost və qardaş dövlət arasında əlaqələrin zəngin tarixi ənənələrə və dərin köklərə malik olduğunu bildirib. Nazir müstəqilliyimizi tanıyan ilk ölkələrdən biri olan Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb. Pakistanlı nazirin rəhbərlik etdiyi heyətin Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının bütün sahələrdə genişlənən əlaqələrimizin daha bir əyani təzahürü olduğu nəzərə çatdırılıb.

Daha sonra cənab Ramil Usubov DİN-in əsas funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib.

Dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində son illər bütün istiqamətlərdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin daha da dərinləşdiyini, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair hökumətlərarası sazişlərin imzalandığını das xatırladıb.

Ətraflı məlumata görə təşəkkür edən Rana Tanvir Hussain Bakıda keçirilən “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştiraklarından məmnunluğunu ifadə edib. O, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu, əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib, Azərbaycanın haqq işini bundan sonra da dəstəkləyəcəklərini bildirib.

 

Modern.az                                                                                                                                                               

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi