Modern.az

Nuri Paşa məzarı başında anılıb

Nuri Paşa məzarı başında anılıb

Aktual

28 Sentyabr 2016, 23:56

İstanbulda Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa məzarı başında anılıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, İstanbulun Ədirnəqapı məzarlığında Nuri Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib.

Əvvəlcə, Nuri Paşa üçün cənazə namazı qılınıb. Türkiyədən və Kiligil ailəsinin  vətəni olan Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən gətirilən torpaqlar Nuri Paşanın məzarına səpilib.

Anım mərasimində çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin önəmli günlərindən birini yaşayır. Qafaz İslam Ordusunun  komandanı Nuri Paşanın məzarının yenidən yapdırılması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək  keçmişimizi öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik ”- deyə vurğulayıb.

Şərqin ilk cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi  Kərim Məhmətzadə isə deyib: ”Nəslimiz Gəncəni qəhrəmancasına müdafiə etmiş Cavad xanın sülaləsindən gəlir. Anamın doğma əmisi Fətəli xan ilk milli hökumətimizin baş naziri olub, 3 hökuməti əmim qurub. Milli dövlətimiz işğalçılar tərəfindən süquta uğradılandan sonra əmimi ermənilər Tiflisdə qətlə yetiriblər. Nuri Paşa ilə babam Hüseynqulu xanın yaxın əlaqələri olub, uşaq olanda babamın evində toplandıqlarını xatırlayıram. Nuri Paşanın Yıldız səmtində iqamətgahı vardı, babam da onlara tez-tez gedərdi. Mərhum anamın Nuri Paşa barədə çox xatirəsi vardı. Nuri Paşanın əsgərləri Gəncəyə gedəndə onları babamın komandalığı altındakı zabitlər qarşılayıb. Bakının azad edilməsində Nuri Paşanın ordusuna babamın komandanlığı altındakı əsgər və zabitlər  dəstək verib. Bu, bizim üçün şərəfli tarixdir, duyğulanıram, bu mərasimə gələnlərə ürəkdən təşəkkür edirəm”.

 “Nuri Killigil” kitabının müəllifi Atilla Oral əsərin  üzərində 17 il çalışdığını, Nuri Paşanın həyatının yeni səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib. Atilla Oral, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin Nuri Killigil olduğunu vurğulayıb.

ATXƏM-in sədri İlham İsmayılov da Nuri Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer tutduğunu vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər Heydər Əliyev Bakıda Türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik tikdirdiyini xatırladıb.

”İstər Bakıdakı şəhidlik, istərsə də Nuri Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş  olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq ”- deyə, Q. Paşayeva vurğulayıb.

Nuri Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan  Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin adlarını daima ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını vurğulayıb. Arzu Ənvər Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin  Türkiyədə daha yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb.

İş adamı Zəki Yılmaz isə bu işi sevərək gördüyünü, adının açıqlanmasını belə istəmədiyini bildirib.

 

Modern.az                                         

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı