Modern.az

Pambığın satış qiymətinə yenidən baxılacaq - Deputat məsuliyyətli olmağa çağırdı

Pambığın satış qiymətinə yenidən baxılacaq - Deputat məsuliyyətli olmağa çağırdı

Aktual

29 Sentyabr 2016, 09:38

“Azərbaycanda pambıqçılıq ənənələri əvvəlki şöhrətinə qayıdacaq”.  Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov sahənin inkişafı üçün pambığın satış qiymətinə yenidən baxılmasının vacibliyini vurğulayıb:

“Pambığın satınalma qiymətinin optimal həddini tapmaq üçün Nazirlər Kabinetinin müəyyən etdiyi formuladan istifadə olunur. Burada Özbəkistan və digər pambıqçılıq ölkələrində pambıq lifinin satış qiyməti, emal və lifin satış xərcləri, valyutanın dəyəri, xam pambıqdan alınan digər əlavə məhsulların (çiyid və sair) satış qiyməti nəzərə alınır.

Qeyd edim ki, 2015-ci ildə kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar pambığın bir kiloqramını müvafiq olaraq 42 və 41 qəpiyə satıb. Pambıq satışının rentabelliyi isə müəssisələrdə 10,6 faiz, fərdi sahibkarlıq təsərrüfatlarında isə 5,6 faiz təşkil edib. Bu isə pambıqçılığın inkişafına ciddi stimul yaratmır. Ona görə də cənab Prezident  bu il pambığın satış qiymətinin 50 qəpiyə qaldırılmasına  baxmayaraq, haqlı olaraq qiymət məsələsinə  yenidən baxmağı təklif etdi. Sərəncamda emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulub.

Pambıqçılığın sürətli inkişafı üçün 3 min700 kənd təsərrüfatı texnikası alınıb və onlardan da 100-dən çoxu pambıqyığan kombayndır. Hətta, qeyd edildi ki, əlavə 100-dən çox kombayn oktyabr ayının birinci yarısında ölkəmizə gətirilməlidir. Gələn il isə 60 kombayn gətiriləcək. Hesab edirəm ki, bunlar da pambıqçılğın sürətli inişafında öz müsbət rolunu oynayacaq”.

 
E.İbrahimov hər kəsi öz işinə məsuliyyətlə yanaşmağa çağırıb:

“Pambıqçılıq ənənələri hələ sovetlər dönəmində Azərbaycanda inkişaf etmiş aqrar sahə olub. Hələ o zaman ölkədə 1 milyon tondan çox pambıq istehsalına nail olunmuşdu. SSRİ-nin dağılmasından sonra respublikanın müstəqil dövlət kimi qarşısında duran problemlərin fonunda bəzi sahələr kimi pambıqçılıq da tənəzzülə uğradı.

Mən inanıram ki, ölkə başçısının müvafiq göstəriş və tapşırıqlarından sonra Azərbaycan “ağ qızıl”ın əvvəlki şöhrətini özünə qaytaracaq.

Bütün bunlar üçünsə ilk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin olunmalıdır. Hər kəs işinə məsuliyyətlə yanaşmalı və vacib məqamda işi başqasına yönləndirməməlidir”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür