Modern.az

Yağış yollarda problemlər yaradıb - Vaqif Əsədovdan sürücülərə MƏSLƏHƏT

Yağış yollarda problemlər yaradıb - Vaqif Əsədovdan sürücülərə MƏSLƏHƏT

Aktual

29 Sentyabr 2016, 09:55

“Hazırda paytaxtda nəqliyyat vasitələrinin hərəkəti normal şəkildə təşkil edilib, sıxlıq, tıxac müşahidə olunmur”.

Bunu Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ( BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O deyib ki, sentyabrın 28-də normadan artıq yağış yağdığından bəzi istiqamətlər üzrə tıxaclar yaranıb və 4 yol nəqliyyat hadisəsi baş verib:

“Xüsusilə Ziya Bünyadov və Babək prospektlərində, Binəqədi, Biləcəridə, Bakı-Sumqayıt yolunda sıxlıq yaşanıb. Sıxlığın yaranmasına səbəb yağış sularının yaratdığı gölməçələrdir. Yol və metroloji şərait nəzərə alınmadığından Bakı şəhər üzrə maddi ziyanla nəticələnən 4 yol qəzası qeydə alınıb. Asfaltın yaş olması əyləcdən istifadə edərkən avtomobillərin tormoz məsafəsini uzadır və qəza şəraiti yaradır”.

 

V.Əsədov bildirib ki, bu cür hava şəraitində tormozdan istifadə edilməməlidir:

“Avtomobil sürətlər qutusunun hesabına hərəkətə gətirilməlidir. Sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanmalıdır, şüşəsilənin işlək olması, diqqətli olmaq, sükan arxasında mobil telefonla danışmaq olmaz. Ən vacibi idarə edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır”.

Polis polkovniki deyib ki, günün qaranlıq saatlarında işıqlandırma sisteminin normal səviyyədə olması vacib şərtdir:

“Amma işıqlandırmanın olub-olmamasından asılı olmayaraq sürücülərin peşəkarlığı yüksəkdirsə, bu kimi hallar baş vermir. Sürücü nəqliyyat vasitəsindəki işıqlandırmadan düzgün istifadə etməlidir.  Ümumiyyətlə hadisələrin baş verməməsi üçün yolun səviyyəsi, işıqlandırma, hərəkətin təşkili yüksək səviyyədə təşkil olunmalıdır. Biz nə qədər hərəkəti təşkil etməyə çalışsaq da, bəzi sürücülərin səriştəsizliyindən  qəzalar baş verir.

Qəzaların da baş verməsinə səbəb də yol hərəkəti qayadalarının pozulmasıdır. İstər ölkə üzrə, istərsə də Bakı şəhəri üzrə qeydə alınan qəzaların təhlilinə nəzər saldıqda, onların 99 faizinin yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasından baş verdiyi məlum olur. Əgər hadisələrin baş verməsinə səbəb 41 faiz sürət həddinin aşılması, təyin olunmayan yerlərdən keçən piyadaların vurulması hadisələrin 57 faizidirsə, sonrakı mərhələdə normal ara məsafəsinin saxlanmaması, qarşı hərəkət zolağına çıxma, təhlükəli manevr etmə faktları da var”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı