Modern.az

«İctimai Palata prezident yanında yaradılsın, məddahlar ora salınmasın…»

«İctimai Palata prezident yanında yaradılsın, məddahlar ora salınmasın…»

16 Fevral 2011, 12:30

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa: «İctimai Palataya ölkənin ictimai xadimləri, tanınmış adamlar, siyasətçilər daxil edilməlidir»

- Fazil bəy, məlum olduğu kimi, ötən ilin sonlarında bir sıra müxalifət qüvvələrin təmsilçiliyi və təsisçiliyi ilə İctimai Palata yaradılıb. Bugünlərdə isə bu Palata Azərbaycanda növbədənkənar parlament seçkilərinin və Konstitusiya islahatlarının keçirilməsi təklifilə çıxış edib. Siz, bu Palatanın yaranması, fəaliyyəti və onun məlum təkliflərini necə qiymətləndirirsiniz?
- Bilirsiniz, harada teatr binası varsa, tamaşa və yaxud səhnə orada qurulur. Teatr binasından kənarda səyyar aktyorlar gəzərək çox kiçik kütlələri əyləndirmək üçün müəyyən addımlar atır, tamaşalar verirlər. Bunun böyük effekti yoxdur, küçələrdə müəyyən dərəcədə əylənən insanlar üçün bunlar - bu əyləncələr keçicidir. Daha qalımlı bir prosesə başlamaq lazımdır…

- Konkret olaraq, nəyi nəzərdə tutursunuz?

- Əvvəla qeyd edim ki, İctimai Palata ideyasını biz hələ xeyli öncə, özü də bir neçə dəfə irəli sürmüşük. İctimai Palata dövlət səviyyəsində, Prezidentin yanında yaradıllır, bura ölkənin ictimai xadimləri, tanınmış adamları, siyasətçiləri daxil edilir və bu qurum prezidentlə cəmiyyət arasında məsafənin aradan qaldırılması, dövlət başçısının cəmiyyətlə bağlı informasiyanı birbaşa əldə etməsi üçün formalaşdırılır. Belə bir Palatanın nə qədər böyük effekt verdiyini biz Rusiyanın timsalında görürük. Rusiya kimi dövlətdə avtoritar mühit daha fərqlidir, daha ciddidir, orada buna ehtiyac duyulur. Amma çox təəssüf ki, Azərbaycan ehtiyac duyulmur. Çünki Azərbaycanda prezidentlə cəmiyyət arasında məsafənin nə qədər dərinləşməsinin müəyyən məmurların faydasına işlədiyini görürük. Bu baxımdan da, bu ideya məncə, aşağıda hansısa bir nəticəyə gətirə, gücə çevrilə biləcək bir qurum formalaşdırmayacaq. Bu ideya ətrafında belə bir Palata ancaq müəyyən qədər müxalifətdaxili çəkişmələrin əsas mənbəyinə çevriləcək, necə ki, çevrilib…

- Bunu deyərkən, siz başqa alternativ qurumların - məsələn, Respublika və Qarabağ Uğrunda Hərəkatın yenidən bərpa edilməsinə işarə edirsiniz, yoxsa?

- Bəli, onu nəzərdə tuturam. Artıq İctimai Palataya alternativ olacaq belə bir qurum yaradılmaq ərəfəsindədir. Ona görə bu qüvvələr arasında mübahisələr, qarşılıqlı ittihamlar davam edir. Məncə, Prezident yanında İctimai Palata yaradılmalı və dövlət başçısı özü bu Palataya ölkənin tanınmış, təbii ki, məddah olmayan, problemləri başa düşən və konstruktiv mövqeyi olan, yəni şəxsi problemləri, duyğuları, yaxud da hansısa qarışdırıcılıq elementləri ilə dövlət həyatında yer almaq istəyən ünsürlərdən ibarət olmayan qüvvələri cəlb etməlidir. Bu Palata vaxtaşırı müzakirələr apararaq cəmiyyətin müxtəlif sahələrində olan problemlərin gündəmə gətirilməsi, bu istiqamətdə tədbirlər planının hazırlanması üçün işlər görməlidir. Yəni, İctimai Palata ideyasının dövlət hakimiyyətinə köçürülməsi vacibdir. O zaman daha effektli bir Palata Azərbaycan cəmiyyətində modelə çevrilə və cəmiyyətlə dövlət arasında mənafeni azalda, müəyyən dərəcədə münasibətləri yumşalda, islahatlara təkan verə bilər. Təbii ki, belə bir qurumu yaratmaq da həmin insanların haqqıdır, onların belə bir qurum yaratmaq hüququ var. Bəzən deyirlər ki, onlar heç bir təklif, layihə verə bilməz, buna görə cəzalandırılacaqlar və sair. Mən bu fikirlərə də qatılmıram. Onların, eləcə də hər bir vətəndaşın Konstitusiya ilə bağlı təşəbbüs qaldırmaq hüququ var, heç kim buna müdaxilə edə bilməz. Amma mən real siyasətlə məşğul olduğuma, həyata, proseslərə daha realist yanaşdığıma görə, öz tərəfdarlarını çıxılmaza aparmağın, qeyri-müəyyən istiqamətə yönləndirməyin tərəfdarı da deyiləm. Odur ki, bu insanlar hər halda Azərbaycanın insanlarıdır, istəmirəm ki, illüziyalarla insanlar ömürlərini, vaxtlarını boşuna sərf etsinlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi