Modern.az

Şəhid sayılmayır

Şəhid sayılmayır

Ədəbi̇yyat

29 Sentyabr 2016, 10:12

Qabil



Şəhid sayılmayır

Gün vuran əsgər,

Şəhid sayılmayır

Don vuran əsgər.

Şəhid sayılmayır –

Qoy hamı bilsin!

Qoy gül balaların

Anası ölsün!

 

Məgər kef-damaqda

Gün vurdu onu?

Məgər qarlı dağda

Don vurdu onu?

Məgər turist idi,

Nəydi bu uşaq, –

İşi dağı-daşı

Boş-boş dolanmaq?!

 

Şəhidlik zirvəsi

Qanlı döyüşdə –

Əlbəttə!

Vətən uğrundakı

Şanlı döyüşdə –

Əlbəttə!

Bəs bərkə, bəs boşa

Salan təlimlər

Çevrilib olmalı

Müdhiş zülümlər?

Dözümün həddi var –

İnsan-insandır;

Həddinsə həddini

Aşmaq yamandır.

 

Əsgər döyüşlərə

Qanadlanmalı, –

Yoxsa gün altında

Bişib yanmalı?..

 

Əsgəri Vətənə

Verir əmanət

Ata-analar.

Vətən də əsgərə

Versin zəmanət,

Versin iqtidar.

Hər zabit cənab

Qoy versin cavab.

 

Əsgərə deməyin:

– Vəfat eylədi! –

Onu gün vuranda,

Don vuranda da –

Öz şəhidliyini

İsbat eylədi.

Başına ildırım

Şaxıyanda da,

Üstünə quzğunlar

Şığıyanda da.

 

Şəhidlik qanunu

Nədən ibarət?

Torpağa, bayrağa,

Xalqa sədaqət!

Adı bir, şəkli min.

Qəhrəmanlığın

Daş-tərəzisimi,

Arşınımı var? –

Deyin! Axı deyin, –

Qəhrəmanlığın?!

 

Şəhid sayılmayır

Hər ölən əsgər,

Şəhidlik meyarı –

Döyüş və səngər.

Səngərə, döyüşə

Gedən yolları

Əsgər tabutları

Bağlayır axı;

Nakam ömürlərin

Nakam baharı

Vallah, ürəkləri

Dağlayır axı.

 

Əsgər çayda batır –

Şəhid sayılmır.

Qasırğada itir –

Şəhid sayılmır.

Əsgər özbaşına

Batmayıb axı,

Əsgər özbaşına

İtməyib axı.

 

Bəs döyüş təlimi

Döyüş deyilmi?

Düşmənin üstünə

Yürüş deyilmi?

Əsgər çimərlikdə

Boğulmayıb ki...

Hərami düzündə,

Murov dağında

Səngərsiz ölməkçin

Doğulmayıb ki...

 

Əndazə verilir

Köçkün-qaçqına

Bir əsgər təlimdə

Düşür uçquna.

– Şəhid oldu! – demir,

– Öldü! – deyirik.

– Tabutu hörmətlə

Gəldi – deyirik.

Gəldi öz evinə,

Öz ünvanına.

Ananın cırılır

Siri-sifəti,

Atanın qolları

Düşür yanına.

Ay ananız ölsün,

Adsız igidlər!

Dad-ləzzət görməyən

Sütülcə əsgər.

 

Hələ də titrəyir

Daşkəsəndəki

Əsgərlər gömülən

Torpağın təki...

Bəlkə lap hələ də

Uşaqlar diri, –

Şəhid sayılmayır

Fəqət heç biri.

Şəhid sayılmayır

Hər ölən əsgər, –

Vətən çağrışına

Hər gələn əsgər.

 

28.07.2002

 

 

 

GÜN O GÜN OLMAYACAQ...

 

Nə qədər ki,

Gic-gic şe`r yazırsan sən,

Qardaşının,

Yoldaşının,

Sirdaşının,

Soydaşının

Ayağının altını

Qazırsan sən,

Gün o gün olmayacaq!

 

Pəhləvan da bizim övlad,

Nə olar, qoy çıxarsın ad, –

Ancaq bu gün

Nə qədər ki,

Döşək üstdə,

Xalça üstdə

Güləşinlə öyünürsən, –

Nə qədər ki,

Ekrandakı

Guya müdrik

Gülməcənlə,

Əslən təlxək hırıltınla,

Gülüşünlə öyünürsən –

Gün o gün olmayacaq!

 

Nə qədər ki,

Erməninin qarasınca

Qarı kimi deyinirsən,

Nə qədər ki,

Lap xırda bir toplantıda coşub-daşır,–

Sözdə-sovda

Qəzəbdən don geyinirsən,

Boğazına güc verirsən,

Qoluna yox;

Nə qədər ki,

Millət çıxmır,

Cürət çıxmır,

Qeyrət çıxmır

Ölüm-dirim yoluna, yox,

Gün o gün olmayacaq!

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!