Modern.az

Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - FOTOLAR

Məktəbli gündəliklərində Qarabağla bağlı bağışlanılmaz səhv - FOTOLAR

29 Sentyabr 2016, 11:02

Zaman-zaman dərsliklərdəki problemlərin mətbuat tərəfindən önə çəkildiyinin şahidi olmuşuq. Düzdür, indi bu sahədə problemlər əvvəllki illərlə müqayisədə xeyli azalıb. Ancaq bu, elə spesfik bir sahədir ki, səhvə yer yoxdur və gərək səhv etməyəsən.

Modern.az-ın əməkdaşı 2016/2017-ci tədris ili üzrə I-IX sinif şagirdləri üçün çap olunmuş məktəbli kitabçalarında çox kobud və bağışlanılmaz fakt aşkarlayıb. Belə ki, həmin gündəliklərdə Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları Ermənistan tərəfindən deyil, “erməni təcavüzkaları tərəfindən işğal olunmuş ərazilərimiz” kimi qeyd olunub.


Əslində isə illərdir elə Ermənistan da Azərbaycan torpaqlarının məhz bir qrup erməni tərəfindən işğal olunduğunu iddia edir. Bununla da bir dövlət olaraq Azərbaycan torpaqlarını işğal etdiyini üzərindən atmaq istəyir. Məktəbli gündəliyində nöqsanlar bununla bitmir. Azərbaycanın xəritəsində də bağışlanılmaz səhvlər var. Xəritədə Azərbaycan ərazisi 3 rəngdə verilib. Faktiki olaraq ölkə ərazisi açıq çəhrayı rəngdə, işğal olunmuş ərazilər açıq bənövşəyi, Dağlıq Qarabağ isə tünd bənövşəyi rəngdədir.
Burada kitabça müəllifləri iddia edə bilərlər ki, xəritədə işğal edilmiş bölgələrimizi göstərmək istəyiblər.
Birincisi, yanaşma doğru deyil. Müəlliflər burada böyük xətaya yol veriblər. Bu gün bizim üçün Kəlbəcərlə Nərimanov rayonunun heç bir fərqi olmamalıdır. İstər xəritədə, istərsə də digər müstəvilərdə. Hələ onu demirik ki, müəlliflər bir az da irəli gedərək, sovet vaxtında Dağlıq Qarabağ deyilən ərazini tamam başqa rəngdə göstəriblər.
Burada daha bir sual ortaya çıxır, Xankəndi ilə Laçının xəritədə rəng fərqi hansı anlama gəlir?


Hər halda gündəlikdə o da qeyd edilib ki, hər şey Təhsil Nazirliyinin standartlarına uyğun olaraq hazırlanıb. Biz ona əminik ki, Azərbaycanın dövlət qurumlarının standartlarında torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğu var. Ona da əminik ki, müvafiq qurumlar rüsvayçılığı aradan qaldırmaq üçün şəkillərlə sizə təqdim etdiyimiz bu məktəbli gündəliklərinin satışnı qadağan edəcək, yaxud da məktəblərdə ondan istifadənin qarşısını alacaq.

Bizdən demək, yazmaq, göstərmək, yerdə qalanı dövlət qurumlarının üzərinə düşür. Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin də reaksiyasını gözləyirik.




Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub