Modern.az

OPEK-in neft razılaşması - BAHALAŞACAQ 

OPEK-in neft razılaşması - BAHALAŞACAQ 

29 Sentyabr 2016, 11:24

Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən OPEK uzun sürən müzakirələrdən sonra hasilatın gündəlik 32.5-33.0 milyon barel intervalında dondurulması barədə anlaşa bildi.

 

Modern.az xəbər verir ki, bu barədə şərh verən iqtisadçı Vüqar Bayramov deyib ki, OPEK-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi:

“Fevral ayından bəri ilk dəfə olaraq neftin qiymətində gündəlik 6.5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək vahid mövqe nümayiş etdirə bildilər”.

 

Son anlaşma neft bazarına necə təsir göstərəcək?

 

V.Bayramov bildirib ki, əslində, bu anlaşma qlobal neft hasilatının azaldılması deyil, istehsalın tənzimlənməsi kimi xarakterizə edilir:

“Belə ki, OPEC mövcud hasilat səviyyəsində məhdudlaşdırma tətbiq edəcək. Təbii ki, bu gələcəkdə hasilatın artırılmasının qarşısının alınması baxımdan OPEK üçün vacibdir. Eyni zamanda bazar iştirakçılarına mesajdır.

 

Bu baxımdan anlaşma artıq bazara təsir göstərib və qiymət artımları müşahidə edilir. Amma sözsüz OPEK-in bazara çıxartdığı neftin həcmində azalma yoxdur və bu da gözlənilmir. Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılıb. Aydındır ki, OPEK bu anlaşması ilə daha yüksək qiymətlərə ümid edir. Ən azı, potensial qiymət azalmalarından sığortalamağa çalışır.

Amma yaxın zamanlarda nə OPEK-də, nə də OPEK-dən kənarda qiymətin kəskin yüksəcələyinə inanların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzuolunan səviyyədə stabilləşdirilməsi OPEK üçün əsas hədəfdir”.

 

Ekspert deyib ki, burada qeyri-OPEK ölkələrinin də mövqeyi vacibdir:

“Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barel artıraraq 11.1 milyon barelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yönəldilən Kaşaqan yatağı artıq istifadəyə verilməkdədir. Neftin 1 barelinin qiyməti 55 dollara çatacağı halda isə ABŞ və Kanadada şist neft hasilatçıları yenidən bazarda aktivləşəcəklər. ABŞ isə hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu isə o deməkdir ki, OPEK-in anlaşması ilə yanaşı təşkilata üzv olmayan ölkələrin də davranışı çox önəmli olacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEK ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi OPEK-ə üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik heç də kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır”.

 

V.Bayramovun sözlərinə görə, Azərbaycan üçün stabil neftin qiyməti dövlət gəlirlərinin və eləcə də ölkəyə daxil olan valyutanın həcminin stabilləşməsi baxımdan vacibdir:

“Gələcəkdə qiymət artımları baş verərsə, bu, ölkəmizə daha çox neft dollarlarının daxil olmasına imkan verəcək. Amma son 2 ilin təcrübəsi göstərir ki, stabil və ya artan qiymətlər istənilən zaman enişlə müşahidə edilə bilər. Çünki qlobal təklifə və hətta tələbə sadəcə iqtisadi deyil, eyni zamanda siyasi faktorlar da təsir göstərir”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır