Modern.az

Şeyxin qardaşı referendumdan sonra dəyişikliklər olacağı anonsunu verdi

Şeyxin qardaşı referendumdan sonra dəyişikliklər olacağı anonsunu verdi

29 Sentyabr 2016, 12:13

 

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən  referendumdan sonra hər kəsi bir sual maraqlandırır.

 

Ölkədə dəyişikliklər əsasən hansı sahələrlə bağlı olacaq?

 

Milli Məclisin deputatı Cavanşir Paşazadə Modern.az-a açıqlamasında bəzi dəyişikliklərin olacağından söz açıb.

 

“Əvvəla, sentyabrın 26-na təyin olunan referendum çox uğurla başa çatdı. Həmçinin, Konstitusiyaya edilən dəyişiklik zərurətdən yaranıb. Zərurət də odur ki, Azərbaycan inkişaf edir. Bir neçə il bundan qabaq da Konstitusiyaya dəyişikliklər olmuşdu. Bu gün də o dəyişikliyə ehtiyac var.

 

Eyni zamanda, referendumdan sonra bəzi dəyişikliklər olacaq. Bu dəyişikliklər xalqın əhval-ruhiyyəsinə,  iş yerlərinin sayının artırılmasına, iqtisadiyyat sahəsinə  müsbət təsirini göstərəcək. Məsələn, prezidentin pambıqçılıq sahəsi ilə bağlı verdiyi tapşırıqlar və görülən işlər göz önündədir. Pambıqçılıq sahəsində belə bir iş var ki, kənd təsərrüfatında hər hektar torpaq sahəsi bir nəfərin iş yeri deməkdir. Bu da regionlardan iş ardınca paytaxta üz tutanların qarşısını alacaq. Ona görə də torpaq sahəsində islahatların aparılması uğurlu addımdır. Çünki torpaq, kənd mühitində yaşayan insanların daimi yaşayış və daimi qazanc yeridir.

 

Hətta, kənd yerlərində bəzi insanlar hektarlarla torpaq sahələrini alıb ondan planlı şəkildə istifadə etmirsə, bununla bağlı tədbir görülməlidir. Torpaqla bağlı dəyişiklikdə bunlar öz əksini tapıb”.

 

Deputat referendumdan sonra ciddi kadr dəyişikliklərinin olacağı ilə bağlı fikirləri də şərh edib.

 

“Referendumdan sonra kadr dəyişiklikləri cənab prezidentin səlahiyyətində olan məsələlərdir. Biz dəqiq deyə bilmərik ki, bu dəyişikliklər olacaq, yoxsa, olmayacaq. Əgər, prezident kadr dəyişikliyi edərsə, bu, dövlətimizə müsbət təsir göstərəcək. Əgər,  hansısa sahədə kadr dəyişikliyinə ehtiyac varsa, bu, öz həllini tapacaq. Hələ ki, prezidentin son çıxışlarında kadr məsələləri ilə bağlı dəyişiklik olacağına rast gəlməmişəm.

 

Təbii ki, cənab prezident “bəzi islahatlarla bağlı tədbirlər görüləcək” fikirlərini səsləndirib. Ola bilər ki, bu dəyişiklik  kənd təsərrüfatı sahəsində aparılsın. Kadr məsələlərində də ola bilər. Hətta, nazirlərin, icra strukturlarının  iş bölgüsünə də şamil oluna bilər.

 

Referendumda prezidentə göstərdiyimiz inamı digər sahələrdə də göstərəcəyik. İrəli  sürdüyü fikirləri dəstəkləyəcəyik. Bütün bu dəyişikliklər xalqımızın əhval-ruhiyyəsinin daha da yüksəlməsinə  xidmət edəcək”.

 

Qeyd edək ki, Cavanşir Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qardaşıdır.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi