Modern.az

Yağışa görə... Allaha məktub

Yağışa görə... Allaha məktub

29 Sentyabr 2016, 13:36

Akif Cabbarlı

“Olur , olur, belə işlər də olur” silsiləsindən

 - İlin-günün bu vaxtında yaxın qohumlarından birinin qaynanası  lap Ginnesin Rekordlar Kitabına düşəsi bir hərəkəti ilə hamımızı heyrətləndirdi. Arvad açıqlanması lazım bilinməyən probleminin həlli üçün birbaşa Yaradana müraciət edib. Özü də yazılı şəkildə. Cənab Haqqa ünvanlanan məktub isə yaxın adam vasitəsi ilə Səudiyyə Ərəbistanına yola salınıb. Güman olunur ki, Məkkədə məktuba baxılacaq və sonra yerinə çatdırılacaq.

 

 Qələm dostlarımdan birinin söylədiklərini əvvəlcə zarafat sandım. Amma bircə oğlunun canına and içdiyindən yarı zor, yarı xoş inanmalı oldum. Təfərruatını isə soruşmadım. Fikirləşdim ki, nə mənası, adam çıxış yolunu Ulu Yaradana məktub yazmaqda görür, daha bu məsələnin müzakirəsinə nə ehtiyac var axı...

 

 Son iki gündə Yaşıltəpəyə güclü leysan yağışlarının düşməsi mənə dostumun danışdığı əhvalatı xatırlatdı. İlahi, qısa fasiləllərlə yağan yağış küçələri, məhəllələri nə günə qoydu. Maşınlara boy verməyən, lap güclü dağ sellərinə bənzəyən yağış suyu insanları vahiməyə saldı, ciddi problemlərlə üz-üzə qoydu. Yastı Məhəllədə rast gəlinən mənzərələr ürəkləri ağrıtdı. “Əlillərin dükanları” kimi tanınan ticarət sırası qap-qara lilin içində itib batmışdı. Əllərində lapatka, vedrə və süpürgə olan binəva satıcılar, mağaza yiyələri qan-tərin içində dükanlarını təmizləyir, yağış suyundan xarab olmuş mallarını səki boyu düzüb payız günəşinin zəif şuaları ilə qurutmağa çalışırdılar. Allah bilir onlara nə qədər maddi ziyan da dəymişdi...

 

 Yastı Məhəllənin sakinlərinə və qonaqlarına öz həlim, mehriban davranışları ilə məhrəm olan itlərdə tanınmaz hala düşmüşdülər. Görünür bir tikə çörək, parçalanmış sümük dalınca ora-bura dazıyarkən güclü yağışın gətirdiyi zir-zibilə, lilə bulaşmışdılar  və növbəti yağışda da təmizə çıxacaqlarına ümidlərini itirmişdilər.Maşınları, həyat-bacanı nə vaxtsa yuyub abıra salmaq mümkün olsa da zavallı itlərin axarlanıb-tumarlanması yəqin ki, heç üfüqlərdə də görünmür...

 

  Bax bu danışdığım və diqqətimdən qıraqda qalan məqamlar qohumumun qaynanasının şanlı məktubunu yada salır. Əvvəllər kəndlərdə quraqlıq vaxtları yağış istəyi ilə pirlərə üz tutar, qurban kəsər, çillə çıxarardılar. İndi bilmirəm, o adətlər qalır yoxsa yox, amma əgər Yaşıltəpə Ərazi İdarəsinin rəhbəri Ağaqulu Quliyeviç su ötürücülərinin, lyukların dəyişdirilməsini, kanalizasiya şəbəkəsinin genişləndirilməsini həyata keçirmək üçün illərdir ki, heç bir addım atmırsa,küçələrin təmiri ləngiyirsə niyə də əhali yığılıb Ulu Tanrıya bir müraciət ünvanlamasın...

 

  Deyilənə görə Ağaqulu müəllim də Allah (ın) adamıdır. Bəlkə bü kişi heç olmasa onu bu dünyaya gətirən, əlini pula,... kresloya çatdıranı eşidə, hə?!...

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi