Modern.az

İqtidar-müxalifət görüşündən nə xəbər var?

İqtidar-müxalifət görüşündən nə xəbər var?

29 Sentyabr 2016, 15:59

 

Çoxdandır ki, iqtidar-müxalifət dialoqu baş tutmur. Referendumdan öncə, siyasilərin bir araya gəlib belə bir görüş keçirəcəkləri söylənsə də, tam olaraq bu, həyata keçmədi. Artıq referendum da başa çatıb.

Bəs, yaxın zamanlarda iqtidar-müxalifət nümayəndələri eyni masa ətrafında fikir mübadiləsi aparmağı düşünürmü?

 

Modern.az saytı bir neçə partiyanın mövqeyini öyrənməyə çalışıb.

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP)  sədri  Mirmahmud Mirəlioğlu belə bir dialoqun nə zamansa baş tutacağı barədə iqtidarın məlumatlı olduğunu deyib.

 

“Yaxın zamanlarda iqtidar-müxalifət dialoqunun baş tutmasına inanmıram.  Belə bir dialoqun baş tutacağı barədə iqtidar məlumatlı olar. Müxalifət hardan bilsin?!”

 

Ümid partiyasının sədri İqbal Ağazadə bildirib ki,  dialoqla bağlı edilən dəvəti dəyərləndirəcək.

 

“Hələ ki, siyasi dialoq üçün predmet yoxdur. Dialoqun baş tutması üçün predmet olmalıdır. Hansısa məsələ ətrafında danışıqlar aparmaq üçün bu vacibdir. Eyni zamanda, bu dialoqu iqtidar təşkil etməlidir, müxalifət yox. Hər halda, belə bir təklif gələrsə, dəyərləndirib iştirak edəcəyik”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu iqtidar-müxalifət dialoqunun baş tutacağına inanmadığını deyib.

 

“Belə bir görüşün baş tutacağını gözləmirəm. Çünki referendumdan qabaq belə bir dialoq baş tutmayıb. Belə bir dialoq baş tutsaydı, bir yerdə oturardıq, nələrisə müzakirə edərdik.

Həm də müxalifətlə dialoqun baş tutması nə dəyişiklik yaradacaq ki? Nə bizim tərəfdən, nə də müxalifət tərəfdən  dialoqa getməyə həvəs var. Ona görə də iqtidar-müxalifət dialoqundan söhbət belə gedə bilməz”.

 

Qeyd edək ki, 2015-ci ildə bir neçə dəfə iqtidar-müxalifət görüşü keçirilib.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir