Modern.az

Qazandıqlarımız və itirdiklərimiz - 25

Qazandıqlarımız və itirdiklərimiz - 25

29 Sentyabr 2016, 16:47

 

70 il sovetlərin tərkibində əzilən xalqlar arasında biz də olmuşuq. Azərbaycan vətəndaşı kimi deyil, sovet vətəndaşı kimi tanınmışıq.

 

 

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi bərpa etmişik. Gələn ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik.

 

 

Bir millət, xalq üçün müstəqillikdən şirin nemət ola bilməz.

 

Bəs, cəmiyyətimizdə bu 25 il necə dəyərləndirilir?

 

Azad Demokratlar Partiyasının sədri, “istiqlalçı deputat” Sülhəddin Əkbər Modern.az-a açıqlamasında ötən 25 ildə qazadıqlarımızı və itirdiklərimizi şərh edib.

 

“Təəssüf ki, Azərbaycanın müstəqilliyi elan olunandan sonra siyasi inkişafda ciddi problemlərlə üzləşdi. Rusiyanın dəstəyi ilə Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarının bir hissəsini işğal etməsi və bu günə qədər də işğal altında saxlaması Azərbaycanın siyasi inkişafına ciddi zərbə vurdu. 1993-cü ilin 4 iyununda  Azərbaycanda xaricin dəstəyi ilə hərbi qiyamın baş tutması və ilk demokratik milli hakimiyyətin devrilməsindən sonra  ölkənin daxili-siyasi inkişafı  tamamilə əks istiqamətə yönəldi”.

Partiya sədri Azərbaycanın ötən 25 il ərzində əldə etdiyi qazancından da söz açıb.

“Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə etdi. Dövlət olaraq müstəqilliyini qoruyub saxlaya bilməsi Azərbaycanın başlıca qazancıdır.

Digər tərəfdən, Azərbaycanın müdafiəsi təmin edilməyib. Torpaqlarımızın bu günə qədər işğal altında qalması da bizim ən böyük itkimizdir. 1994-cü ilin mayında atəşkəsin əldə olunması Azərbaycanın itkilərinin qarşısını aldı. Sadəcə, Azərbaycan itirdiklərini bu günə qədər geri ala bilməyib. Nəinki Dağlıq Qarabağı, ətrafındakı 7 rayonu da itirmişik”.

 

Ölkənin müdafiə sahəsi

 

Sülhəddin Əkbər, ötən 25 il ərzində  ölkənin hərbi sahəsində baş verənlərə də toxunub.

“Düzdür, ordu quruculuğunda irəliləyişlər var. Digər müsbət tərəf hərbi sənaye kompleksinin yaradılmasıdır. Eyni zamanda, müasir texnologiya əsasında qabaqcıl silah növlərinin alınması ətrafında atılan addımları müsbət qiymətləndirirəm.

İsrail,  Pakistan, Türkiyə ilə aparılan hərbi əlaqələrin inkişafını da yüksək qiymətləndirirəm. Amma, Azərbaycanın NATO ilə əlaqələrinin geridə dayandığını düşünürəm”.

 

İqtisadi sahə

 

Partiya sədri, bu sahədən danışarkən, ölkədəki maliyyə böhranına da diqqət çəkib.

“Azərbaycana neft gəlirlərinin gəlməsinə baxmayaraq səmərəsiz xərclənib. Xüsusilə, 2014-cü ildən sonra ölkənin iqtisadi problemlə üzləşməsi bir sıra çətinliklər yaratdı. Ölkəyə neft gəlirlərinin gəldiyi bir vaxtda qeyri-neft sektorunun inkişaf etdirilməməsi yaxşı hal deyil.

 

Bu illərdə nəqliyyat sahəsində atılan bütün strateji addımları müsbət qiymətləndirirəm. Neft-qaz kəmərlərinin çəkilməsi, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi şimal-cənub dəmir yolu layihələrini müsbət qiymətləndirirəm. Sosial inkişafa gəldikdə isə bu sahədə formal olaraq addımlar atılır. Ölkənin iqtisadi-inkişafı lazımi səviyyədə olmadığına görə bu da gözə görünmür”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi