Modern.az

Yaponiya Parlamentində Azərbaycan müzakirələri

Yaponiya Parlamentində Azərbaycan müzakirələri

Aktual

30 Sentyabr 2016, 10:56

 

Sentyabrın 29-da Yaponiyanın Parlament binasında Azərbaycanla bağlı müzakirələr keçirilib. 

Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda keçirilən tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov, Yaponiyanın Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahaşi Seiçiro, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno və AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro iştirak ediblər.

Müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçən Azərbaycanın iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulan və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Takahaşi Seiçiro cari ilin avqust ayının sonlarında Bakıya səfər etdiyini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində yerli mütəxəsislərlə görüşlər keçirdiklərini vurğulayıb. 

O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynayıb: “Hazırda prezident İlham Əliyev tərəfindən bu siyasətinin uğurla davam etdirilməsi və daha da inkişaf etdirilməsi göz qabağındadır. Azərbaycan post-sovet məkanında və öz regionunda lider bir dövlətə çevrilib”.

 

XİN rəsmisi sentyabrın 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökümətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd edib. O referendumun nəticələrinin Azərbaycanın siyasi və iqtisadi sisteminin daha da stabil olmasına böyük töhvələr verəcəyini vurğulayıb.

 

Asako Ueno isə bildirib ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası, onun siyasi-iqtisadi stabilliyi haqqında müsbət rəy formalaşıb: “Bu günə qədər Yaponiya höküməti Bakıda yerləşən səfirlik, JİCA və JETRO vasitəsilə Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrində bir çox uğurlu layihələrə imza atıb. Bütün bunların nəticəsində Azərbaycanla Yaponiya arasında biznes əlaqələri gözə çarpacaq dərəcədə inkişaf edib”.

 

Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı qeyd edib ki, statistik göstəricilər baxımından da Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə daha çox bel bağlanılan bir tərəfdaşa çevrilib.

AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro Azərbaycanla Yaponiyanın regionları arasında əlaqələrin qurulmasında maraqlı tərəf olduqlarını və hər iki ölkənin mədəni əlaqələrinin inkişafı üçün çalışacaqlarını bildirib. O deyib ki, siyasi və iqtisadi sahədə gözəçarpan inkişaf ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafı üçün də mükəmməl şərait formalaşdırıb.

 

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov isə Azərbaycan və Yaponiya dövlətləri arasında inkişaf etməkdə olan siyasi və iqtisadi əməkdaşlığa, hər iki sahədə artan qarşılıqlı səfərlər haqqında geniş məlumat verib.

Ə. Məmmədov xüsusilə vurğulayıb ki, Yaponiya ilə Azərbaycanı birləşdirən iki əsas amil var: “İnsan və tarix”. Həm Yaponiya, həm də Azərbaycan öz qədim tarixləri və vətənləri üçün canla başla çalışan, onu sevən vətənpərvər insanları ilə fəxr edə bilər. Azərbaycanda Yaponiya dövlətinə, insanlarına, mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Yaponiya istehsalı olan məhsullara inam yüksək səviyyədədir. 

Eyni zamanda, Azərbaycanın Yaponiyadan kənd təsərüfatı və turizm sahəsində öyrənəcəyi bir çox məsələlər var. 

Digər tərəfdən, Azərbaycan Yaponiya üçün regionda və post-sovet məkanında geosiyasi baxımdan ən etibarlı tərəfdaş rolunu oynamağa qadir dövlətdir”.

Ə. Məmmədov Yaponiyada Azərbaycan diasporasının uğurlu fəaliyyəti haqqında məlumat verərək, bu işin Yaponiyada Azərbaycan adının tanıdılmasında və Azərbaycanda Yaponiyanın təbliği məsələsində çox mühüm rol oynayacağına əminliyini ifadə edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub