Modern.az

Ermənistan baş nazirinin gizli ailə biznesi - QADIN ALT PALTARI və...

Ermənistan baş nazirinin gizli ailə biznesi - QADIN ALT PALTARI və...

30 Sentyabr 2016, 11:00

Sentyabr ayı Ermənistanın ictimai-siyasi həyatında qalmaqallı hadisələrlə yadda qaldı. Korrupsiya və qohumbazlıqda ittiham olunan baş nazir Ovik Abramyan hökumətə yeni şəxsin başçılıq etməli olduğunu deyərək, iclasda istefa verdiyini açıqladı.

 

İxtisasça iqtisadçı olan yeni baş nazir Karen Karapetyan da sələfi Ovik Abramyan kimi bütün biznesini öz yaxın qohumlarının adına köçürüb. Ermənistan jurnalistlərinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, özünü “korrupsiyayanın kökünü kəsəcək” şəxs  kimi təqdim edən Karen Karapetyan müxtəlif yollarla və mürəkkəb maliyyə priyomları ilə çoxmilyonlu biznesini kənardan nəzarətdə saxlayır.

Karapetyanlar ailəsinin əsas rəsmi “biznes təmsilçi”si Tiqran Karapetyandır. Baş nazirin böyük oğlu olan Tiqran Yerevanda qadın alt paltarlarının satışı ilə məşğul olan “Woman`s Secret” və “Ed and Ti Partners” ASC-nin 50% səhmlərinə sahibdir.

Bundan başqa, o, Yerevanın mərkəzində 200 milyon dollarlıq “Dalma İnvest” ASC-nin xeyli hissəsinə yiyələnib.

Ermənistan baş nazirinin oğlunun “Erebuni” ticarət mərkəzində də cüzi pay sahibi olduğu bildirilir. Amma ola bilsin ki, Virciniya adalarındakı ofşor zonada qeydiyyatdan keçmiş və həmən ticarət mərkəzinin qalan səhmlərinin məxsus olduğu “Kliff Treyd and İnvesment” şirkəti də Karapetyan ailəsinin biznes şəbəkəsinə  daxildir.

 

Yerevanın Razdan vadisində yerləşən “Florens” restoranı da Ermənistanın hökumət başçısının ailə biznesinə daxildir. Belə ki, restoranı idarə edən “Qold Rest” ASC-nin 65%-i Tiqran Karapetyana, 35%-i isə 26 yaşlı Lilit Qabrielyana məxsusdur.

Maraqlıdır ki, “Florens” adlı eyni restorandan Qarabağda da var. Belə ki, eyni adda və eyni dizaynda restoran bu gün Xankəndinin mərkəzində fəaliyyət göstərir.


Karen Karapetyanın oğlu “Bi Bi Media” reklam agentliyinin 50%-nə, “Spar Berri” gözəllik salonu və bərbərxana şəbəkəsinin 100%-nə sahibdir.

Karen Karapetyanın yaşadığı ev ünvanında “Krbedants” QSC qeydiyyatdan keçib. Burada saat istehsalı və zərgərlik məmulatlarının satışı ilə məşğul olurlar.

Həmin QSC İsveçrədə qeydiyyatdan keçmiş və bir çox ölkələrdə filialları olan beynəlxalq”Kerbedanz” saat istehsalı şirkətinin tərkib hissəsidir. Şirkətin direktoru postunu Tiqran Karapetyan tutur.

Krbedants – Karapetyan soyadının Qarabağ ləhcəsindəki yazılış formasıdır. Ermənistanın Dövlət Gəlirləri Komitəsi audit yoxlaması aparmadığı iri şirkətlər arasında “Krbedants” QSC-nin də adını daxil edib.


Bundan başqa, Ermənistan baş nazirinin biznes imperiyasına kompüter satışı və proqram təminatı satışı ilə məşğul olan “Acara 1” ASC-si daxildir.

Paralel olaraq, Karapetyanlara məxsus fəaliyyətdə olan “Acara 2” və “Acara 3” ASC-lər haqda isə internetdə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Karen Karapetyan təkcə Qarabağ və Ermənistanla kifayətlənməyib,  Rusiyada da biznes layihələri həyata keçirib. Onun Moskvada qaz stansiyalarından ibarət geniş şəbəkəsinin olduğu məlumat verilir. Rusiya biznesi haqda məlumat yaxın vaxtlarda yerləşdiriləcək.

 

Yuxarıda qeyd olunan faktlar əslən Qarabağ ermənisi olan Karen Karapetyanın ölkədə mövcud olan hərbi-oliqarx sistemin bir parçası olduğunu sərgiləyir. Eyni zamanda, baş nazir postunun eçmiədzinli Ovik Abramyanın yerinə Xankəndindən olan Karen Karapetyanla əvəzlənməsi Qarabağ klanının ölkə həyatını tam nəzarətə aldığını göstərir.

 

Vüqar İSMAYILOV 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi