Modern.az

Bir qəzəldə yatan sirr (ariflər üçün) - II HİSSƏ

Bir qəzəldə yatan sirr (ariflər üçün) - II HİSSƏ

Ədəbi̇yyat

30 Sentyabr 2016, 11:05

Mirzə Hacıyev


 Adəmin cənnətdən qovulduğu halı ilə, yəni varlıq məkanı ilə insanın müqayisəsi insan bədəninin  o bədənin içindəki ilahi ruhla müqayisəsi kimidir. ”Can ilə həm cahan mənəm”, yəni içlərindəki ruhlarla birlikdə

bütün maddi şeylərlə o maddiliklərdən oluşan varlıq məkanının cəmiyəm mən. Günəş, Ay, ulduzlar, ağaclar, daşlar  görünüşləriylə  maddiyyətdir. İnsan öz bədəni, sifəti, görünüşü ilə zatdır, şəxsdir. Mən o görünüşlərlə, o sifətlərlə birlikdə həm də onların içindəki ruham. Canlı aləmlə maddi aləmin vəhdəti ayrılıqda hər bir canlının görüntüsünün, maddi tərəfinin o canlının içindəki ruhu ilə vəhdəti misalına bənzər. Ona görə nəinki “cism ilə can mənəm”, yəni nəinki insanam, Günəşəm, Ayam, ulduzam, ağacam,daşam, eyni zamanda “can ilə  həm cahan mənəm”, yəni sidrətül-müntəha içindəki bütün maddi varlıq məkanıyam. Maddiyyat ruhsuz ölüdür, çürüyər gedər, ruh damaddiyyatsız dayanmaz, uçar gedər ilahi Ruhla qovuşar. Birlikdə isə bir maddilik kimi vardırlar, mövcuddurlar. Cəzb edən şey maddənin içindəki ruhdur, o cazibəylə hərəkət yaranar. Cism ilə can bir olmasa o hərəkət də olmaz. Ona görə nəinki ulduz, eyni zamanda o ulduzun yaratdığı hərəkət də mənəm. Yəni ”Əncüm ilə fələk mənəm”. Ayı Yerə Yerin içindəki ruh cəzb edər, Yeri Günəşə Günəşin içindəki ruh cəzb edər. Ay bu cazibəylə Yerin, Yer bu cazibəylə Günəşin ətrafında dönər. Bu hərəkət yoluna fələk deyərlər, fələk boyunca hərəkət vaxt bilmək üçün zaman ölçüsü yaradar. Ona görə nəinki dəhr, yəni dünya, eyni zamanda onun hərəkəti ilə ölçülən zaman da mənəm. Yəni ”Dəhr ilə həm zaman mənəm”. Çünki zaman deyilən şey bu maddi dünyaya məxsusdur. Maddi dünyaya məxsus hər nə varsa mənimdir. Cənnətdə isə zaman yoxdur, əbədiyyət boyunca uzanan bir sonsuz an vardır.

         Sən o səma cisimlərini ayrı-ayrılıqda görürsən, əslində isə gördüyün, sadəcə, şəkillənmələrdir. Məna onun şəklində deyil, içindədir. Hamısının içindəki ruh eynidir, Allahın məni yaratdığı zaman içimə üfürdüyü ruhun  mən  cənnətdən qovulandan sonra varlıq məkanına səpələnmiş parçalarıdır. O ruhumun hər bir parçasının hərəsi bir cür şəkillənib. Maddiyyatdan hər birisinə bir başqa don, bir başqa şəkil, bir başqa surət geyindirilib. Bir-birindən ayrı düşüblər. Bir-birlərindən ayrı düşdükləri üçün də xislətlərindəki cazibəylə bir-birlərini cəzb edərək bir-birlərinə qovuşmaq, yenə cənnətdəki kimi vahid  Adəm olmaq istəyirlər. Ruhumun səpələnmiş  parçalarına geyindirilmiş şəkillər onların bəyanıdır, görüntüsüdür. ”Zərrə mənəm, Günəş mənəm, çahar ilə pəncü-şeş mənəm. Surəti gör bəyan ilə, çünki bəyana sığmazam”. Bəyan olmasa surəti, şəkli görəmməzsən. Mən isə cənnətdən qovulandan, maddi məkana, kövnü-məkana çevriləndən sonra od-torpaq-hava-su, ağız-burun-qulaq-göz-dil, yuxarı-aşağı-ön-arxa-sağ-sol ilə birlikdəyəm, yəni cisim üstəgəl beş duyğu üstəgəl altı cəhətəm. Maddiyyat, can və məkan birliyiyəm, konkret şəklim, surətim yoxdu deyə bəyana sığmazam.

  

    Hətta ”Nar mənəm, şəcər mənəm”. Nə deməkdir? Çöllükdə bir ağacın altında yanan od Musa peyğəmbərə səslənir. O odu deyirəm. Ərəbcə “nar” oddur, “şəcər” ağac. Baxmayaraq ki, o od ilahidəndir, qeybdəndir, oddursa demək görüntüdür, şəkildir, maddidir o ağacın özü kimi. Və bir halda ki maddidir, demək, o od da, o ağac da mənəm, o odun da, o ağacın da içindəki ruh mənim cənnətdəki ruhumdandır.

        “Vəhy ilə həm mələk mənəm”. Mələk görünən deyil. Amma insan gözünə görünüb bəyan olmaq üçün  şəkillənir, müəyyən bir görkəm alır. Bəyan olan zaman, şəkillənən zaman maddidir. Vəhy mələklə gələr, peyğəmbərə bildirildiyi zaman vəhy ayə şəklində bəyan olar. Bəyan olan zaman vəhy də ayə şəklində maddidir. Bir halda ki insanın onları görməsi, eşitməsi üçün bəyan olurlar, o bəyan olduqları vaxt maddidirlər deyə vəhy də, mələk də mənəm. Amma yalnız bəyan olduqları zaman.

        Maddi aləmdə nə baş verirsə incəliklərinə qədər göylərdə hifz olunan Lövhi-Məhfuz deyilən Ana Kitabda əzəldən yazılıdır. Bütün səmavi kitablar o böyük Kitabdan endirilmişdir. Qarışqanın yem daşımasından tutmuş qalaktikaların hərəkətinə qədər hər bir şey orada yazılıdır. İlahi əmrlərdir onlar. O əmrlərin icra zamanı gəldiyində dərhal varlıq məkanında o əmrlərə uyğun proseslər baş verir. Yəni maddi aləmdəki bütün çevrilmələr, şəkillənmələr və ya şəkildəyişmələr o Ana Kitabdakı əmrlərin, ayətlərin  varlıq məkanındakı maddiləşməsidir. Əslində o ilahi əmrlər əşyanın içindəki ruha verilir, ruhun üzərini maddiyyat bürümüşdür deyə hərəkət edənin əşya olduğunu düşünürsən. Amma əşya özü hərəkət etmir, ilahidən hərəkət etdirilir içindəki ruh vasitəsilə. Bax,

maddiləşdiyi zaman bütün o ayələrdən üstünəm, çünki varlıq məkanı üçün yazılmış ayələrdən ən birincisi və ən böyüyü cənnətdən qovularkən mənə verilən “Varlıq məkanı ol”maq ayəsidir, əmridir. Yəni ”Kövnü-məkandır ayətim”. Sidrətül-müntəha içində nə varsa hamısı birlikdə mənəmsə, demək, o maddiliklərin içində və bir-birlərinin arasında baş verən nə varsa mənim içimdə baş verir deyə məndən kiçikdir. Bu səbəbdən ”Bundan uludur ayətim, ayətü-şana sığmazam”.

       İnsan bədəni varlıq tiplərindən biridir. İnsanın insandan törəyişi də varlıq məkanı içindəki kiçik şəkildəyişmə ayələrindəndir “Kövnü-məkan” ayəti ilə müqayisədə. Ona görə də necə ki, Ay, Günəş, ulduzlar mənəm, eləcə də bu insan da, o insan da, o biri insan da, bütün bəşəriyyət mənəm. İndikilər keçmişdəkilərin, gələcəkdəkilər isə indikilərin şəkildəyişmələrindən, zaman-məkan-şəraitə görə başqalaşmalarından başqa bir şey deyildir. Əgər insanları zamana, məkana və şəraitə bölmək mümkün olsaydı Yerdə yaşayan ilk insan nədirsə Qiyamət zamanı öləcək son insan da o olardı, tamamilə ona bənzərdi. Ona görə də bir vaxtlar digər bütün insanlarla yanaşı Nuh peyğəmbər də mən olmuşam, İbrahim peyğəmbər də mən olmuşam. Sonra zaman gəldi Musa peyğəmbər oldum, İsa peyğəmbər oldum, Məhəmməd peyğəmbər oldum. Və, nəhayət, ey insanlar, hamınızla birlikdə həm də “Bu gün Nəsimiyəm”. Sabah başqaları, yüz il, min il sonra başqaları olacağam ta Qiyamətə qədər.

       Həzrət Adəmin bu məkana səpələnmiş cisminin parçalarından, sadəcə, birisinin şəkillənməsidir Yer üzünün ilk insanı. Cənnətdəki ilk insan isə Allahın Özünə bənzədərək yaratdığı həzrət Adəmdir ki, sidrətül-müntəha içindəki bu maddi aləm böyüklükdədir. Biz insanlar ona bənzəmirik, ağız-burun-qulaq-göz-dil biz Yer insanları üçündür, bizi əhatə edən aləmi eşitmək, görmək, dadmaq, qoxulamaq, duymaq, bilmək üçündür. Suda yaşamış olsaydıq  balıqlardakı kimi üzgəclərimiz olardı, havada süzə bilsəydik qanadlarımız olardı, amma quruda yaşayırıq və Yer cazibəsindən çıxa bilmirik deyə hərəkət üçün ayaqlarımız var. Tikmək, qurmaq, yemək üçün əllərimiz var, yəni varlıq məkanı yaradıldıqdan sonra Yer kürəsinin qurusunda yaşamağa  uyğunlaşdırılmaqla canlı deyilən bioloji cihazlardan biri kimi düzəldilmişik. Bütün maddi aləmə göndərilən vəhyləri şüurluyuq deyə yalnızca biz almışıq, biz qəbul etmişik deyə elə bilmişik “Adəm övladı” ifadəsi yalnız bizə, bəşəriyyətə aiddir. Halbuki vəhylər bu aləmdə canlı və cansız nə varsa hamısına gəlmişdir. Qurani-Kərimdə bunu sübut edən ayə var: “ Biz əmanəti göylərə və Yerə və dağlara təklif etdik, onlar onu yüklənməkdən dərhal çəkindilər və ondan qorxuya düşdülər və onu insan qəbul etdi. Şübhə yox ki, o çox zalım və biliksiz oldu”.(Surə 33,ayə 72). Bəli, vəhyləri yalnız biz insanlar aldıq deyə elə hesab etdik ki, Yer üzündəki ilkimiz cənnətdən qovulan Adəmin özüdür və yalnız biz onun törəmələriyiksə, demək, ona bənzər adamlarıq. Biz Allahın Əsmaül-Hüsna deyilən Mübarək Adlarını görə bilmirik beş duyğumuzla. Görə də bilmərik, çünki bütün fiziki-bioloji quruluşumuz yalnızca maddi aləmə uyğunlaşdırılmışdır. Adəm isə cənnətdə görürdü o Mübarək Adları. ”Hüsnü-camalın nəqşini gördü gözlərim əzəldən. Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm”, deyir Nəsimi başqa bir qəzəlində həzrət Adəmin diliylə. Əzəldən. Nə vaxtdan? Təbii ki cənnətdə olanda. Yəni onun görünüşü, vücudu tamamilə bizimkindən fərqli olub. Allah onu Özünə bənzər yaradıbsa Allahın bənzəri olmadığı kimi, demək, onu da nəyəsə bənzədə bilmərik. Allahın Mübarək İsimlərinin qismən onda bənzəri olub, başqa hansı bənzərlikdən söhbət gedə bilər? O İsimlərdən birisi də Laməkandır. Yəni Məkansız. Bənzəri və məkanı olmayan cənnət yaradılışı, təbii ki, Yer insanının “şərhü-bəyanına”, ”zənnü-gümanına”, ”lisanına”, ”bəstə dəhanına” sığmaz. Çünki o, “Gövhərü-Laməkandır”, yəni Məkansız olan Allahın yaratdığı gövhərdir.


 
(ardı var)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir