Modern.az

40 dərəcə istidə “qış gəlsəydi, yorğana bürünüb yatardıq ” deyən də siz idiniz...

40 dərəcə istidə “qış gəlsəydi, yorğana bürünüb yatardıq ” deyən də siz idiniz...

Hadisə

30 Sentyabr 2016, 11:43

 

Əcəb zəmanəyə gəldik. Zəmanə dedim, amma zəmanəlik də deyil. Bəlkə də zəmanənin gətirdiyi texnologiyaların həyatımıza həddindən artıq təzahürüdür ki, insanlarımız bu qədər səbirsiz, aqressiv, depressiv vəziyyətə düşüb. Hətta o dərəcədə ki, təbiət hadisələrini də normal qarşılaya bilmirlər. Yəni, ay insan övladı payızdırsa, yağış yağacaq, qışdırsa qar yağacaq, yollar buz bağlayacaq. Axı 40 dərəcə istidə şikayətlənib “qış gəlsəydi, yorğana bürünüb yatardıq eyy” deyən  də siz idiniz. İndi nə oldu? Buludları da peşman edirsiniz dolub-boşalmağına...

Bəs nədir hər şeyin bu qədər hay-küylə, ajiotajla qarşılanmağının səbəbi?

 

Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Modern.az-a danışıb. O deyib ki, bu gün insanların sosial şəbəkəyə aludə olması bu kimi problemləri qabardır:

 

Sosial şəbəkələrə bağlılıq xəstəlik yaradır

 

 “Bağlılıq o dərəcədir ki, hər bir şeyi sosial şəbəkə üzərindən paylaşırlar. İstənilən hadisə barəsində təfsilatı bilməsələr belə onun haqqında fikir bildirmək məcburiyyətindəymiş kimi davranırlar.

Bəli, problem var. Dünən yağış yağdı, nəqliyyatın hərəkətində sıxlıq oldu, müəyyən yerlərdə gölməçələr yarandı və s.  Təbii, bu, ictimailəşdirilməlidir, aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Amma bəzən elə şeylər müzakirəyə çıxarılır ki, insan nə münasibət göstərəcəyini bilmir”.

 

 

“Sadəcə insanlar anlayışlı davranmaq istəmir”

 

E.Rüstəmov qeyd edir ki, əslində insanlar baş verənləri təbii qarşılaya bilər:

“ Sadəcə qarşılamaq istəmirlər. Ona görə də, yeri gəldi-gəlmədi fikir bildirir, aqressiyalarını ora tökürlər. İnsanlar adi bir şeyi belə sosial şəbəkə vasitəsilə gündəm səviyyəsinə qaldırırlar. O an ola bilər ki, insan öz eqosunu tətmin etsin. Amma nəzərə almaq lazımdır ki, belə hadisələr insanlar arasında çox böyük psixoloji gərginliyə səbəb ola bilir. İnsanlarda tənqid, təhqirə laqeydlik yaranır. Əvvəllər bəzi məsələlərdə utanmaq, çəkinmək vardı. Bu gün insanların o hissləri yox səviyyəsindədir. İctimai qınaq getdikcə öz funksiyasını itirməkdədir”.

 

Güllü kostyum geyinən kişini niyə lağa qoyduq?...

 

Ekspert bir neçə gün əvvəl güllü kostyumu ilə gündəmi zəbt edən bəydən də söz açıb:

“Bir neçə gün əvvəl güllü kostyum geyinən bir kişini ictimailəşdirdilər. Əslində tək o yox, kollektivin bir neçə əməkdaşı həmin kostyumdan geyinmişdi. Onların içərisindən bir nəfərin fotosunu ictimailəşdirib lağa qoymağa, müzakirə açmağa başladılar. Bəlli oldu ki, bu, gül mağazasının aksiyası imiş. Yaxşı, dəyərdimi bunu bu qədər ictimailəşdirməyə, insanların hisslərilə oynayıb inamsızlıq, güvənsizlik yaratmağa?

İnsanlar sabah deyəcək ki, kim mənim barəmdə nə danışır danışsın, heç vecimə deyil. Bundan böyük psixoloji zərbə olmaz. Biz ictimai dəyərlərdən, ictimai normalardan, adət-ənənələrdən danışırıq. Elə bu müzakirələrin nəticəsində də adət-ənənələr də öz tarixi əhəmiyyətini itirməyə başlayır.

Adət-ənənələr müzakirəyə çıxarıldı. Hər kəs ağlına gələni, ağzına gələni danışmağa, yazmağa, rəy bildirməyə başladı.

İndi deyirik ki, adət-ənənə əvvəlki ictimai funksiyasını yerinə yetirmir. Sual olunur: biz qoyduqmu ki, ədət-ənənə öz funksiyasını yerinə yetirsin?! Bu məqamlar çox təhlükəli, qorxuludur”.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?