Modern.az

Parlamentdə banklara və vətəndaşlara “yaşıl işıq” yandıran qanun layihəsi müzakirə edildi

Parlamentdə banklara və vətəndaşlara “yaşıl işıq” yandıran qanun layihəsi müzakirə edildi

Parlament

30 Sentyabr 2016, 17:33

Azərbaycanda kredit büroları yaradılacaq.

 

Məqsəd fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasıdır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Kredit büroları haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsi prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub:

 

“Beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. Kredit bürolarını xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, burada borclananların məlumatlarının təhlili aparılacaq. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borclananların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq. Qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər.

 

Kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək”.

 

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, kredit bürolarının yaradılmasına ehtiyac var. Bunu əsas gətirən O. Əsədov qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu vurğulayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq:

 

"Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borcgötürənin vəziyyətini qiymətləndirir.

 

Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir".

 

Sonda qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır