Modern.az

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı bərpa etdi

Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığı bərpa etdi

30 Sentyabr 2016, 17:36

Milli Məclis Avropa Parlamenti ilə yenidən əməkdaşlıq edilməsi barədə qərar qəbul edib. Modern.az-ın xəbərinə görə, qərarda bildirilir ki, Avropa Parlamentinin 2015- ci ilin sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub. Azərbaycanla Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015- ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmaması qərara alınıb.

Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.

Bu il sentyabrın 19-21 arasında Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib. Səfərin yekunlarına uyğun olaraq, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib.
Beləliklə, Avropa Parlamenti ilə əlaqələrin yenidən bərpası üçün 14 sentyabr 2015- ci il tarixli qərarın 10-cu və 11- ci maddələri qüvvədən düşüb.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!