Modern.az

4 yaşlı saytın baş redaktoru: “Heç kim bilmir ki...” - MÜSAHİBƏ

4 yaşlı saytın baş redaktoru: “Heç kim bilmir ki...” - MÜSAHİBƏ

1 Oktyabr 2016, 10:14

Bu gün Azvision.az saytının 4 yaşı tamam olur.

 

Sayt oxuculara gün ərzində müxtəlif səpkili informasiyalar, müsahibə, reportaj və analitik yazılar təqdim edir.

 

Saytın baş redaktoru Vüsal Məmmədov Modern.az-ın suallarını cavablandırıb.

 

 

 -4 il ərzində saytınızda inkişafa doğru hansı dəyişikliklər baş verib?

 

-Düzünü desək, bilmirəm. Sadəcə, nə eləməliyiksə, onu eləməyə bacardığımız qədər çalışmışıq. Başqa heç nə bilmirəm.

 

-Səhv etmirəmsə, böyük kollektivə rəhbərlik edirsiniz. Bu qədər işçini ayaqda saxlamaq üçün maliyyə məsələləri qaydasında olmalıdır. Xüsusilə, devalvasiyadan sonra ümumi vəziyyəti bilirsiniz. Maraqlıdır, bu vəziyyətlə necə yola gedirsiz?

 

-Əsas odur ki, yol var. Biz də pis-yaxşı bu yolu gedirik. Düşünürəm ki, yol olmasa, lap pis olardı.

 

-Hər halda, baş redaktor olaraq məsuliyyət də var.

 

-Əlbəttə. Bu, adamın üstünə tonlarla stress tökən məsuliyyətdir. Doğrudan, çətindir.  Özü də hərtərəfli çətindir. Bu, hər gün Sirat körpüsünün üstündən o baş-bu başa getmək kimi bir işdir. Amma, məsələ odur ki,  heç kimə çətinliyini izah edə bilməzsən. Heç kim bilmir ki, bu dörd il mənə neçə ilə başa gəlib. Allah olsaydı, bəlkə, ancaq o bilərdi. Maykl Beyin çəkdiyi "Qaya" filmində Şon Konnerinin yaratdığı bir obraz var. Adam Britaniya kəşfiyyatında necə yetişməyindən, keçdiyi yollardan danışır, axırda isə deyir: "Amma kaş ki mən ya fermer olaydım, ya da şair".

 

- Azvision.az-da çalışanların bir qisminin vaxtı ilə Modern.az-ın əməkdaşları olub. Bu, media cameəsinin də diqqətindən yayınmır. İşçilərin bu formada transfer etməsinə necə baxırsınız?

 

-Fikirlərin dolaşmasına ehtiyac yoxdur. Həqiqətən də əməkdaşlarımızın bir neçəsi oradan gəlib. İndi “Azvision” kollektivində - bütün saytlarımızda bir yerdə 40 nəfər çalışır. Bunlardan dördü - iki Anarlar, Şəhanə və Aytən Modern.az-dan gəliblər. 40 nəfərə nisbətdə 4 nəfər. Amma dördü də yaxşı jurnalist, gözəl insandırlar. Onların yetişdiyi Modern.az kollektivinə təşəkkür düşür.

 

-Kirpi.infosaytınız da var. Deyim ki, maraqlı qarşılanır. Sadəcə, bu saytda müxalifət nümayəndələrinin karikaturalarına rast gəlirik. Sanki hər şey bir rəngdədir. monotondur. Yaxın vaxtlarda karikatura mövzuları ilə bağlı yeniliklər gözlənilmir ki?

 

-Kirpi.info çox çətin proyektdir. Aqşin Yenisey olmasa, yəqin ki, bu qədər maraqlı alınmazdı. Biz orda əsasən ictimai şüurdakı naqislikləri karikatura prizmasından göstərməyə çalışırıq. Ciddi problem budur. Və bu, çətindir. Hakimiyyətlə, yaxud hansısa məmurla bağlı karikatura çəkmək qəhrəmanlıq deyil. Küçəni su basdı - Hacıbala Abutalıbova karikatura çək, hamı "layk"layacaq, sən də olacaqsan qəhrəman. Amma cəmiyyət üçün problem doğrudan da, Hacıbaladırmı? Problem doğrudan da hansısa məmurdurmu? Bəlkə problem həmin məmura vaxtilə "Bal tutan barmağını yalamalıdı" tərbiyəsini verən valideyndir? O məmur Aydan gəlməyib axı, onu bu cəmiyyət - biz yetişdirmişik. O, yaşamaq dərsini bu cəmiyyətdən alıb və elə olub. Ona görə də, bizim üçün məmur səbəb deyil, nəticədir. Halbuki, səbəbi görmək və göstərmək lazımdır.

 

Biz də Modern.az  olaraq, Azvision.az kollektivini təbrik edirik.

 

 

Namidə BİNGÖL


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir