Modern.az

Tarix İnstitutundan tənqidə CAVAB: “Onlara qibtə etmirəm”

Tarix İnstitutundan tənqidə CAVAB: “Onlara qibtə etmirəm”

1 Oktyabr 2016, 10:44

Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Dağlıq Qarabağ münaqişəsinin dünya miqyasında təbliği işində fəaliyyəti ilə bağlı dərc etdiyimiz tənqidi yazıya qarşı tərəf reaksiya verib.

İnstitutun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev Modern.az-a açıqlamasında deyib ki,  son zamanlar Cənubi Qafqazın son 3 əsrlik tarixinə dair istər dünyada, istərsə də Azərbay­canda çoxsaylı əsərlər yazılıb.

 

Onun sözlərinə görə, Azərbaycanda nəşr olunanları çıxmaq şərti ilə bu əsərlərin böyük əksəriyyəti  öz qərəzliliyi, qeyri-obyektivliyi və qeyri-elmiliyi ilə seçilir.

 

“Buna görə də onlara qibtə etmirəm. Yüz yalandan bir doğru yaxşıdır. Etiraf etmək lazımdır ki, Azərbaycan tarixçiləri tərəfindən, ermənilərdən fərqli olaraq, Qarabağ regionunun tarixinə dair xüsusi tədqiqatlara son zamanlar – müstəqillik əldə edildikdən sonra başlayıblar. Bunun da səbəblərindən  biri odur ki, əvvəllər, xüsusilə sovetlər dövründə Azərbaycan tarixçiləri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərə alaraq bu regionun tarixinə xüsusi kitab və ya məqalə həsr etməyə təşəbbüs göstərməyiblər. Erməni tədqiqatçıları isə məqsədyönlü şəkildə Dağlıq Qarabağın ermənilərə məxsus olması kimi əsassız iddialara haqq qazandırmaq üçün ciddi-cəhdlə saxtakarlıqlara əl atıb, çoxlu sayda yazılar dərc etdiriblər”.

 

Q. Hacıyev bildirib ki, bir qayda olaraq iki əsr böyük bir imperiyanın tərkibində xristian həmrəyliyindən istifadə edən ermənilərdən fərqli olaraq Azərbaycan alimləri bu barədə obyektiv şəkildə heç nə yaza bilməyib. Ya da bu tarixi səthi yazmağa məcbur ediliblər.

 

“Sirr deyil ki, müstəqiliyimizi bərpa etdikdən sonra tarixçi alimlərimiz Azərbaycanın Qarabağ regionunun tarixinə dair obyektiv əsərlər yazmağa başlayıblar. Ermənilərdən fərqli olaraq Azərbaycan alimləri faktlar və tutarlı arqumentlerlə elmi əsərlər yazıb, həm azərbaycan dilində həm də digər xalqların dillərində çap etdiriblər. Bunlar da erməni yalanlarını ifşa etməyə imkan verir. Belə ki, Azərbaycan tarixinə dair çoxlu sayda əsərlərin müəllifi Tarix İnstitutunun direktoru,Yaqub Mahmudovun çoxsaylı monoqrafiya və məqalələrində Qarabağ regionunun tarixinə dair külli miqdarda dəyərli məlumatlar verilib. Regionun obyektiv tarixi hərtərəfli şərh edilib. Yaqub Mahmudov və Kərim Şükürovun “Qarabağ: real tarix, faktlar, sənədlər” əsərində Qarabağın qədim dövrdən son zamanlara qədər siyasi tarixi tədqiq edilmiş Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dillərində dünya ictimaiyyətinə təqdim edilib.

 

Bununla bərabər mənim özümün. Qasım Hacıyevin Azərbaycan, ingilis və fransız dillərində yazılmış “Qarabağın maddi və mənəvi mədəniyyəti” monoqrafiyamda Qarabağın maddi və mənəvi mədəniyyətinin Azərbaycan xalqına məxsus olması faktlar və ciddi arqumentlərlə verilib. Faktlar illüstrativ materiallarla canlandırılıb.

 

“Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” adlı monoqrafiyam dünya şöhrətli dahi siyasi xadim, böyük şəxsiyyət - Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyi dövründə ölkəmizə qarşı yönəlmiş əsassız ərazi iddialarına həsr edilib. Erməni separatizminə, məcburən cəlb edildiyimiz Qarabağ müharibəsinin dayandırılmasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasətə həsr edilib.

 

Erməni vandallarının Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soy­qırıma həsr olunmuş “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı torpaq iddialarının nəticələridir” adlı əsərimdə isə Xocalı soyqırınının törənmə səbəb­ləri, Ermənistanın işğalçılıq siyasəti, dövlət separatizmi, erməni – rus birliyinin Xocalıda törətdikləri vəhşiliklərin siyasi nəticələri şərh  olunub”

 

Bununla yanaşı qeyd olunub ki, Q.Hacıyevin həmmüəlliflə yazdığı “Qarabağlı hərbiilər” adlı əsərdə XVIII əsrdən XX əsrin 20-ci illərinədək Qarabağ xanlığı, Çar Rusiyası və AXC ordusunda xidmət etmiş qarabağlı hərbiçilərdən bəhs edilib. Kitabda qarabağlı hərbiçilərin həyatı və döyüş yolları geniş işıqlandırılıb.

 

“Həmçinin Qarabağ tarixi şöbəsinin aparıcı elmi işçisi Nazim məmmədovun «Azərbaycan SSR-in DQMV-də ictimai-siyasi həyat, iqtisadi və mədəni inkişaf (1923-1991)» adlı əsərində Dağlıq Qarabağ bölgəsininin Sovet hakimiyyəti dövründə ümumi tarixi tədqiq edilib. Burada Azərbaycan SSR-in DQMV-də yaşayan azərbay­canlılara ögey münasibətin səbəbləri açıqlanıb, erməni siyasətçilərinin rayonda yaşayan erməni əhalisinin sosial-iqtisadi vəziyyətinin «geriliyi» tezisinin ağ yalan olduğu faktlarla sübuta yetirilib.

 

N.Məmmədovun "Azərbaycan SSR Dağlıq Qarabağ bölgəsinin şəhər və rayonlarının tarixi (XX əsrin 20-90-cı illəri)" adlı monoqrafii­yasında Dağlıq Qarabağ regionunun şəhər və rayonlarının tarixi tədqiq edilib, burada ermənilərin mənfur əməlləri də şərh olunub.

 

N.Məmmədovun «Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı, terror, deportasiya, işğal (XX yüzillik)» adlı monoqrafiyasında XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, separatizm hadisələti təhlil edilib, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, qanlı terror əməlləri izlənmiş, torpaqlarımızın işğalı, xalqımızın başına gətirilmiş faciələr, yerli  Azərbaycan xalqının öz ata-baba yurdlarından didərgin salınması kimi acı gerçəkliklər tədqiq edilib.

 

Bunlarla bərabər, Tarix İnstitutunun alimləri, həmçinin Qarabağ tarixi şöbəsinin əməkdaşları Qarabağla bağlı planlı şəkildə siyasi kompaniyalar təşkil edənlərə qarşı da öz münasibətini bildirir. Vaxtilə Rusiyanın Dağlıq Qarabağ məsələləri üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair kitabı, məqalələri və çıxışları haqqında, Ermənistan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Babken Arutyunyanın yazdıqlarına qarşı Azərbaycan tarixçilərinin münasibəti böyük rezanans doğurub”,-deyə Q. Hacıyev əlavə edib.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?