Modern.az

Bir qəlbin nəqarətsiz nəğməsi        

Bir qəlbin nəqarətsiz nəğməsi        

1 Oktyabr 2016, 13:22

Azad Müzəffərli, əməkdar jurnalist     

 

(hekayə)

 

Ay işığında xumarlanan gecənin mürgüsü sona yetməkdəydi. Gecəylə alatoranın salamlaşdığı çağdı. O da səhərin intizarındaydı.  Taleyi ona ovunmağa imkan vermirdi, ən yaxşı halda gücü yalnız təsəlliyə çatırdı.  İçini saran nigarançılıq nəfəsini kəsirdi. Elə dünən eşitdiklərindən daxili dünyası çilik-çilik olmuşdu. Qüssə az qala insanı daşa döndərər.  Bütün bunlara rəğmən həmişə olduğu kimi ümidsizliyin caynaqlarına sinə gərirdi. Zaman da ki, qətiyyən zalımlığından qalmaz, büdrəyən  kimsəyə aman verməz. İçindən var gücü ilə hayqırmaq, bəzən isə az qala Tanrıya itaətsizlik keçirdi. Səbirsizliyini boğmaq üçün səsini içindəcə muma döndərirdi. Yandığından dəli-dolu çaylar kimi qıvrılırdı, sanki sancı çəkirdi. Əsəbindən qaralmışdı, qanı ahılların qanı kimi bumbuzdu. Zülmətin içində tənhaydı.

 

Bir çətən külfətinin saya gəlməz qayğılarını təkbaşına çəkməkdən çul düşmüşdü. Bu azmış kimi,yaxınları, qohum-əqrabası, simsarları da onu o qədər əlavə problemlərlə şələləmişdilər ki, qaməti sual işarəsini andırırdı. Qayğılar xirtdəyə dirəndikcə insan sustalır, yumağa dönür. Onun bu halını ancaq dərdi dadanlar anlaya bilərdi. Yenə birtəhər duruş gətirməyə çalışırdı. Hələki tam qozbelləşməmişdi. Bəzən istər-istəməz ruhuna payız çökərdi; arzuları, xəyalları xəzana dönərdi. Belə anlarda  ruhu da, qəlbi də göz yaşı selində itib-batmamaq üçün caba göstərərdi. Göz yaşından dərdə dərman olmasa da, əlacsızlıqdan növbətisinə yer eləmək gərəkirdi.

 

Sirayətedici nitqi vardı, gözlərinin qarası da eləydi. Dilindən qopan hər bir kəlmə ilə “savaş”da olardı. Vicdanı ona bütün qapıların yaşıl işığını yandırardı. Yaxşılığından qalmamışdı. Təvazökarlığı da onu elə çulğalamışdı ki, əksər hallarda öz halal haqqından yan ötərdi.  Daxili dünyasında tez-tez tonqal çatar, kör-kötüyü, çır-çırpını, talaşaları oda yaxardı. İç dünyasındakı bulağın gözünə daim duz tökərdi. Bu qədər arılığı, duruluğu onu könülləri fəth edən “sehrbazı”a çevirmişdi. Kasıbçılıqsa əl-qolunu qandallamışdı. Buna baxmayaraq arzular okeanında yelkənsiz qayığını niyyət etdiyi adaya yönəltmək üçün çabalamaqdan hələki bezikməmişdi.

 

Səhər çimirini yenicə alan gözlərini ovxalayırdı.  Günəş təbiətin qırışığını acdıqca dördbir tərəf gəl-gəl deyirdi. Qismən də olsa ovunmaq üçün  özünü yenə də təbiətin ağuşuna verdi. Düşüncələrinin başını boş buraxdı. Gözləri  önündə fəsillər bir-birini əvəzləməkdəydi.

Torpağın bətnindən boy atan bənövşələr yazın müjdəçisi idi. Təbiətin çeşidbəçeşid nəğmələri, ətrafdakı təkrarsız mənzərələr  insanı riqqətə gətirirdi. Nədənsə, ağaclarla çox asancasına dil tapırdı. Anındaca təmas qurduğu ağacların kölgəsi və təmiz havası məlhəmiydi. Ağacların dil-dil ötdüyü də onun üçün sirr deyildi. Sözün böyük anlamında onunla ağaclar arasında əsl sevgi yaşanardı. Ən əsası, bu, birtərəfli deyildi. Qarşlıqlı sevgi isə yangını söndürən bum-buz çeşməyə bənzər. Düşüncələri pərvaz etməkdəydi. Gözləri önündə çəmənlikdə oynaşan nəvələri canlandı. Nəvələr övladlardan ona görə şirindir ki, dünyaya gətirdiklərin ağac, nəvələr isə onların meyvəsidir. Ağacın sərinliyində tamına baxılan meyvəninsə dadı damaqdan getməz. Həzz Tanrının ən əsas silahıdır, yoxsa, insan nə yeyər, nə evlənər, nə də ki, Uca Varlığın digər yaratdıqlarına maraq göstərərdi. O da imkan düşəndə, xirtdəyə kimi həzz dünyasına qapılmaqdan yorulmazdı. Təskinliyə beləcə qovuşardı.

 

Bu dəfə xəyalında yayın qızmarı canlandı. Ətraf qaynar qazanı xatırladırdı.Təbiətin xalısına od vurulmuşdu. Yazın bir-birindən üstün, nəfis tabloları sapsarı saralmışdı, bəziləri külə dönməkdəydi, otlar can üstəydi.  Saya gəlməyən məzmunsuz adamlar alaq otlarına bənzər. Tanrı alaq otlarını meyvəli və meyvəsiz ağaclardan qat-qat çox yaratdığı kimi insanların da sayını elə bu cür tənzimləyir. Sıraviləri, məzmunsuzları saya gəlməz. Onun aləmində dəyərli insanlar zirvəsindən qarı əskilməyən uca dağlara bənzər. Yandırıb-yaxan, qarsıdan yayın da əli həmin zirvələrə yetməz.  Azman qayalar, çildaşlıqlar da  dağların möhtəşəmliliyinin, vüqarının, zabitəliliyinin nişanələridir.

 

Payız təbiəti lütləmişdi. Göy üzü cadar-cadar idi, zənciyəbənzər buludlar amansız qoşunu xatırladırdı. Göz yaşlarına hakim ola bilməyən pənbə bulud topaları dərdini yerlə bölüşmək üçün hönkürdü, nə hönkürdü. Azca keçmiş yer onlarla həmdərd oldu, seli,suyu yığıb-yığışdırmaqla qurtaran deyildi. Səma soyulub, sovmalanmış  dəyirmana bənzəyirdi.

Qış bəyaz örpəyi ilə təbiətin kasadlığına pərdə çəkmişdi. Göy üzü tez-tez buludlarla yaşmaqlanırdı. Xatirələr burulğanındaydı, ruhu dünəninə dalmışdı. Çoxları elə sanır ki, görən gözlərdir. Əsla. Gözlər sadəcə baxmaq üçündür. Görənsə qəlb və əqldir. İnsanların bir-birindən fərqi də elə nə qədər daha çox uzağa boylana bilmələri ilə ölçülür. Nadir insanlar da var ki, onların heç gözə də ehtiyacı yoxdur, istənilən uzaq nöqtəyə qiyabi şəkildə nəzər sala bilirlər... Fəzadan kəlamlar yağırdı.Tanrı ilə də dil tapmağı bacarırdı. Nitq insanın əsas silahıdır. Hər kəs ağzını açan kimi elə o andaca onun müdrik, nadan, ya da ortabab olduğu bəlli olur. Az danışandı, çərənləmək şakəri deyildi, bəzən hətta dilindən çıxan sözləri saymağa barmaqları yetərliydi. Yalnız ürəyincə olan mühitdə natiqə çevrilmək fürsətini fövtə verməzdi, sözdən çələnglər hörərdi.

 

Düşüncələrinin döymədiyi qapı qalmadı. Tanrının işləklərinə də göz yetirməyi unutmurdu. Dünyada hər şey ikilidir; Tanrı da yağışı bəzən bərəkət, bəzən isə fəlakətə yol açan sel kimi tökər. Günəş də bəzən isidər, bəzən də, yandırıb külə döndərər. Küləyin məsumu ruha qida olsa da, qasırğasından aman.  İnsanın daxilində mənəvi gözəlliklə iyrənclik qonşudur. Bəzən kükrəmək, bəzən də kirimək yerinə düşür, sadəcə, məqamını düzgün tutmaq vacibdir. Həzz zəhmətlə tən gələndə bala dönər.   Hər dəfə çətinə düşəndə Göylərə can atırıq. Tanrıdan mütləq dilə, amma qətiyyən dilənmə!!! Diləyəndə Uca Varlıq yetirər, bircə, geci-tezi var. Vay o gündən ki, dilənməyi özünə rəva biləsən, yerdəkilər bir yana, ən əsası Ulu Yaradan səni heç adam saymaz, elə ömür boyu əliaçıq qalarsan!!! Valideynlərin, müəllimlərin öyrədə bilmədiklərini həyat dərslərindən götürürsən.

 

Artıq yuxusu tam qaçan təbiət Günəşə naz satırdı. Bundan təsirlənən  Günəş şahə qalxmışdı, od ələyirdi. Günorta ömrün gənclik çağlarına bənzəyər, axşama bir şey qalmadığından xəbər verər, nəzərdə tutduqlarını reallaşdırmaq üçün tələsməyə işarə edər.

 

Ovucundakı xətləri oxumağa cəhd göstərdi. Hafizəsində Sovet dövrü canlandı. O vaxtlar istər kommunisti, komsomolu, pioneri, istərsə də, bitərəf  sovet adamı ovucunda yalnız Lenin və Stalinin adından xəbər verən “L” və “S” hərflərinə bənzər cizgilərdən başqa cizgi tanımazdı. İndi isə ya əlindəki cizgiləri mənalandırmaq kimsənin ağlına gəlmir, ya da ki, insanlar ovuclarına baxmağa yadrıxıblar. Bəlkə də, bəzilərinin əzbərlədiyi, bəzilərinin isə ancaq yuxuda gördüyü cizgilər yalnız dollarınkı olduğundan buna elə bir ehtiyac yaranmır. Yəni, bu da zamanədəndir.

Həyatın ilkin ibrət dərsi sabahın sənli-sənsiz  mütləq olacağını anlamaqdır. Dünəni isə insanın güzgüsüdür. Müdriklər mahir rəssam kimi sənin dünəninə gözucu diqqət yetirib,  anındaca portretini dəqiqliyi ilə yarada bilərlər. Dünəni insanın kölgəsinə bənzər, səndən əl çəkəsi deyil. Sabahlar sənin ləpirlərinə işıq salsa da, onlar da tezliklə sənin kölgənə çevrilir. 

 

İnsan öz taleyinin mütləq ixtiyar sahibi olmağa nə qədər səy göstərsə də, gec-tez həyatının cilovunun Tanrının əlində olması həqiqəti ilə barışmaq məcburiyyətində qalır. Hər kəs, sadəcə, bəlli cızıqlar sərhədində öz istəyinin ağasıdır. Tale isə heç də hamının üzünə gülmür. Özü də, ən qəribəsi odur ki, çox vaxt yaxşıları torpaq tez bağrına basır. Ya da ki, təkcə özünün deyil, başqalarının da yükünü çəkə bilir deyə, yaxşıları, diribaşları hey yükləyirlər.  Sonda da “sağ ol” deyən ya tapıla,ya da tapılmaya.    

 

Yəqin ki, hülqumu olduğu üçün həmişə həlledici məqamda qadınların yox, kişilərin boğazındann yapışırlar. Aqillər də deyiblər ki, kişilik ondu doqquzu qaçmaq, yəni ki, yayınmaq. Di gəl, o yerdə qalan bircəcəyinin nədən ibarət olduğunu ucundan-qulağından belə bilən kimsədən hələ də soraq yoxdur.

 

Ömür qatara bənzər, amma heç də hamıya axırıncı vaqona qədər addamaq nəsib olmur. Hər bir insan taleyi nəhayətsiz okeana süzülən damlaları xatırladır, sadəcə, fərq ondadır ki, bu sevinc, yoxsa kədər yaşlarıdır. Kiminsə həyatı naşı əlindən çıxan, təsadüflərdən toxunmuş şotdama palaza, kimininsə ömrü peşəkar rəssam fırçasının məhsulu olan orijinal xalıya oxşar. Əzrayılın dəryazından da yan ötmək hələki kimsəyə nəsib olmayıb.  Əkən Tanrı, biçənsə Əzrayıldır. İş orasındadır ki, Əzrayılı xəlq eləyən də elə Tanrıdır.

 

Eyniyyətdən üzülüşmək bacarığı onun yeganə yardımçısı idi. Yaxşı bilirdi ki, rəngarənglik qatmasan, həyatın yeknəsəqliyindən qurtula bilməzsən. Beyni ideya dəyirmanına bənzəyirdi, təfəkkürü də, təxəyyülü də dayanmadan üyüdürdü.  Xüsusilə, təxəyyülü atını sağa da, sola da dördnala çapardı. Kəlləsi rəqəmsal qurğulara bənzəyirdi. İdeyaları, tapıntıları saya gəlməzdi; bəzən özü də bu qarmaqarşıqlığın içində çaş-baş qalardı. Arzuları çiçək açsın deyə, gözlərini işıqlı sabahlara dikərdi. Ölkəsinin müstəqilliyə qovuşması həyat eşqini bir qədər də pöhrələndirmişdi. Vətən, millət daxili dünyasındakı ən uca, əlyetməz zirvələrdi. Həyat adlı gəmidə hələki tam yerini tapa bilməsə də, hətta, sükan arxasına keçmək ümidini də itirmirdi. İntuisiyası ona uzaqlardan xəbər verirdi, çaparlığından qalmırdı.

 

Qulağındakı cingilti onu düşüncələr aləmindən qopardı.  Fəhminin soraq verdiyi xoş müjdənin təsirindən  iç dünyasına narın-narın yağış yağmağa başladı. Duyğularına hopan bəxtiyarlıqdan sərməst olmuşdu.  Çöhrəsindən təbəssüm səpələnirdi. Qanad açmışdı, göylərdə cövlan eləyirdi,ruhu da, qəlbi də xoş nəğmələrə qərq olmuşdu.

 

Axşamüstü idi, gecənin tumurcuğu çırtlamaqdaydı. Yenə də ümidə sarılmışdı. Bayram libasını dəyişməyəcək  bir  ömür yaşamaq istəyi hələ də səngiməmişdi. Çaparların ustadı külək pəncərəsini döyəcələyirdi.  Göy üzünü görkəmcə nəhəng, amma içiboş adamlara bənzər buludlar almışdı. 

 

Gecə yatağına təzəcə girmişdi, xumarlanan gözləri qapandı, yayxandı və ətraf səsliyə qovuşdu. Azca keçmiş o da mışıl-mışıl mürgü döyürdü. Tərki-dünya olmaq çox vaxt ələdüşməz fürsətdir.

 

P.S: Bu hekayə dostum, söz və sənət dünyasına dərindən bələd olan tanınmış telejurnalist İlham Zeynallının son hekayələrimdən birinə münasibətindən qaynaqlandı.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır