Modern.az

Yanlış dərsliklər yanlış nəsil formalaşdırır - PROBLEM

Yanlış dərsliklər yanlış nəsil formalaşdırır - PROBLEM

3 Oktyabr 2016, 10:11

Bu gün az qala hər kəs orta məktəb dərsliklərində ciddi qüsurların olmağından şikayət edir. Təhsillə bağlı araşdırmaçı jurnalistlər Modern.az saytına bu barədə danışıblar.

 

“Kaspi” qəzetinin müxbiri, əməkdar jurnalist Təranə Məhərrəmova bu barədə dəfələrlə araşdırma apardığını söyləyib.

 

“Bu gün dərsliklərlə bağlı çoxlu iradlar səslənir. Mən xüsusən tarix dərslikləri ilə bağlı aparılan monitorinqin nəticələrinə həsr olunan tədbirdə iştirak edərkən bunun şahidi oldum. Bununla bağlı dəfələrlə “Kaspi”də də məqalələr yazmışam. Gəlinən nəticə odur ki, dərsliklərdə kobud səhvlər, mövzu uyğunsuzluğu mövcuddur. Şagirdlərin yaşına uyğun olmayan mövzular seçilir.

Təhsil sahəsindən çox yazdığım üçün məktəblərdə olarkən dərsliklərlə bağlı müəllimlərə ünvanladığım suallara da həmişə mənfi cavab alıram.

 

Dərsliklərdə elə bölmələr var ki, (xüsusən də 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində) həcmi çox böyükdür. Dərsliklərdən əlavə texniki vəsaitlər də var ki, şagirdlər onlara da müraciət edirlər. Onlar da yenidən işlənməlidir. Kitablar və vəsaitlər elə yazılır ki, şagirdlər onları oxuyanda başa düşmürlər. Rəqəmlərə daha çox yer verilir.

 

Dərsliklər yazılarkən bəzən elmi səhvlər də buraxılır. Yəni belə səhvlərin buraxılmaması üçün kitab bir neçə dəfə korrektə olunmalıdır. Xüsusən ekspertlər tərəfindən redaktə və korrektə olunmalı, sonra çapa buraxılmalıdır. Elmi səhvlərin olmaması üçün ekspertlər özləri mütləq savadlı olmalıdırlar. Hazırda proses birbaşa Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilsə də, yenə pərakəndəlik mövcuddur. Əlavə olaraq, belə bir faktı deyə bilərəm. İbtidai siniflərin Azərbaycan sektoru üçün yazılan “İngilis dili” dərsliyi rus dilindədir. Təsəvvür edin, şagird kitabdakı çalışmaların sözlərini rus dilində oxumalı,  Azərbaycan dilində yazmalıdır. Bu, düzgün deyil. Çünki həmin uşaqlar rus dilində oxumurlar və təbii ki, başa düşmürlər. Azərbaycan dilində “İngilis dili” dərsliyi nəşr olunduğu halda, onlara rus dilində dərsliyin paylanması başadüşülən deyil. Üstəlik, S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasında belə bir dərslik keçən il 3-cü sinfə 25 manata satılıb. Bu, anormallıqdır.

 

Çünki bu qiymətə heç ali məktəb tələbələrinə də kitab satılmır. İbtidai siniflərə dərsliyin pulsuz paylanmasının vacibliyi bir yana, “kitab Moskvadan gətirilib” deyə bu qiymətə satılıb. Bu məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığım suallara hələ də cavab almamışam. Digər tərəfdən, kitabın mətni Azərvaycan dilli siniflər üçün rus dilindədir. Belə olan halda dərsliklərin hansı keyfiyyətindən danışmaq olar?!”

 

 "Mövqe" qəzetinin müxbiri, əməkdar jurnalist Zülfiyyə Quliyeva da anoloji hallarla qarşılaşdığını bildirib.

 

“Dərsliklərdə ən böyük qüsur təkcə, hansısa məqamın səhv yazılması yox, ümumiyyətlə, dərsliklərin uşaqların yaşına və qavrama qabiliyyətinə uyğun yazılmamasıdır. Sanki dərsliklərimiz Dərslik Şurasında yoxlanılanda oradakı materiallara pedaqoq, psixoloq rəyi verilməyib. Yaxud da verilsə də, onların rəyi nəzərə alınmayıb.

Mənim apardığım araşdırmalar zamanı da üzə çıxdı ki, dərsliklərimizdə texniki və müəllifin qeyri-peşəkarlığı üzündən yaranan çoxsaylı nöqsanlar var. Bəzən elə səhv olur ki, müəllifin bir səhvi üzündən bütün şagirdlər o səhvi düz bilərək mənimsəyirlər. Belə bir söz var, "tarixə ağ əlcəklərlə girmək olmaz", yəni tarixi təhrif edərək yazmaq olmaz. Tarix, tarixdə baş verənlər necə olubsa, eləcə də təqdim edilməlidir.

Dərsliklərdə xüsusilə, ibtidai sinif şagirdlərinin “Ana dili” dərsliklərində sözün yazılışı ilə deyilişi arasındakı fərqə əməl olunmur. Elə sözlər var ki, deyildiyi kimi yazılmadığı halda, müəllif o sözü mətndə deyiliş formasında yazır. Şagirdlərin çoxu görərək yadda saxladıqlarından, sabah imla yazanda onlar da eyni səhvi buraxırlar. Uşağa bu söz belə deyilir, yazılanda belə yazılmır deyəndə, cavab verir ki, kitabda mətndə də həmin söz belə yazılıb. Burdan görünür ki, müəllifin buraxdığı səhvləri uşaqlar da buraxa-buraxa gedirlər.

Bundan əlavə, “Riyaziyyat” kitabında misal və məsələlərin çox asan həlli yolunu qoyub, uşağa məsələnin çətin həllini nümunə göstərirlər. Bu cür məsələ şərti qurmaq uşaq üçün çətin olur. Dərsliklərdə elə sözlər var ki, sanki müəllif o sözləri hansısa texniki ədəbiyyatdan götürüb. Uşağın nə dilinə yatır, nə dəki, yadında qalır. Dərsliklərdə uzun və çətin yadda qalan mətnlərdən istifadə edilər. Birinci sinfin dərsliyinə xarici ədəbiyyatdan mətnlər salırlar.
Bir sözlə, dərsliklər yazılarkən  uşaqların nə fiziki, nə də zehni inkişafı nəzərə alınır. Dərsliklərdə hansısa məkanın səhv göstərilməsi, “Musiqi”  dərsliyində başqa bəstəkarın bəstəsini aidiyyatı olmayan bəstəkarla bağlı mətnə salmaq, “Texnologiya” dərsliyində alətlərin adının səhv yazılması, “Həyat bilgisi”ndə göllərin adının səhv verilməsi və sair kimi səhvlərlə də qarşılaşırıq. Amma yeni nəşr olunan dərsliklərdə səhvlərin sayı azalır. Çünki dərsliklər nəşr edilməzdən öncə ictimai müzakirəyə çıxarılır. İndiyədək çap olunan dərsliklərə baxanda isə müəllimlər özü dəhşətə gəlir ki, o dərsliyin müəllifinə ümumiyyətlə hansı pedaqoq rəy verib”.

 

İnterpress.az saytının müxbiri Gülşanə Mustafayeva da dərsliklərdəki problemlərdən danışıb.

“Mənim qardasım bu il 7-ci sinifdə oxuyur. Buna görə də dərslikləri mütəmadi olaraq izləyirəm. Birinci  problem uşaqların yaşlarının nəzərə alınmamasıdır. Bu adətən, “Riyaziyyat” fənnində olur. Həlli asan, lakin şərti çox çətin başlıqlar qoyurlar və çaşbaş qalırsan. Daha sonra kitablarda loru ifadələrdən istifadə olunur. Bununla yanaşı, gündəliklərdə  reklamlar yerləşdirilir. Maraqlıdır ki,  bu boyda ölkədə reklam etməyə yer tapmırlar”.

 

Namidə BİNGÖL

 

P.S. Problem çox ciddidir. Gələcəyimiz olan uşaqları yanlış öyrətmək, elə gələcəyimizi yanlış yönəltmək kimi bir şeydir. Odur ki, bu məsələyə aid olan şəxslərdən, qurumlardan öz işlərinə məsuliyyətlə yanaşmaları çox vacibdir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir