Modern.az

Bir qəzəldə yatan sirr (ariflər üçün) - III HİSSƏ

Bir qəzəldə yatan sirr (ariflər üçün) - III HİSSƏ

3 Oktyabr 2016, 10:16

Mirzə Hacıyev


Nəsiminin avam, cahil kütlə tərəfindən dinsiz, kafir deyə damğalanmasına səbəb olmuş “ən əl-həqq” ifadəsi həmin bu beytin olduğu qəzəldə keçir. Amma artıq o qəzəlin də, eləcə də şairin digər qəzəllərinin də həzrət Adəmin dilindən söylənmiş olduğunu nəzərə alsaq o zaman “ən əl-Həqq” ifadəsi tamam başqa məna almış olur. Nəsimidən beş yüz il əvvəl yaşamış məşhur sufi Mənsur Həllac tərəfindən deyilmiş  bu ifadə min ildən çoxdur ki, onu deyənin özünə aid edildiyi üçün bu gün də yanlış anlaşılmaqdadır. Birbaşa tərcüməsi “Haqq mənəm” demək olduğu üçün bunu deyən adamın Allahlıq iddiasında olduğu düşünülmüş, o səbəbdən kafir deyilərək edam edilmişlər; çünki “Haqq” Allahın Mübarək İsimlərindən birisidir. Amma sufilər içində bunun mənası birbaşa tərcüməsindən qat-qat dərindir; kamil sufilər Allahı zikr edərkən ilahi eşqin gücündən cuşə gəlib özlərini Allaha yaxın hiss etdikləri anlarda onlardan soruşan olanda “Sən kimsən?”, pıçıldayarmışlar “ən əl-həqq”. Yəni “Mən yoxam, Allah var”. O anlar kamilliyin zirvəsinə yetdikləri üçün fikrən, ruhən həzrət Adəm olurlarmış və  Allahın Hüsnü-Camalını görürlərmiş. Nəsimi də “ən əl-həqq” söylərkən kamilliyin zirvəsindən həzrət Adəmin diliylə söyləmiş qəzəli. Daha doğrusu, qəzəlin söyləndiyi anlar həzrət Adəm Nəsimidə təzahür etmiş sanki. Allah deyil, həzrət Adəm, cənnətdəki ilk insan Nəsimidə təzahür etmişdir. O qəzəlin ilk beytindəncə bu aşkarca vurğulanır. ”Sirri-ənəlhəqq söylərəm aləmdə, pünhan gəlmişəm. Həm həqq derəm, həqq məndədir, həm xətmü-insan gəlmişəm”. Yəni həqq deyən, həqq məndədir deyən, ”ən əl-həqq” söyləyən həzrət Adəmdir, hansı ki Nəsimi adlı insan kimi danışır Yer üzündə. Həmin o həqq deyən varlıq şairin təxəyyülündə Allah olaraq nəzərdə tutulmuş olsaydı digər beytində söylərdimi “Hüsnü-Camalın nəqşini əzəldən gördü gözlərim”? Allah Özü Öz Hüsnü-Camalını görüb Özü Özünə heyran olarmı? O Hüsnü-Camalı görən həzrət Adəm olmuşdur deyə insanlara həqiqətdən sapdıqlarını, həqiqəti olduğu kimi yalnız özünün bildiyini söyləmişdir, belə ki, heç bir insan cənnətdə onunla bərabər olmamış ki, həqiqətin necə olduğunu onun qədər dəqiq bilmiş olsun. O həqiqətin mayasında da bu durur ki, yalnız insanlar deyil, bütün maddi mövcudat həzrət Adəm cənnətdən qovularkən onun cismi ilə içindəki ilahi nur  sidrətül-müntəha içərisinə səpələnərkən  meydana gəlmişdir. Allah Öz Sözünü bütün külli-mövcudata desə də yalnız insanlar şüurludurlar deyə Allah onlarla danışmışdır ya birbaşa, ya mələk vasitəsilə. İnsanlar da Adəmdən törədiklərini bu səbəbdən yalnız özlərinə aid etmiş, digər bütün maddi varlıqların da Adəmdən, onun cənnətdəki halından törədiyini anlaya bilməmişlər. Bu həqiqəti bütün maddi yaradılış içindəkilərdən yalnız Adəm doğru-dürüst bildiyi üçün demiş haqq mənəm, haqq məndədir, haqq söylərəm. Haqlı, doğru-düzgün bilən mənəm yəni işin əslini. Yəni Adəmin özü təsdiq edir ki, “İnsanü-bəşərsən, ey Nəsimi”, sadəcə, kamilliyinlə mənimlə bağlı həqiqətə, haqqa qovuşmusan deyə həmin o “Həqq der haman, haman mənəm mən”. Bəs niyə özünə insanlardan,sadəcə, birisi deyil, “xətmi-insan” deyir? Bu o deməkdir ki, Nəsimidən qabaq da dilləriylə danışdığım insanlar olub bu həqiqəti bəyan etmək üçün, Nəsimi onlardan sonuncusudur, onların xitamıdır, ondan sonra heç kimsənin diliylə danışmağım olmayacaq. Müqayisə üçün deyim ki, Məhəmməd peyğəmbərə qədər Yer üzünə çox peyğəmbər gəlmişdir, sonuncusu o olduğu üçün  “xətəmül-ənbiya”dır, yəni nəbilərin, peyğəmbərlərin sonuncusudur, xitamıdır, xətmidir, ondan sonra Allah daha özünə elçi, rəsul seçməyəcək. Ayələrdə dəryalar kimi sirrlər gizlənir, eləsi var bir neçə məna verir. Nəsimi o həqiqətin insanlar üçün anlaşılmaz tərəflərini Adəmin diliylə izah edir, daha doğrusu, Adəm bildirir bunu Nəsiminin diliylə insanlara və Nəsimidən sonra bir daha bildirməyəcək. Çünki Nəsimi Adəmin  dili ilə  danışan  insanların sonuncusudur, xitamıdır, xətmidir. Bütün peyğəmbərlərin bədəni bütün digər insanların bədəni kimi maddidir, yəni onlar da bəşər övladlarıdırlar. Bədənləri maddidir deyə cənnətdən qovulan Adəmin vücudundandır digər bütün maddiliklər kimi. Amma onların missiyası, peyğəmbər seçilmələri Allahdandır, Adəmdən deyil, onlar Allahın dediklərini deyirlər. Nəsiminin vücudu da Adəmin vücudundandır, amma Allahın deyil, Adəmin sözünü deyir. Bu fərq yaxşıca qavranmalıdır, yoxsa Nəsiminin qəzəlləri kimsəyə aydın olmaz, o qəzəllərdən yanlış izahlar çıxara bilərlər.      
 



Cənnətdən qovulduqdan sonra Adəmin maddi varlıq aləminə çevrilməyini bu maddi aləmdə çox sonralar yaranacaq Yer insanı heç cür anlaya bilməmişdir; bu aləmdəki Ayı, Günəşi, ulduzları, eləcə də, Yer üzünün digər canlıları olan nəbatat və heyvanatı bir tərəfə atıb belə hesab etmişdir ki, cənnətdən qovulan Adəm yalnız Yer üzünün ilk insanı olmuşdur, ona görə də Adəm yalnız insanın əcdadıdır. Nəsimi həzrət Adəmin diliylə bəşəriyyətə bu düşüncənin kökündən yanlış olduğunu hayqırır bu qəzəldə. Başa salmaq istəyir ki, ey insan, həzrət Adəmin qətiyyən sənə bənzəri yoxdur, o, sənə yox, Allaha bənzədilərək yaradılmışdır, bütün maddiliklərin,içlərindəki ruhlarla birlikdə cəmidir, sən içində ruh olan o saysız-hesabsız maddi varlıqlardan,sadəcə, birisisən. Yer üzünün ilk insanı deyil həzrət Adəm. Bütün maddi aləm, bütün bu cahan onun özüdür,sadəcə, dağılıb parçalanıb səpələnmiş halıdır. Yalnız Yer kürəsi, Ay, Günəş yox, bütün Qalaktikalar aləmi Adəmin özüdür, onun cənnətdən qovulan varlığına, içinə sığmışdır. Yer üzünün ilk insanı və ondan törəyənlər balaca bir Yer kürəsinə sığdıqları halda o bu cür milyardlarla kürələrdən oluşan cahanın özünə  sığmaz dərəcədə böyükdür. Bu cahan onun özü böyüklükdədir. Cənnətin Allaha bənzədilərək yaradılmış məkansız gövhəridir o, bu kövnü-məkana, bu varlıq məkanına necə sığsın o? Varlıq məkanı kimi böyük bir məkana sığmadığı halda sənin yaşadığın, ”bəhrəvü-kan”a, yəni su quyusuna bənzətdiyi Yer kürəsinə heç sığarmı?

Əvvəlcə Adəmin cismi yaradılıb; torpaqdan yoğrularaq “toxunduqda çanaq kimi səs çıxaran” bir hala gətirilib o cisim, yalnız bundan sonra Allah Öz Ruhundan o cismin içinə üfürərək onu canlandırıb və cənnətə salıb. Amma nə o canlılıq bizim bildiyimiz canlılıqdır, nə onun yoğrulduğu torpaq bu cahanın torpağıdır. Çünki bu cahanın torpağı Adəmin cənnətdən qovulmasından sonranın yaradılışıdır. Necə ki Adəmin əvvəl cismi yaradılıb, sonra ona Ruh üfürülüb, eləcə də o, cənnətdən qovulduğu zaman əvvəlcə varlıq  məkanı yaradılıb, sonra onun içindəki canlılar. Yoğrulduğu torpaq cənnət məkanının materialı olsa da mələklər və ilk cin olan İblis üçün konkret bir cisim kimi bəyan olmuşdur ki, onu görmüşlər. Canlandırıldığı zaman nəinki mələklər və İblis onu görmüşlər, eyni zamanda o özü də onları görmüşdür, çünki onların da cismi var o aləmdə. Heç də hər görüntü varlığın özünün birbaşa, konkret görüntüsü deyil,sadəcə, onun təzahür, bəyan formalarından biri ola bilər. Allahın Mübarək Adları kimi. Mələklərin materialı olan işıq, cinin materialı olan od isə torpaq kimi sonradan yaradılan olduğu üçün onlar Adəmə varlıq kimi görünmüşdür. Amma mələyin də,İblisin də, Adəmin də içindəki ilahidəndir. O nur  yaradılmamışdır, çünki Ruhul-Əvvəlin kiçicik bir parçasıdır. Ruhul-Əvvəl ərşi-Alidən o tərəfə bütün sonsuzluğu sarmaqdadır, Əzəli və Əbədidir. O sonsuzluq məkan deyil, Allahın içindədir. Məkan yaradılar. Sonsuzluq isə yaradılan deyildir, sonsuzluq boşluq  deyildir İlkin Ruh o boşluğu doldurmuş olsun. Nə mələk, nə İblis, nə Adəm Ərşi-Alidən ö üzə keçəmməzlər, yalnızca o sonsuzluqda Mübarək Adları görə bilərlər. O İlkin Ruh Rəbbül-Aləmindir, yəni Aləmləri Yaradandır. Cənnətlər məkanı yaradılmazdan əvvəllər sonsuzluqda yalnız və yalnız İlkin Ruh vardı. Ərşi-Ali cənnətlər məkanı yaradıldıqdan sonra o məkanın sərhəddi olmuşdur. Ondan o yana məkan anlayışı yoxdur, Laməkandır o yan, yəni Məkansızlıqdır. İlkin Ruhun cənnət məkanındakı hissəsi Rəhman Rəhimdir; yəni o da İlkin Ruhdur, amma yalnız Əqli deyil, həm də Qəlbi keyfiyyətdədir. Adəmlə Həvva cənnətin ortasındakı qadağan edilmiş ağaca toxunarkən Allahın onlara qəzəblənməsi əqli deyil, qəlbi keyfiyyətdir. Mərhəmət, qəzəb, sevinc, bağışlamaq, nifrət etmək qəlbdən gələndir. Cənnət məkanı özündəki bütün naz-nemətləri ilə  birlikdə Rəhmanın Özüdür. Daha doğrusu, o məkan sonsuzluğu bürüyən İlkin Ruhun bütününün deyil, yalnızca o İlkin Ruhun Ərşi-Ali içərisinə uzantı hissəsinin Özüdür. Müqayisəyə sığmasa da fikrim aydın olsun deyə bu bənzətmə ilə deyim ki, bizim varlıq məkanımızda da bütün maddi olan nə varsa bu məkanın cəmi ilə birlikdə həzrət Adəmin özüdür. Belə ki, can ilə həm cahandır, cism ilə də candır Adəm. Rəhman da həm Adəmin cənnətdəki cismiylə canı, həm də Adəmin özünün bütün o cənnət məkanıyla bütünlüyüdür.

O halda heç bir varlıq heçlikdən yaradılmamışdır, belə ki, sonsuzluqda Allahın nüfuz etmədiyi bir qum dənəsi qədər də boş yer yoxdur ki, orada heçlik olsun. Bu varıq məkanı Adəmin cismindən yaradılmışsa Adəm heçlikdirmi? Adəmin özü ilkin cənnət torpağından yoğrulmuşsa o torpaq heçlikdirmi? Mələklər işıqdan, cinlər dumansız alovdan yaradılmışsa o işıq, o alov heçlikdirmi? Adəm bütün cənnət məkanıyla birlikdə Rəhman Rəhimdən yaranmışsa Rəhman Rəhim heçlikdirmi? Bu da o deməkdir ki, vücudu olan heç bir şeyə “yaradılmışdır” demək doğru deyil, hər birisi özünə qədər mövcud olan materialdan düzəldilmişdir. Bizim “yaradılış” kimi anladığımız hər bir şey əslində təzahürdür, formadan formaya keçiddir, şəkillənmədir. Əgər Adəm Rəhman Rəhimin cənnətdəki təzahürlərindən birisidirsə, bu maddi məkan da Adəmin maddiləşməsidirsə, demək, bu maddi məkan Rəhman Rəhimin, sadəcə, bircə təzahürünün maddiləşməsi, şəkillənməsidir.


(ardı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir