Modern.az

Devalvasiyaya görə tələbələr universitetlərlə vidalaşırlar...

Devalvasiyaya görə tələbələr universitetlərlə vidalaşırlar...

3 Oktyabr 2016, 10:24

Devalvasiya özəl və ödənişli əsaslarla təhsil alan dövlət universitetlərindəki tələbələrə də ciddi problemlər yaradıb. Məlumata görə, ümumilikdə bu səbəbdən 2016-cı ildə 300-dən artıq tələbə universitetlərlə vidalaşmalı olub.


Bəs universitetlərdə bu barədə nə düşünürlər?


Azərbaycan Kooperasiya Universitetində
 Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bu sahədə tələbələrə edilən güzəştlərdən danışıb.

“Universitetimizdə təhsil alan tələbələrin illik təhsil haqqının ödənilməsində daim müəyən operativlik hiss olunub. Qeyd etmək lazımdır ki, universitetdə təhsil alan tələbələr əsasən, regionlardan olan və müəyyən qədər sosial vəziyyəti aşağı olan qaçqın və məcburi köçkün ailələrindən olan gənclərdir. Belə tələbələr, valideyn himayəsindən məhrum olmuş, valideynlərindən biri fiziki qüsurlu olan gənclər müvafiq ərizələrlə universitetin rektoruna müraciət edirlər. Həmin müraciətlərə əsasən, il ərzində bu kateqoriyadan olan onlarla tələbə rektor, professor Eldar Quliyevin  xüsusi əmri ilə illik təhsil haqqından ya tam azad olunurlar, ya da onlara müəyyən faizdə güzəşt tətbiq olunur. Xüsusi bir məsələni də qeyd etmək lazımdır ki, bunlarla yanaşı, universitetdə təhsil alan tələbələr üçün stimullaşdırıcı tədbirlər də həyata keçirilir ki, dərs ili ərzində bütün qiymətləri “əla” olan tələbə illik təhsil haqqından tam azad olunur və ayda 100 manat təqaüd verilir. Eyni zamanda il ərzində xüsusi ictimai-siyasi aktivlik göstərən tələbələrə də universitetin Elmi Şurasının qərarı ilə ayda 100 manat təqaüd təsis edilir. Bu ilki tələbə qəbulunda isə universitet rektorunun xüsusi əmri ilə yeni qəbul olmuş tələbələrə illik təhsil haqqında 20% güzəşt olundu. Bütün bu amilləri nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Kooperasiya Universitetində tələbələrin sosial durumlarının yaxşı olmamasına görə ali məktəbdən kənarlaşdırılma birmənalı olaraq baş verməyib. Bütün tələbələrin müraciətləri araşdırılır, həqiqəti əks etdirdiyi təqdirdə daim onlara müəyyən güzəştlər tətbiq olunur. Xaricolmalar isə imtahan kəsrləri çox olan, dərsə dəvamiyyəti demək olar ki, olmayan və təhsil haqqını illərlə ödəməyən tələbələrə tətbiq edilir. Xaric olunmazdan öncə isə dəfələrlə onun özünə və valideynlərinə məlumat verilir, rəsmi məktub göndərilir. Əgər bu tələbə təhsil almaq istəmirsə, illərlə universitet onun yadına düşmürsə, adının simvolik şəkildə universitetdə qalması mənasızdır”.

Azərbaycan Universitetinin mətbuat xidmətinin əməkdaşı isə tələbələr arasında belə halın olmadığını deyib.

“Bizim universitetdə tələbələrə güzəştlər tətbiq olunur. Hər bir tələbə təhsil haqqını hissə-hissə ödəyirlər. Devalvasiyadan sonra universitet olaraq bu qərara gəlmişik”.

Bakı Avrasiya Universitetinin elmi və təlim-tərbiyə işləri üzrə prorektoru, siyasi elmlər doktoru Gülzar İbrahimova da tələbələrin ərizə ilə müraciətlərini dəyərləndirdiklərini bildirib.

“Universitetdə həm apellyasiya komissiyasının sədri olmuşam, həm də rektorun bütün görüşlərində iştirak edirəm. Tələbələrdən bizə daxil olan ərizələrin çoxunu özüm yoxlamışam. Son vaxtlarda təhsil haqqı ilə bağlı bir neçə müraciət olub. Müraciətdən sonra təhsil haqlarının hissə-hissə ödənilməsinə qərar verilib. Amma təhsil haqqını ödəyə bilmədiyinə görə universiteti bir nəfər də olsun tərk etməyib”.

Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru  Əlövsət Əmirbəyli təhsil haqqını ödəyə bilmədiyinə  görə müraciət edən tələbənin olmadığını deyib.

“Əgər tələbənin imkanı yoxdursa,  yaxınlaşıb “mənim imkanım yoxdur, təhsilimi 6 ay, ya da, 1 ildən sonra gəlib davam etdirəcəm” deyir. Yoxsa ki, tələbənin təhsil haqqına görə xaric olması hallarına rast gəlinməyib. Həm də Boloniya sisteminin özəlliyi budur. Düzü, elə bir tələbəyə rast gəlməmişik ki, gəlib müraciət edib desin ki, “imkanım yoxdur”.

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır